Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu "İlboyu bilik" proqramı çərçivəsində həyata keçirdiyi
"Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir.
Bilik Fondunun İnformasiya təminatı sektorundan Axar.az-a
verilən məlumata görə, növbəti dəfə Qubadlı şəhər Qara İlyasov
adına 1 nömrəli tam orta məktəbi ilə İsmayıllı şəhər 5 nömrəli tam
orta məktəbi arasında "Qardaşlaşma müqaviləsi"imzalanıb.
Ev sahibləri İsmayıllıda qonaq olan Qubadlı məktəblilərini
Heydər Əliyev Mərkəzində qarşılayıblar. Əvvəlcə məktəblilər Ulu
öndər Heydər Əliyevin in rayon mərkəzindəki abidəsini ziyarət
ediblər.
Mərkəzin foyesində F.Əzimov adına İsmayıllı Uşaq İncəsənət
Məktəbinin şagirdləri - Ayşə Səfərova Şopenin "Yaz nəğməsi"
əsərini, Xəyal İsmayılov isə "Heyratı" zərbi muğamını çalıblar.
Mərkəzdə şagirdlərin iştirakı ilə toplantı keçirilib. Toplantıda
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən
Ağayev və RİH başçısının müavini Sevil Əhmədova da iştirak
edib.
R.Ağayev ölkədə təhsil sahəsinə göstərilən diqqətdən danışıb.
Layihənin əhəmiyyətini qeyd edib. O, bildirib ki, "Qardaşlaşmış
məktəblər" layihəsi gənc nəslə ən böyük töhfədir.
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə
uyğun olaraq, gənc nəslə Azərbaycançılıq məfkurəsinin mahiyyətinin
çatdırılmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasını, milli-mənəvi və dini dəyərlərin təbliğini, hər bir
şagirdin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə
yiyələnməsini, şəxsiyyət kimi inkişafının təmin edilməsini,
gənclərin bilik, bacarıq və vərdişlərinin inkişafına dəstək
göstərilməsini, sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin,
Azərbaycan tarixi və mədəniyyətinin təbliğini bir şərəf borcu hesab
etdiyini deyib.
Qara İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbin
direktoru Hümbət Hümbətəliyev, İsmayıllı şəhər 5 nömrəli tam orta
məktəbin direktoru Elçin Məmmədov 2013-2014-cü tədris ilində
məktəblərin qazandığı uğurlardan danışıblar.
Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə tanış olublar, ulu
öndə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirən şəkillərə baxıblar. Burada fəaliyyət göstərən aviamodelizm,
əl işləri, rəsm dərnəkləri ilə də tanışlıq olub.
Gənclərlə söhbət zamanı Qubadlı şəhər 1 nömrəli tam orta
məktəbin şagirdi Natiq Ağayev və İsmayıllı şəhər 5 nömrəli tam orta
məktəbin şagirdi Nərmin Bədəlova layihənin onlar üçün böyük önəm
daşıdığını vurğuladılar.
Məktəblilər İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq kitabxanası
və Mədəniyyət Sarayı ilə tanış olublar.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə qardaşlaşma haqqında
müqavilə imzalanıb. Məktəbdə bilik yarışı keçirilib. Yarışda
iştirak edənlərə sertifikat verilib. Fəallığı ilə fərqlənənlərə
hədiyyələr, ən fəal şagirdə isə fotoaparat verilib. Qalib komandaya
isə kubok təqdim olunub.
Layihənin ikinci günü İsmayıllı məktəbində Qardaşlaşmış
məktəblər" guşəsi yaradılıb.