Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta
Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş
keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, Raca Almarzoginin rəhbərlik
etdiyi BVF nümayəndə heyəti ilə görüşdə Azərbaycanın
sığorta-pensiya sistemi ilə bağlı fiskal məsələlər, DSMF-nin
2014-cü il üçün büdcəsinin icrası və 2015-ci il üzrə proqnozlarla
bağlı müzakirələr aparılıb.
DSMF-nin sədri Elman Mehdiyev ötən dövr ərzində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini
vurğulayaraq qeyd edib ki, Azərbaycanda bazar iqtisadiyyatının
tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının
əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial
müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən
qurulmuşdur və iqtisadi artımla sosial xərclərin artımının
balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması
vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin
etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən
və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin
sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir
çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin
formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya
sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail
olunmuşdur. Bu gün nüfuzlu beynəlxalq qurumlar və maliyyə
institutları tərəfindən sosial islahatların Azərbaycan modelinin
tətbiqi nəticəsində əldə olunmuş üç əsas nailiyyət digər keçid
ölkələri üçün nümunə kimi qiymətləndirilir.
Bildirilib ki, bu nailiyyətlərdən birincisi, ölkənin iqtisadi
həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı
prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir.
Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə
iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta
haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi
qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun
sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya
artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara
toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla
hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən
səmərəli şəkildə qorunmasını təmin edir. Beləliklə, ölkəmizdə
iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə
uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik
modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan DSMF-nin büdcəsi
makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı
nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə
edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki
iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı,
daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi
hesabına son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial
sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon
manata çatdırılıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi
hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli
şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda,
2014-cü ildə 5 faiz nəzərdə tutulub.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas
nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm
bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik
tendensiyaların pensiya sisteminə təsirinin uğurla
tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya
sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon
800 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz
gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər
tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və
imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya
hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında
qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə
dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin
etmişdir. Bütün bunlar dünyada iqtisadi böhranın sosial
mərhələsinin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda pensiya
proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir
göstərməkdədir.
Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması
siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin
13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə
nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz
həllini tapmasıdır. Ölkədə yoxsulluq probleminin aradan
qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı
artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul
etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq
məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə
üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2
dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək
pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan
173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3
faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin
pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində
ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda
aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Bu sırada MDB-nin
minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus
165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ
dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının
minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması
(Azərbaycan 95,2 faiz, Belarus 79,8 faiz, Rusiya 70,4 faiz) xüsusi
qeyd olunmalıdır.
E.Mehdiyev həmçinin 2014-cü ilin ilk 9 ayında DSMF-nin
büdcəsinin icrası ilə bağlı məlumat verərək qeyd edib ki,
ümumilikdə bu dövr ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya
və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
9 ay ərzində Fondun gəlirləri 2152,2 milyon manat təşkil edib ki,
bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 174,2
milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq
1243,5 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya
810,6 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da
əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz və ya 100,7 milyon
manat çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri
2138,5 milyon manat olub və bunun 98,1 faizi pensiya və
müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Sonra DSMF-nin 2015-ci il üçün büdcə proqnozları barədə məlumat
verən E.Mehdiyev bildirib ki, növbəti il üzrə fondun büdcə layihəsi
hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə
ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb.
Qeyri-büdcə üzrə gəlirlərin artımı növbəti ilin büdcə layihəsində
xüsusilə hədəfə alınıb. Bu hesaba DSMF-nin 2015-ci il üçün büdcəsi
layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının
əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,8 faiz
artımı nəzərdə tutulub.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən BVF
nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanın
sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib.
Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin
əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da
səmərəli olacağını qeyd edib.
Görüşdə həmçinin BVF nümayəndə heyətinin sualları
cavablandırılıb, BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir
mübadiləsi aparılıb.