İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Mətbuat
Şurası ilə birlikdə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə
bağlı müsabiqə keçirir.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, müsabiqənin mövzusu
"Azərbaycan sənayesi yeni inkişaf mərhələsində" adlanır.
Müsabiqənin şərtlərinə gəlincə, təqdim edilən məqalələrdə,
televiziya və radio süjetlərində Azərbaycanın sənaye potensialı,
sənayenin inkişaf mərhələləri, sənayenin müxtəlif sahələrinin
inkişafı istiqamətində görülən işlər, bu sahəyə göstərilən dövlət
dəstəyi tədbirləri, yeni inkişaf mərhələsində sənaye sahəsindən
gözləntilər geniş təhlil edilməlidir.
Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici
KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək
halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya jurnalistlər
qrupu müsabiqəyə yalnız bir yazı (və ya süjet) təqdim edə
bilər.
Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap
işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az
olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan,
rus və ingilis dillərində təqdim edilə bilər.
Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət
qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır.
Materialların sonunda "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən
jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim
edilir" qeydi göstərilməlidir.
Təqdim edilmiş materiallarda plagiat aşkar edilərsə, həmin
yazılar (süjetlər) müsabiqədən kənarlaşdırılacaq.
Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi,
elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış
versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla
yaradıcılıq müsabiqəsində iştirak edən namizədin jurnalist
vəsiqəsinin surəti ilə birlikdə 1 noyabr 2014-cü il tarixinədək
İqtisadiyyat və Sənaye Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli
küç., 84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq) təqdim
edilməli, materialların elektron versiyası isə həmin tarixədək "
[email protected]" poçt ünvanına göndərilməlidir.
Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio
süjetləri İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış Komissiya
tərəfindən 10 noyabr 2014-cü il tarixinədək qiymətləndiriləcək və
müsabiqənin qalibləri müəyyən ediləcək.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq. Müsabiqə
iştirakçılarına həvəsləndirici müxafatlar da veriləcək.
Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat və Sənaye
Nazirliyinin məsul əlaqələndiricisindən almaq olar (tel: 493-88-67,
daxili: 20-45 Vüsalə Quliyeva).