"Ədəbiyyat qəzeti"ndən öz istəyimlə getdim. Normal bir
şeydir - bir vəzifəyə biri gələr, biri gedər".
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış yazar Elçin
Hüseynbəyli "Ədəbiyyat qəzeti"nin baş redaktoru vəzifəsindən istefa
verməsi barədə xəbərə aydınlıq gətirərkən deyib. Yazarın sözlərinə
görə, onun "Ədəbiyyat qəzeti"nə gəlməsi lazım idi:
"Mən "Ədəbiyyat qəzeti"nə gəlməli, qəzeti müəyyən bir səviyyəyə
qaldırmalı, sonra başqa bir vəzifəyə qayıtmalı idim. Bura gələndən
keçən 6 ay ərzində cəmi 2 hekayə yazmışam. Ancaq mən çox dinamik
yazıçıyam, 6 aya bir roman, 5 pyes, 2 hekayə yazardım. Düşünürəm
ki, yaradıcılığım geri gedir, vəzifə müvəqqətidir, yaradıcılıq
əbədi. Ona görə də sırf yaradıcılıqla məşğul olmaq üçün vəzifədən
getdim. Çalışdım ki, işlədiyim müddətdə qəzetin inkişafı üçün
hansısa yeniliklər eləyə bilim. Yaxşısı da oldu, yəqin ki,
nöqsanlar da var. Bunu hər kəs görür".
E.Hüseynbəyli gələcək işi barədə məlumatsız olduğunu deyib:
"Konkret hansı vəzifəyə gedəcəyim barədə hələ ki, məlumat
yoxdur. Hər hansı vəzifə tuta bilərəm AYB-də, o baxır rəhbərliyin
mövqeyinə. Özümün geniş planlarım var. Mən həm Qafqaz sahəsində
işləyirəm, həm İngiltərədən tutmuş müxtəlif ölkələrə qədər, çoxlu
layihələrim var. Ona görə də düşündüm ki, "Ədəbiyyat qəzeti"ndə
missiyamı bitirməliyəm və yaradıcılığımla məşğul olmalıyam".