Müharibə illərində bir çox dövlət xadimlərinin övladları
ön cəbhələrdə idilər. Ancaq respublika rəhbərləri arasında yalnız
M.C.Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa
düşmənlə vuruşa yollanmışdı...
Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan
olmuşdu. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına
göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi
dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda
Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır
döyüşlərdən gəlirdi.
Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi. 1943-cü
ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol
qolundan yaralansa da, təyyarəsini ustalıqla yerə endirdi, təslim
olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi
xəstəxanaya gətirdilər... Həmin ilin fevral ayının 4-də Cahangirin
atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə
düşdü:
"Əziz ata! 2 ay yarımdır ki, mən öz yerimdə sayır, indi bu qədər
qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu,
minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgədiyi
bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki mən ən şiddətli döyüş
yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam,
Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə
baxanda necə xəcalət çəkirəm! Cavan, sağlam adam olsam da arxa
cəbhədə vaxt keçirirəm... Ata, səndən xahiş edirəm ki, mənim
cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada
bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya
qalxım... Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız
fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə
göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə
və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin".
Beləliklə, peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə
yollandı. Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül
görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin
Azərbaycan rəhbərinin oğludur.
1943-cü il iyun ayının əvvəli idi. Cahangir Bağırovun xidmət
etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist
təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan
Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti
əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz
gəldi. Qeyri-adi məharətlə bunlardan yeddisini vurub yerə saldı.
Yanacağı tükəndiyindən ölümün gözünə dik baxaraq təyyarəsini faşist
təyyarəsinə vurdu...
Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun
qəhrəmanlıqla həlak olması, onun ölümündən sonra "Lenin" ordeni ilə
təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə
yalnız iyulun 8-də respublika qəzetlərində nekroloq dərc olundu.
Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər.
Əfsuslar ki, qara haşiyədə.
1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini
təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik
M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması
xəbərini çatdırmış, səmim-qəlbdən başsağlığı vermişdi.
Ölümündən sonra "Lenin" ordeni ilə yanaşı, Sovet İttifaqı
Qəhrəmanı -Qızıl Ulduz medalı ilə də təltif olunacağını
bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid
şahinin cənazəsi öz Vətəninə - Azərbaycana göndərilir.
M.C.Bağırov cavabında demişdi:
- Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş
edirəm, "Lenin" ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin
sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından
keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda
basdırılmasına ata kimi etiraz etmirəm.
N.M.Şvernikin bu sözləri telefon danışığını tamama
yetirmişdi:
- Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar.
Ancaq ikincisi... gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya
istiqamət götürmüşdür.
Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə
təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki,
mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan
Ordusunun sərkərdəsinə "baxarıq" cavabını vermişdi. Həmin gün
sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal
qəbiristanında sinə daşında "Cahangirdən və Mir Cəfərdən yadigar"
yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı. Cahangirin
əbədiyyət beşiyini anası yırğalayacaqdı.
Bunu, şəhid oğlun atası Mir Cəfər Bağırov məsləhət
görmüşdü...