11-18 oktyabr 2014-cü il tarixlərində Azərbaycan
Memarlıq və İnşaat Universiteti və Azərbaycan Memarlar İttifaqının
təşəbbüsü ilə buraxılış işlərinin XXIII beynəlxalq baxış –
müsabiqəsi keçirilir.
Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilat -
MOOCAO tərəfindən buraxılış işlərinin baxış – müsabiqəsinin Bakıda
keçirilməsinə XXII müsabiqənin 2013-cü ilin sentyabrında Sankt-
Peterburq şəhərində qərar verilib.
Azərbaycan Memarlıq və İnşaat Universiteti sovet illərindən
həmin təşkilatın üzvü və müsabiqənin fəal iştirakçısıdır.
Müsabiqələrə daim təqdim edilmiş Memarlıq fakültəsi tələbələrinin
buraxılış işlərinin çoxu I və II dərəcəli diplomlara layiq
görülüb.
Memarlıq məktəbləri müsabiqədə çoxsaylı nümayəndə heyətilə
təmsil olunur. Müsabiqədə 50 ali memarlıq məktəbi, eyni zamanda,
memarlıq və dizayn üzrə mütəxəssislər hazırlayan respublika
universitetləri də iştirak edir. Müsabiqə iştirakçılarının sayının
çox olması Bakının inkişafına, onun tarixi və müasir tikililərinə
olan maraqla da izah edilir. Universitetimiz həmin müsabiqəyə qonşu
Gürcüstanın və Azərbaycanın digər memarlıq məktəblərinin
qatılmasının təşəbbüsçüsü olub.
Müsabiqənin gedişi zamanı "Memarlıq təhsilində innovasiyalar"
adlı elmi konfransın və dərslik müsabiqəsinin keçirilməsi
gözlənilir. Müsabiqə rəsm sərgisi ilə də yadda qalacaq – Memarlıqda
suprematizm cərəyanının yaradıcısı Lazar Xidekelin işlərinin
sərgisi.
Müsabiqədə Rusiya, ABŞ və İtaliyadan gələn fəxri qonaqlar
iştirak edir: Universitetin uzun illər ərzində əməkdaşlıq etdiyi
Romualdo Del Bianko fondunun prezidenti Paolo Del Bianko və fondun
əməkdaşları, Rusiyanın Memarlıq və İnşaat Elmləri Akademiyasının
vitse-prezidenti prof.A.P.Kudryavtsev, ABŞ-dan Amerika Memarları
İnstitutunun prezidenti Lans Ceyn Broun və icraçı direktoru Rik
Bell, Amerikada Lazar Xidekel adına cəmiyyətin üzvləri və
b.
Keçiriləcək müsabiqə təkcə universitetdaxili tədbir kimi
dəyərləndirilməməlidir. MDB dövlətlərini təmsil edən müsabiqə
respublikamızın beynəlxalq səviyyədə tanınması üçün motivasiya da
daşıyır. Azərbaycanın iqtisadi inkişafının nümayişi, Bakının
çiçəklənməsi, dövlətimizin imicinin daha da yüksəldilməsi
istiqamətində müsabiqə böyük təsir gücünə də malik olacaqdır.
Müsabiqənin açılışında Bakı şəhəri icra hakimiyyətinin başçısı
Hacıbala Abutalıbovun, Azərbaycan Respublikasının Təhsil Naziri
M.Cabbarovun, Memarlıq və Şəhərsalma komitəsinin sədri
A.Ələsgərovun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
naziri Ə. Qarayevin, millət vəkillərinin və digər yüksək qonaqların
iştirakı gözlənilir.
Tədbir Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilir.