Paytaxta fəaliyyət göstərən
bir çox mağazaların adlarının xarici dillərdə yazılması ağıllarda
sual işarəsi yaradır. Müstəqil bir ölkə kimi, öz dilinin olmasına
baxmayaraq, nəyə görə mağazaların adları rus, ingilis və digər
əcnəbi dillərdə yazılmalıdır. Yoxsa biz öz dilimizi bəyənmirik? Və
ya bu sözlərin öz dilimizdə olan mənası cəlbedici
səslənmir?
Bu, Heydər Əliyevin imzası ilə
qüvvəyə minən və bütün xidmət sahələrində dövlət dilinin
işlənilməsi qanunlaşdıran Dövlət Dili haqqında Qanuna əməl
edilmədiyi anlamına gəlmirmi? Biz nə Rusiyanın, nə də İngiltərənin
müstəmləkəsi deyilik ki, daha çox bu dillərə məxsus sözlərdən
istifadə edərək alıcıları cəlb edək. Məgər "rozes" sözünün əvəzinə
"qızıl güllər" demək və ya "present"in yerinə "hədiyyə" deməyin
nəyi pisdi?
İdmançılarımız yarışlarda
qalib gəldikləri zaman Azərbaycan bayrağını başları üstündə
dalğalandırırlar. Əgər rus və ingilis dillərini öz dilimizdən çox
seviriksə, bəlkə bu sevgini göstərmək üçün bayrağımızın yanında hər
3 ölkənin bayrağı olsun?
Bu məsələ ilə bağlı Dövlət Dili haqqında Qanunda konkret bənd
var. Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili
işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq
edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər
dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə
Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və
Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Təbii ki, dilimizə
qarşı bu özgə münasibət təkcə mağazaların adlarında müşahidə
edilmir.
Məsələn, dövlət orqanlarına məxsus saytlar da heç də mağaza və
iaşə obyektlərindən geri qalmır. Dövlət saytlarının Azərbaycan
dilində olmamasına Rabitə və İnformasiya Nazirliyi nümayəndəsinin
öz arqumenti var.
Burda bir məsələ də var. Dövlət saytlarının adları ilə bağlı
Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda konkret olaraq
"saytların adları mütləq şəkildə ingilis dilində olmalıdır"
deyilmir. Qərara əsasən, İnternet saytları dövlət dilində və
tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə
tərtib olunmalıdır. Digər qərarda "Domen adları kimi Azərbaycan və
ingilis dillərində olan adlar seçilə bilər. 3-cü qərarda isə
İnternet informasiya ehtiyatının ünvanı Azərbaycan və ya ingilis
dilində məna daşıyan formada müəyyən edilməlidir", - kimi qeyd
edilir. Əgər saytların adları zəruri olduğu halda ikinci dildə
olmalıdırsa, o zaman nəyə görə dövlət orqanları yalnız ingilis
dilindən istifadə edirlər?
Ekspertlər dövlət saytlarının adlarında vahid standartların
olmasını daha münasib hesab edirlər.
Burada saytların adlarının daha asan tapılması üçün ən ideal
variant dövlət orqanlarının adlarının Azərbaycan dilində olan
abreviaturalarından istifadə edilməsidir.