Axar.az
Yuxarı

Axar.Az Logo

Deputat seçilsəm, bunları edəcəyəm – Naqif Həmzəyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyevlə müsahibəni təqdim edir:

- Bildiyimiz kimi, seçkilər hər bir ölkənin demokratik inkişafının əsaslarından biri kimi dəyərləndirilir. Ölkəmizin bugünkü inkişafı bu reallığı necə şərtləndirir?

- Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir.

1993-cü ildən başlayaraq keçirilən referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə, bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərdə kifayət qədər təcrübə toplayan ölkəmizin seçki institutu, nümunəvi seçki məcəlləsi və qanunvericiliyi var. Kütləvi İnformasiya Vasitələrinin rolundan, insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, imzaların toplanması, təhvil verilməsi, namizədliyin qeydə alınması, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədər olan seçki prosesi beynəlxalq hüquq və təcrübəyə tam uyğun aparılır. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili Azərbaycanda peşəkar seçki təcrübəsinin yarandığını, cəmiyyətin demokratik dəyərlərə sadiq olduğunu sübut edir.

Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Ölkəmizdə seçkilərin məsuliyyət, aşkarlıq, şəffaflıq, obyektivlik meyarları əsasında keçirilməsi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb.

Bu gün ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq, mütərəqqi yolla irəliləyərək, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Azərbaycan müasir dövrdə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, böyük infrastruktur layihələr, regional proqramlar həyata keçirən dövlətinə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan cəmiyətinin bütövlüyü və monolitliyi təmin olunub, xalqın daha parlaq gələcəyə nikbin baxışı formalaşıb.

- Seçki eyni zamanda hər bir siyasi qüvvənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ölkənin ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı inamla qatılıb?

- Ölkəmizin tarixində indiyə qədər heç bir siyasi təşkilatın 750 mindən çox üzvü olmayıb. Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının ətrafında insanların birləşməsi partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə verdikləri yüksək dəyərin nümunəsidir. Ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı zamanı söylədiyi kimi, Yeni Azərbaycan Partiyası bütün iştirak etdiyi seçkilərdə qələbə qazanıb. Qürurla onu demək kifayətdir ki, 27 ildir hakim partiyanın cəmiyyətdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir. Yeni Azərbaycan Partiyasının öz statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. Yeni Azərbaycan Partiyasının ötən illər ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində qalibi olması hakim partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı yüksək mövqeyi, şəffaf, obyektiv şəkildə apardığı seçki kampaniyasının nəticəsində reallaşıb.

Hakim partiya 9 fevralda keçiriləcək növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları da bu məsul kampaniyada çox fəal iştirak edir. Seçkilərdə xeyli sayda siyasi partiya təmsilçilərinin iştirak etməsinə baxmayaraq, inamla deyə bilərik ki, hər zaman olduğu kimi, bu dəfə də seçkilərin favoriti Yeni Azərbaycan Partiyası olacaq.

- Yeni Azərbaycan Partiyası tərəfindən yenidən deputatlığa namizədliyiniz irəli sürülüb. Növbəti dəfə seçilsəniz, hansı məsələlərin parlament tribunasından səsləndirilməsini nəzərdə tutursunuz?

- Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin sırasında mənim də olmağımı ölkənin hakim partiyasının və partiyanın Sədri, Prezident İlham Əliyevin fəaliyyətimə verdiyi yüksək dəyər hesab edirəm. Qarşıdan gələn növbədənkənar parlament seçkilərində mənə yenidən etimad göstərib namizədliyimi irəli sürdüyünə görə partiyanın Sədrinə və rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə qanunverici hakimiyyətin təmsilçisi olaraq hər zaman seçicilərimin yanında olmuşam, onların qayğılarını, problemlərini öz qayğım, problemim kimi qəbul etmişəm. Dəfələrlə seçicilərimin problemlərini Milli Məclisdə qaldırmışam, təkliflərlə çıxış etmişəm. Gəncə-Bakı-Naxçıvan aviareysinin bərpası, xüsusilə gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə paytaxtla yanaşı Gəncədə də sosial mənzillərin tikilməsi, 80 minə yaxın sakinin yaşadığı Gəncənin Gülüstan yaşayış massivi ərazisində - Gəncəçayı üzərində yeni körpünün salınması, Nizami yurdunda fəaliyyət göstərən ali təhsil müəssisələrində paytaxt və bölgələrdə təhsil alan tələbələrin kirayə evlər və yayataqxana probleminin aradan qaldırılması, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabətin yaradılması, gənc sahibkarlara güzəştlərin olunması, ölkədə vətəndaşların sağlamlığına xidmət edən idman qurğularının sayının artırılması və digər bu kimi məsələlərlə bağlı Milli Məclisdə təkliflərim olub. Çox xoşbəxtəm ki, parlamentlərarası dostluq qruplarının üzvü kimi, dünyanın müxtəlif ölkələrinin parlamentindəki həmkarlarla qarşılıqlı əlaqələrin genişləndirilməsinə, parlamentlər arasındakı əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafına töhfə verməyə çalışmışam.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərdiyim müddətdə ölkəmizin Azərbaycan həqiqətlərinin Avropa cəmiyyətinə, dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində apardığı humanizmə əsaslanan missiyasında fəal iştirak etmişəm.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi hər zaman Milli Məclisin Gənclər və İdman, İnsan hüquqları komitələrinin üzvü kimi fəaliyyətimin əsasını təşkil edib.

Növbəti dəfə seçiçilərim mənə etimad göstərərlərsə, bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacam, dövlətimin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm.

- Naqif müəllim, son olaraq seçicilərə nə demək istərdiniz?

- Təbii ki, millət vəkili seçildiyi ərazi ilə yanaşı, ölkə problemlərinin həllində də yaxından iştirak etməli, parlamentin işində fəallıq göstərməlidir. Mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Mənə göstərilən etimadı qürur, böyük məsuliyyət hissi ilə yerinə yetirməyə çalışmışam, Vətənimə, xalqıma xidmətimi özümə böyük şərəf bilirəm. Əgər seçilərəmsə, seçicilərimin təklif və problemlərinin ölkəmiqyaslı sosial proqramlarda, qanunlarda əks olunmasına çalışacağam.

Fürsətdən istifadə edib, 2020-ci il fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərə uğurlar arzu edirəm. İnanıram ki, növbədənkənar parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə əlamətdar olacaq.

Tarix
2020.02.05 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Masallıda toy edənlər cərimələndi - Foto

Bakıda restoranda dava: aşıq döyüldü - Foto

Ordumuzda peyvənd olunanların sayı açıqlandı

Bakıda külək 600 evi qazsız qoydu

Millət vəkili şəhid kapitanın anası ilə görüşdü

Sabah hava necə olacaq?

Daha bir ödəniş terminalı oğurlandı

Bakıda güclü külək məktəbin damını uçurdu - Foto

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Rüşvətə görə tutulan bədii rəhbər: Xərcləri özüm ödəyirdim

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla