Halal zəhmətilə ucalan, Azərbaycanın mədəni və ictimai
mühitində sayılıb-seçilən, hamıya gərəlki, nüfuz sahibi, ən mötəbər
və hörmətli ziyalılarımızdan biri professor Qulu Məhərrəmlinin 60
yaşı tamam olur.
Çox adam Qulu müəllimi jurnalistika, televiziya sahəsindəki
xidmətlərinə görə tanıyır, çünki 1978-ci ildə ADU-nun Jurnalistika
fakültəsini bitirdikdən sonra taleyini Azərbaycan televiziyasına
bağlayıb və ömrünün 30 ilini bu televiziyanın inkişafına həsr edib.
Onun "Xəbərlər" və "Səhər" baş redaksiyalarına, "Müəllif
proqramları və xüsusi layihələr" departamentinə rəhbərlik etdiyi
dövrü hər kəs yaxşı xatırlayır. Gözəl nitq və efir mədəniyyəti,
davranışı, tamaşaçı ilə ünsiyyəti həmişə məni düşündürüb. O, nitq
və efir mədəniyyətimizin praktik, canlı əfsanələrindən biridir!
Televiziya insanın təkcə zahirini göstərmir, insanın bütün
niyyətini, düşüncəsini, enerjisini, əxlaqını, milli ovatını - iç
dünyasını tamaşaçıya təqdim edir. Qulu müəllim həyatın bütün
çətinliklərindən, o cümlədən televizyanın rentgen sınağından çox
uğurla keçib. Bu təqdimat deyil, bir tamaşaçının Qulu müəllimlə
bağlı o vaxtkı təəssüratlarından bir məqamdır. Ağrı-acılarla dolu,
kövrəldici bənzərsiz nitqi, səs tonu var Qulu müəllimin!
Analitik təffəkkürünün diktəsi ilə barmaqları həmişə cəmiyyəti
narahat edən problemlərin nəbzi üstündə olub. 2013-cü ildə çap
etdirdiyi "Zamanın rəngləri" publisistik məqalələr toplusu onun
dünyanın iç bağırsağına necə bələd olduğunu göstərir. Özümüzü
tanımaq, dərk etmək, təhlükələrdən yan keçmək və uğur əldə etmək
üçün nələrə hazır olduğumuzun mənzərəsini çox aydın şəkildə oxucuya
təqdim edir. Cəmiyyətin bulanıq suyunu həmişə ziyalılar
duruldur.
Ziyalılıq təkcə aydınlıq deyil, həm də saflıqdır! Onun
müəyyənləşdirdiyi özünəməxsus qızıl orta xəttin üstündən keçmək
məncə, təkcə qırmızı işıqda keçmək kimi bir iş deyil, həm də
harmoniyanı, pərsəngi pozmaqdır.
Qulu müəllim canlı ensklopediyadır. Hazırcavabdır. Hardan –
hansı sahədən sual verilirsə lakonik, dəqiq cavablandırır,
sahəsindən asılı olmayaraq hansı "Nobel" mükafatı almış alimin,
hansı yazıçının, hansı tarixi şəxsiyyətin adı çəkilirsə, bitkin,
dolğun məlumat verir Qulu müəllim!
Bu, o deməkdir ki, əsl ziyalı təkcə yaratmır, həm də axtarışda
olur, dünyadakı yenilikləri tələbələrinə, oxucularına, bir sözlə
cəmiyyətə daşıyır. Qulu müəllim təkcə telejurnalist deyil, həm də
ssenatistdir. Onun ssenariləri əsasında onlarla sənədli film
çəkilib.
