ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və
konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət
tərəfindən mütəmadi olaraq izlənən "The Hill" qəzetinin 16 yanvar
2015-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu
Nəsimi Ağayevin məqaləsi dərc olunub.
Konsulluqdan Trend-ə verilən məlumata görə, "Qara Yanvar və haqsız
yerə verilmiş Nobel Sülh Mükafatı" başlıqlı məqalədə 25 il öncə baş
vermiş qanlı 20 Yanvar hadisələrindən və Azərbaycan xalqının öz
azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir.
Həmin hadisələr zamanı, Sovet qoşunları tərəfindən böyük sayda
günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirən
müəllif, Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra
Moskvadakı Azərbaycan SSR-nin nümayəndəliyinə gedərək, qətliamı
kəskin şəkildə pislədiyini, bunun isə Azərbaycan xalqının azadlıq
mücadiləsini daha da ilhamlandırdığını qeyd edir.
Həmçinin, baş konsul mühüm bir fakta diqqət çəkərək bildirir ki,
1990-cı ilin 15 oktyabrında Nobel Sülh Mükafatı Komitəsi bəlkə də
öz tarixində ən qeyri-adi qərarını verərək, Sovet İttifaqının
prezidenti Mixail Qorbaçovu Nobel Sülh Mükafatına layiq görmüşdü.
Müəllif vurğulayır ki, bununla, mükafatın verilməsindən çox deyil –
10 ay əvvəl M.Qorbaçovun birbaşa əmrilə Bakıda törədilmiş Qara
Yanvar qətliamını "unudan" Komitə, əli yüzlərlə günahsız
azərbaycanlının qanına batmış bir şəxsi mükafatlandırmışdı.
N.Ağayev digər bir maraqlı tarixi faktı da vurğulayaraq qeyd
edir ki, Alfred Nobel və onun qardaşlarının Bakı neftindən əldə
etdikləri böyük sərvət olmasaydı, 1901-ci ildə Nobel mükafatının
təsisi mümkün olmazdı. Müəllif əlavə edir: "Ancaq A.Nobel
təsəvvürünə belə gətirə bilməzdi ki, təsis etdiyi bu mükafat bir
gün həmin Bakını qan çanağına çevirmiş şəxsə veriləcək."
Diplomat, həmçinin, müstəqilliyinin bərpasından keçən dövr
ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi
mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini
qeyd edərək, ölkəmizin müstəqilliyinin güclü və dönməz olduğunu
diqqətə çatdırır.
Məqalə ilə bu linkdə tanış olmaq olar: