Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) 2014-cü il 4 noyabr
tarixdən 13 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci
təsnifatlarına uyğun olan 46 vakant dövlət qulluğu vəzifələrinin
tutulması üçün müsabiqə, 4 dövlət orqanında isə inzibati
vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 6 vakant
dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsabiqə elan
edir.
DQMK-dan Trend-ə verilən məlumata görə, "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun
olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin
tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə
mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun
gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı
müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd
olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və
Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test
tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test
tapşırığı.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib
etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın
rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test
tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun
29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə
çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin
dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə
qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas
dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı
olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər
iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan
Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün
müraciətinin Forması"nı 4 noyabr 2014-cü il tarixdən 3 dekabr
2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər.
Müraciət forması elektron və ya şəxsən və poçt vasitəsilə kağız
daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan
Respublikası vətəndaşları isə sənədlərini 4 noyabr 2014-cü il
tarixdən 24 noyabr 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya
şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat 4 noyabr
2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında
(www.dqmk.gov.az) verilmişdir.
Qeyd edək ki, 26 sentyabr 2014-cü il tarixdə 48 dövlət orqanında
339 vakant vəzifə üzrə elan edilmiş müsabiqədə 2670 namizəd, həmin
tarixdə 8 dövlət orqanında 51 vakant vəzifə üzrə elan edilmiş ümumi
müsahibədə 27 namizəd qeydə alınmışdır. 17 noyabr 2014-cü il
tarixdə elan edilmiş ümumi müsahibə və müsabiqə üzrə qeydiyyat isə
müvafiq olaraq 5 noyabr və 17 noyabr tarixlərə kimi davam
edəcəkdir.