Məlum olduğu kimi, Milli Məclisin ötən iclasında 2015-ci
ilin Dövlət Büdcə zərfi qəbul edildi. Büdcədə Elm və Təhsilə
ayrılan xərcləri artırılması ekspertlər tərəfindən yüksək
qiymətləndirilib.
İclas zamanı millət vəkilləri - Siyavuş Novruzov və Adil Əliyev
çıxış edərək, təhsilə ayırdığı vəsaitlərin Azərbaycan təhsilinin
inkişafına töhfə verə biləcəyini deyiblər.
Məsələ ilə bağlı AzNews.az-ın sualların cavablandıran, deputat,
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev hesab
edir ki, gələn il büdcədə təhsilə ayrılan vəsaitin artırılması bu
sahədə aparılan siyasətin uğurla inkişafına stimul verəcək: "Cənab
Prezidentin fədakar fəaliyyəti sayəsində ölkəmiz dünyanın iqtisadi
cəhətdən inkişaf etmiş dövlətlərindən birinə çevrilir. Belə olan
halda xalqın mədəni intibahının daha da sürətləndirilməsi, inkişaf
etmiş ölkələrin elm, bilik marafonunda ön sıralarda yer alması
zəruridir. Çünki dünya təcrübəsi göstərir ki, təhsil bütün
zamanlarda tərəqqinin hərəkətverici qüvvəsi olub. Hesab edirəm ki,
son dövrlərdə elmin inkişafı üçün aparılan kadr islahatları, bir
sıra yeni qurumların yaradılması, eləcə də Təhsil naziri Mikayıl
Cabbarovun bu sahəyə yeni nəfəs gətirməsi ciddi nəticələr
verəcək".
Millət vəkilinin fikrincə, Azərbaycan müstəqilliyini əldə
etdikdən sonra təhsil sahəsi prioritet məsələlərdən biri olub və
hazırda da bu xətlə inkişaf etdirilir: "Ulu öndər Heydər Əliyev
hakimiyyətə gələn kimi təhsil sahəsində çalışanların rifahinin
yüksəldilməsi üçün ciddi addımlar atdı. Onun "Mən müəllim
peşəsindən daha şərəfli peşə tanımıram" kəlamı bu gün cənab
Prezident tərəfindən yüksək tutulur, bu sahəyə ildən-ilə diqqəti
daha da artırır. Cənab İlham Əliyevin elm və təhsilimizin ən yüksək
dünya standartlarına çatdırılması üçün neft kapitalının insan
amilinə çevrilməsi siyasətini dövlətimizin inkişaf
prioritetlərindən biri elan etməsi, bu istiqamətdə davamlı olaraq
görülən işlər ölkəmizi dünyanın intellektual mərkəzlərindən birinə
çevirməkdədir.
Bütün bunlarla yanaşı Heydər Əliyev Fondu da dövlət səviyyəsində
həyata keçirilən təhsil proqramlarına güclü dəstək verir. Fondun
"Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələri
çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu
proses davam etdirilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban
Əliyeva beynəlxalq tədbirlərdə də ölkə təhsilinin inkişafı ilə
bağlı qürurla danışır və bu sahədə yeni-yeni layihələrin həyata
keçirilməsində maraqlı olduğunu bildirir. Bütün bu işlərin
nəticəsidir ki, Azərbaycan indi regionda təhsilə ən çox sərmayə
qoyan ölkə hesab olunur. Bu gün dünyanın heç bir ölkəsində
Azərbaycanda olduğu qədər yeni məktəb binaları tikilmir, bizdəki
qədər məktəblərin ən müasir İKT ilə təchiz olunmasına diqqət
yetirilmir.
Gələn ilin büdcəsində təhsilə ayrılan vəsaitin artırılması,
eləcə də Heydər Əliyev Fondunun xüsusi diqqəti göstərir ki, bu
sahədə işlər davam etdiriləcək, eyni zamanda çox böyük layihələrə
start veriləcək. Çox böyük ehtimalla növbəti ildə təhsil sahəsində
çalışanların əmək haqları da artırılacaq və ümumiyyətlə, onların
rifahının daha da yüksəldiləməsi üçün müvafiq sərəncamlar
veriləcək. Cənab Prezidentin dediyi kimi, hər bir ölkənin dünyada
mövqeyini adamların bilikləri və insan kapitalı
müəyyənləşdirir.
Azərbaycanda hər bir şərait yaradılır ki, yeniyetmə və gənclər
təhsilin bütün pillələrində öz istedadlarını aşkar edə bilsinlər.
Nəzərə almaq lazımdır ki, mükəmməl təhsil alan, düzgün
istiqamətləndirilən hər bir gəncin istedadı ümumimilli sərvətə
çevrilir və ölkənin tərəqqisinə xidmət edir".
Qeyd edək ki, Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin
8.1%-i təhsil sahəsinə yönəldiləcək və bunun üçün büdcədən 1717.2
milyon manat ayrılacaq. Bu, isə 2014-cü illə müqayisədə 3.5%,
2013-cü illə müqayisədə 19% çoxdur.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52.5%-i ümumtəhsil,
30.7%-i təhsil sahəsində digər müəssisə və tədbirlərin, 9.7%-i
məktəbəqədər təhsil, 2.3%-i ali təhsil, 2.6%-i orta ixtisas
təhsili, 2%-i ilk peşə ixtisas təhsili, 0.2%-i əlavə təhsilin
maliyyələşdirilməsinə yönəldiləcək. Gələn il təhsil xərcləri üçün
ayrılan vəsaitin 313.9 milyon manatı bır sıra dövlət proqramları və
tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcək.