"Azadlığa çıxdığım gündən baş qarışıqdır. Evə göz
aydınlığına o qədər gələn var ki, bir dəqiqə vaxt edə bilmirəm.
Dünən də mənə nənəmgil qonaqlıq verdi. Atam tərəfdən də qohumlar
gəlmişdi. Bilirsiniz ki, mənim toyum olmayıb, əlimə xına
qoyulmayıb. Ona görə dünən toya bərabər bir şadyanalıq təşkil
eləmişdilər".
Bu sözləri Axar.az-a ekslüziv açıqlamasında həbsdə ana olduqdan
sonra azadlığa çıxan Lamiyə Quliyeva deyib. Onun sözlərinə görə, 12
ildən sonra ilk dəfə alış-verişə çıxıb:
"Şəmkirdə hamı məni xoş qarşıladı. Özümə və övladıma geyim-keçim
aldım, hətta endirim də etdilər. Özümə telefon nömrəsi alanda heç
pulunu götürmədilər. Azadlıq gözəl hissdir. Səhər yuxudan 11-də
oyanmaq, təmiz havada gəzmək… - bu hisslər çox gözəldir. Artıq
Feysbuka da daxil olmuşam. Ancaq o qədər qonaq gələn var ki, nələr
yazırlar, xəbərim yoxdur. Mənim işimi daim diqqətdə saxladığınız
üçün sizə də təşəkkür edirəm".
L.Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin ailəsindən heç kimin
gözaydınlığa gəlmədiyini söyləyib:
"Bizim o hadisələrdən sonra əlaqəmiz kəsildi. Mən Vüqara da
azadlıq arzulayıram, Allah qapısını açsın".
Müsahibimiz Bakıya köçmək planı olduğunu, lakin hələ iş
tapmadığını qeyd edib. Onun sözlərinə görə, ATV telekanalında
verilişə dəvət olunub:
"Orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindn
nümayəndələr olacaq. İradə İsaq mənim sosial vəziyyətim, iş tapmaq
məsələm barədə onlara məlumat verəcək. Çox istərdim ki, işim
olsun".
Qeyd edək ki, Lamiyə Şəmkirin keçmiş icra başçısı Aslan
Aslanovun oğlu Ruslanı namusuna toxunduğu üçün öldürdüyünü deyib.
2003-cü ildə 10 il həbs cəzası alıb, 2010-cu ildə məhkumluq
qaydalarını pozması iddiası ilə cəzası 5,5 il artırılıb. Məhbəsdə
ana olması ilə gündəmə gələn L.Quliyevanın barəsində xəbəri ilk
dəfə Axar.az yazıb.