Hacıqabul Rayon Talış kənd
tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisənin rəhbəri
ilə bağlı redaksiyamıza müraciət ediblər.
Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru
Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü
hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus
maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin
əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı,
ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə
onlara cüzi miqdarda pul verdiyi bildirilir. İddia olunur ki, hətta
bu fakt Hacıqabul Rayon Maliyyə İdarəsindən gələn yoxlama
tərəfindən aşkarlanaraq, maaş kartları öz sahiblərinə qaytarılıb.
Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız qalıb.
Qeyd olunur ki, direktor digər texniki vəzifələrə öz yaxın
qohumlarının adlarını yazdırıb, müvafiq dövlət sənədlərini (tabel
cədvəlini-red) saxtalaşdıraraq uzun müddətdir, işə gəlmədikləri
halda, onların adına olan maaşları mənimsəyir. Bir zamanlar hətta
məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib uzun
müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin
narazılığı sayəsində bu xətt ləğv edilib.
Həmçinin dərs bölgüsü zamanı dərslər müəyyən məbləğ müqabilində
qeyri-ixtisas müəllimlərinə verilir (ixtisas müəllimi olduğu
halda-red).
"Digər hallarda biz ona problem olduğumuz, həmçinin hər ay yaşlı
müəllimlər kimi pul vermədiyimiz üçün müxtəlif bəhanələrlə gənc
müəllimlərin öz işini görməsinə maneçilik törədir. Nəzərinizə
çatdırırıq ki, bizdən əvvəl işləyən müəllimlər hər ay müəyyən
miqdarda guya məktəbin "qonaq"larını yola salmaq üçün haqq
verirdilər. Qalan texniki işçilərin isə adı ya işdə gedir, ya da
ayda nəyinsə qarşılığında bir neçə dəfə işə gəlməklə "işləyirlər",
deyə şikayətdə vurğulanır.
Sakinlər bildirirlər ki, direktorun yaxın qohumu olan səkkiz
müəllimin maaş kartı Mirsaleh müəllimdədir. Onlar məktəbdə
işləməsələr də adları müəllim kimi qeyd olunub. Bundan başqa, gənc
müəllimlərin məzuniyyəti faktiki 56 gün hesablandığı halda, 42 gün
məzuniyyət pulu hesablanıb.
Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə
bağlı əyani fakt kimi video faylları da əməkdaşımıza göndəriblər.
Həmin görüntülərdə ibtidai sinif müəllimələrindən ikisinin dərs
saatlarına görə hər ay direktor M.Məmmədova 40 azn verməsi,
həmçinin xadimə Əliyeva Hafizə Etibar qızının hər ay maaş əvəzi 40
azn alması və maaş kartının direktorda olması, habelə tarix
müəllimlərindən birindən hər ay 30-40 azn istəməsi əks olunur.
Müəllimlər qeyd etdilər ki, dəfələrlə Hacıqabul Rayon Təhsil
Şöbəsinə müraciətlərin, şikayətlərin daxil olmasına baxmayaraq, bu
problemlə bağlı heç bir nəticə olmayıb: "Ona görə Hacıqabul Rayon
Təhsil Şöbəsində bu şikayətə baxılmasını istəmirik, çünki bilirik
ki, direktorun əməlləri ört-basdır ediləcək".
Talış kənd tam orta məktəbinin müəllimləri əlavə etdilər ki,
yaxın günlərdə təhsil naziri Mikayıl Cabbarova müraciət
edəcəklər.
Sözügedən orta məktəbin direktoru Publika.az-a barəsində
deyilənləri təkzib edib: "Müəllimlərin maaşı məndə nə gəzir? Hər
kəs qol çəkərək maaşı özü alır. Mən sizi tanımıram, siz də məni.
Tələbkar, işgüzar adamam. Müəllimlərin hamısı məktəbdədir. Nə
xadimə? Məktəbi məgər mən silib-süpürürəm? Mən təmizləyirəm? Mən
açıq söhbət edənəm. Müəllimlərin bir qəpik də pulu məndə deyil.
Onları çubuqla çırpsan da, bir qəpik verən deyillər. Heç onları
qəzetə abunə də yazdırmaq mümkün deyil. Pul vermək söhbəti ola
bilməz. Maaş kartları da məndə deyil. Müəllimin maaş kartı
məndədirsə, o dərsə gələr? Belə çıxır ki, o, evdə oturub. Mən
özbaşına işdən qalanların maaşlarını tuturam. Bir müəllim bir neçə
gün işdən qalıb. Üç günün pulunu tutmuşam, ona görə də bunu
ediblər. Bir gənc müəllim də 6 gün işdən qalıb. Onun 3 gün maaşını
tutmuşam. Axı özbaşına buraxmaq olmaz".
Hacıqabul Rayon Təhsil Şöbəsi müdirinin müavini Balaxanim
Ələsgərova isə Publika.az-a direktordan şöbəyə şikayət daxil
olmadığını bildirdi:
"Həmin orta məktəbdən bizə şikayət daxil olmayıb. Mümkünsə,
şikayətçi müəllimlərin adlarını açıqlayın".