"Milli Teleradio Şurası Xəzər televiziyasının canlı
yayımında söyüş söymə faktından xəbərdardır və bu məsələyə
baxılaraq qurum tərəfindən hər hansı bir formada münasibət
bildiriləcək".
Bu barədə Publika.az MTRŞ-nın sədr müavini Qafar Cəbiyev Xəzər
televiziyasının canlı yayımında Zaur Kamalın aparıcısı olduğu "5-də
5" verilişinin qonaqları olan müğənnilər - Niyam Səlami və Səidə
Sultan arasında baş verən dialoqda efir etikasına zidd sözlərin
işlənməsinə münasibət bildirərkən deyib.
"Sosial şəbəkələrdə bununla bağlı məlumat var. Monitorinq
şöbəsinin müdiri də səhər-səhər belə bir informasiyanı gətirib.
Hadisə fevralın 2-də, saat 18-20 arasında "5-də 5" verilişində
efirə gedib. Orada müğənnilər Niyam Səlami və Səidə Sultan arasında
dialoqda xoşagəlməz ifadələr olub. Biz buna baxacağıq və hər hansı
bir formada münasibət bildirəcəyik".
Efir dlinin təmiz olmalı olduğunu deyən Q. Cəbiyevin sözlərinə
görə, tamaşaçını qıcıqlandıran ifadələrə yol vermək olmaz: "Efir
heç vaxt nöqsanlardan xali olmur. Xüsusən də canlı efirdə nöqsan
ola bilər. Amma çalışmaq lazımdır ki, bu cür ciddi nöqsanlar
olmasın. Tamaşaçını qıcıqlandıran hallara yol verilməsin".
Bundan bir qədər öncə də Xəzər TV-nin efirində aparıcı bacıların
da Azərbaycan manatını cırdıqlarını deyən Q. Cəbiyev bildirdi ki,
həmin vaxt televiziya rəhbərliyi özü müəyyən tədbirlər gördü.
"Əlbəttə, heç bir halda bu, vətəndaşa yaraşan iş deyildi, efir
üçünsə heç məqbul olan hadisə deyil. O ki qaldı həmin məsələnin
müzakirəsinə, televiziya rəhbərliyi bizi qabaqladı. Dərhal həmin
gün o məsələni müzakirə elədilər və bizə də onunla bağlı arayışı
göndərdilər. Biz də bununla kifayətləndik. Əgər telekanal efirdə
baş verən nöqsanları görürsə və onun aradan qaldırılması üçün
tədbirlər görürsə, o, müsbət haldır".
Q. Cəbiyev aparıcıların dil qüsurlarından danışaraq bildirib ki,
aparıcı hər kəsin diqqətində olan adam olduğuna görə, onun
nitqindəki qüsurlar dərhal diqqəti cəlb edir: "Bizim hər birimizin
dilində belə qüsurlar ola bilər. Amma efir dili, aparıcının nitqi
gərək qüsursuz olsun. Xüsusilə xəbər aparıcılarının nitqindəki
qüsurlar əsla bağışlanmazdır. Hər bir kanalın daxili kursu
olmalıdır və öz imicini gözləməlidir. Mən demirəm ki, kanal
rəhbərləri bu istiqamətdə düşünmürlər. Əlbəttə, onlar da
düşünürlər, daha yaxşısını tapmaq üçün çalışırlar".
Artıq Azərbaycanda televiziyaların, radioların sayının artdığını
deyən sədr müavinin sözlərinə görə, bu baxımdan peşəkar aparıcılar,
diktorlar və səviyyəli kadrların azlığı realdır.
"Onlar mütəmadi olaraq ali məktəblərdə təkmilləşmə
keçməlidirlər. Bu məsələ də zamanla həll olunacaq".