Qulu müəllim əməkdar jurnalist olmaqla bərabər, həm də böyük
dilçi alimdir, lüğətşünasdir. Dilçiliyə dair çoxsaylı əsərlərin
müəllifidir. Onun dilçilik görüşlərində - yaradıcılığında
junralistika ilə dilin sintezi tamamilə yeni və aktual
məsələlərdir. "Audivizual nitq" (2002) "Televiziya dili" (2002),
"Danışır Təbriz" (2004) "Kütləvi kommunikasiya və dil" (2004),
"Radio dərsləri" (2007) , "Mediada işlənən alınma sözlər" (2008),
"Jurnalistikanın əsasları" (2008, 2012) kimi 40- a qədər ciddi
tədqiqat əsərlərinin müəllifidir. Onun fəaliyyətini işıqlandırmaq
üçün gərək hər gün yazasan, çünki o hər gün yaradır!
Qulu müəllim eyni zamanda tanınmış pedaqoqdur. Junralistika
təhsili sahəsində hazırda BDU-nun " Televiziya və radio
jurnalistikası" kafedrasının professorudur. Vaxtilə və hazırda dərs
dediyi elə bir tələbə yoxdur ki, onunla qürur duymasın!
Qulu müəllimin yaradıcılığı çox aktual və rəngarəngdir. Bu
yaxınlarda məktəblilər üçün çox faydalı bir əsər -"Alınma sözlər
lüğəti" işıq üzü gördü.
Tale elə gətirdi ki, 2013-cü ildə zəhmətkeş alim, naşir Rafiq
İsmayılovun və Qulu müəllimin rəhbərliyi ilə bir layihə üzərində
birgə (Azərbaycan dilinin yeni frazeoloji sözülünü və elektron
versiyasının yaradılması) çalışası olduq. Lüğətin baş redaktoru
kimi Qulu müəllimin nə qədər dərin söz ehtiyatına malik olduğunun
bir daha şahidi oldum. Əmin oldum ki, Qulu müəllim təkcə tanınmış
terminoloq deyil, həm də yaxşı dialektoloqdur. Hansı sözün hansı
bölgədə necə və hansı mənalarda işləndiyini çox yaxşı bilir.
İnternet istifadəçilərimizin maariflənməsi üçün elektron
lüğətlərin, dərsliklərin, dərs vəsaitlərin və s. hazırlanması
işində də Qulu müəllimin gərgin əməyi var. Belə bir insanla
çiyin-çiyinə işləməkdən qürur duyuram. Sadəliyi, təvəzökarlığı,
səmimiyyəti imkan verir ki, bilmədiklərini soruşub öyrənəsən!
2013-cü ildə "Dövlət Proqramı" əsasında Dilçilik İnstitutunda
Monitoriq şöbəsi yaradıldı, lakin şöbənin yeni yaranması, başqa
şöbələrdən gənc alimlərin bu şöbəyə cəlb olunması, təcrübəsizlik və
s. bu sahədə müəyyən süstlüyə, durğunluğa səbəb olmuşdu.
Hörmətli akademik Tofiq Hacıyevin Dilçilik İnstitutuna
gəlişindən sonra durğunluq qısa müddət ərzində aradan qaxdı. Qulu
müəllim Monitoriq şöbəsinə rəhbər seçildi və "görülmüş işlər"i
sıfırdan başlamağa məcbur oldu. Çoxları elə hesab edirdi ki, Qulu
müəllim bu missiyanın öhtəsindən gələ bilməyəcək, ancaq
yanıldılar!
Qulu müəllimin Dilçilik İnstituna gəlişi təkcə Monitoriq
şöbəsinin uğuru deyil, bütövlükdə dilçiliik elminin uğurudur!
Əvvəllər Dilçilik İnstitutu mətbuatdan "qaçırdı", bu gün
vəziyyət xeyli və bəlkə də əksinə dəyişib!
Qulu müəllim haqqında danışdıqca, yazdıqca xoş fikirlər
bitib-tükənmir! Budur insanlıq mücəssəməsi!
Yaradıcılığı və mənəvi keyfiyyətləri ilə nümunə olan milli
sərvətimizi - dəyərli insan, vətəndaş alim, böyük ziyalımızı
əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı,
yaradıcılıq fəaliyyətində davamlı uğurlar arzulayıram.