Azərbaycan Milli Məclisinə Prezident İlham Əliyevin
imzası ilə yeni "Vətəndaşların müraciəti haqqında" qanun layihəsi
daxil olub.
Report xəbər
verir ki, qanun layihəsi 17 maddədən ibarətdir.
Qanun layihəsində bildirilir ki, Azərbaycan vətəndaşlarının
dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə
mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə
təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və
nümayəndə vasitəsi ilə yazılı və ya şifahi formada, fərdi və ya
kollektiv şəkildə müraciət etmək hüququ var. Vətəndaşlar müraciət
etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Eyni zamanda,
vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin
hüquqlarını və azadlıqlarını pozmamalıdır.
Eləcə də irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə,
mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi
partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq
qadağandır.
Qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun
sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması,
müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin
hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə
baxılmasında süründürməçiliyə və ayrı-seçkiliyə yol verilməməsi,
müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və
onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin
edilməsi, həmçinin vətəndaşların müraciət etmək hüququnun və dövlət
maraqlarının uzlaşdırılması vətəndaşların müraciətinə baxılmasının
əsas prinsipləridir.
Qanunun tətbiq dairəsinə gəlincə, müddəalar vətəndaşların
məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri
müraciətlərə şamil edilmir.
Vətəndaşların müraciətlərinə dair tələblərdə bildirilir ki,
müraciətlər həmin məsələyə baxılmanı bilavasitə təmin etməli olan
müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə
yazılı formada təqdim edir, yaxud şifahi formada bildirirlər.
Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir
və ya poçt, telefaks, yaxud da elektron qaydada göndərilir.
Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda
göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı
birinin göstərildiyi hallar istisna olmaqla, yazılı müraciətin
tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər
qəbul edilmir və onlara baxılmır. Həmçinin müraciətin mətni
oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə
edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol
verilməməlidir.