Təhsil naziri Mikayıl Cabbarov son illərdə təhsil
sistemində əldə olunan irəliləyişlərdən, təhsil səviyyəsinin
artırılması üçün görülən tədbirlərdən yazıb.
Axar.az xəbər verir ki, Azərbaycan qəzetində nəşr olunan hesabat
xarakterli məqalədə aparılan islahatlardan söz açılıb. M.Cabbarov
qeyd edib ki, BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı
indeksi"nə əsasən, Azərbaycan 187 ölkə arasında 2008-ci ildəki
101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksələrək insan
potensialının yüksək inkişaf etdiyi dövlətlər qrupuna daxil olub.
Həmçinin Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə
hesabatında Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti
səviyyəsi reytinqində 148 ölkə arasında 39-cu, MDB ölkələri
arasında isə 1-ci yeri tutub.
Nazirin sözlərinə görə, bölgələrdə infrastruktur layihələrin
reallaşdırılması üçün də böyük işlər görülüb. Belə ki, son 11 ildə
3000-ə yaxın məktəb binası tikilib və əsaslı təmir olunub. Ötən
tədris ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27
ümumi təhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn
laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin
olunub.
Təhsil işçilərinin həyat səviyyəsinin yaxşıladırılmasına toxunan
nazir bu istiqamətdə bəzi işlərin görüldüyünü bildirib. Nazirin
sözlərinə görə, hazırda yeni işə başlayan müəllimin bir stavka (12
saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir.
Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək
haqqı 315 manat olacaq.
Bəzi ekspertlər isə təhsilin inkişafı ilə əlaqədar deyilən
fikirlərin şişirdilməməsinin tərəfdarıdır. "21-ci Əsr" Təhsil
Mərkəzinin rəhbəri Etibar Əliyev təhsilin səviyyəsində ciddi
irəliləyişin artıq əldə olunduğu fikri ilə razılaşmır:
"Məncə, təhsilin səviyyəsi bir neçə parametrlə, kriteriya ilə
müəyyənləşir. Məsələn 9-cu sinif və buraxılış imtahanlarının, o
cümlədən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələri,
Azərbaycanda uşaq baxçalarına cəlb olunan uşaqların faiz dərəcəsi,
məktəbəqədər və ali məktəblərdəki təhsilin səviyyəsi və s. Peşə
təhsilini də əlavə etsək, deyə bilərik ki, ümumilikdə Azərbaycanda
təhsilin inkişafından danışmaq tezdir".
Ekspertin fikrincə, indi başladılan və gələcəyə hesablanmış
addımlar nəticəsində nəsə gözləmək olar, amma qısa müddətdə
təhsilin səviyyəsinin yüksəldilməsindən danışmaq olmaz:
"Nazirimizin dediyi kimi, təhsilin inkişafı üçün bir sıra
addımlar atılıb. Əlbəttə, bu addımlar effekt verə bilər. Ancaq belə
qısa vaxt ərzində hər hansı bir effektdən söz etmək mübahisəlidir.
Məncə, addımların davamlı olmasına çalışmaq lazımdır, nəticələrin
gecikməsindən narahat olmağa isə dəyməz. Çünki təhsilin inkişafı
üçün böyük zaman lazımdır, qəbul edilən qərarların da effekti 5-10
ildən sonra özünü büruzə verir".
Azərbaycan ali məktəblərinin dünya reytinqində ən axırıncı
yerlərdə olduğunu vurğulayan ekspert islahatların daha geniş
formada aparılmasını zəruri sayır:
"Məsələn, 15 yaşlı uşaqların biliklərinin qiymətləndirilməsi
sistemində PİSA proqramı var. Bu cədvəldə Azərbaycan həmişə ən
axırda olan ölkələr sırasında yer alır. Dünyan universitetlərinin
reytinq cədvəlində ən sonuncular içərisində Azərbaycan
universitetləri də var. Mikayıl Cabbarova qədər Azərbaycanda təhsil
sistemi məzmun etibarı ilə darmadağın olmuşdu. Ümumilikdə təhsil
sisteminin bütün pillələrində geriləmə vardı. İndi yeni addımlar
atılırsa, bunu təqdir edirik, amma nəticələri haqda danışmağı
tələskənlik sayıram".