Onu ilk gördüyümdə çox
təəccübləndim. Haqqında eşitdiklərimi göz önündə canlandıranda
qarşıma iri cüssəli, idmançı bədənli, enlikürək bir gəncin
çıxacağını gözləyirdim. Amma tam əksinə oldu. Normal bədən
ölçülərinə sahib, sadə və gülərüz... Düzü, inanmadım ki, dəfələrlə
rəqibini yerə çökdürən, bayrağımızı ucaldan bu gəncdir. Elə bu
səbəbdən təəccübümü gizlədə bilmədim:
Kulturizmlə məşğul olmuram
- İdmançı olaraq sizi tam fərqli görünüşdə olduğunuzu
düşünürdüm.
- (Gülümsəyir) Mən axı kulturist deyilən. Karate üzrə peşəkar
idmançıyam. Bizim sahədə əzələ, şişirdilmiş bədən rol oynamır,
döyüşümüz əsasən texnika və taktikalardan ibarətdir.
- Şahin bəy, istərdim haqqınızda eşitməyən insanlar üçün
özünüzü bütün nailiyyətlər və titullarla bərabər bir daha təqdim
edəsiniz.
- Böyük məmnuniyyətlə. Şahin Atamov. Yaponiyada keçirilən
Gənclərarası çempionatda qalib olaraq dünya çempionu, Böyüklərarası
dünya kuboku uğrunda yarışda 2 dəfə dünya birinciliyi qazanaraq,
kuboku vətənə gətirmişəm. 2010-cu il Serbiyada keçirilən yarışlarda
3-cü, 2012-ci ildə isə Parisdə 3-cü yer tutmuşam.
Olimpiada oyunlarından sonra Rafael Ağayev və mən 2013-cü ildə
Peterburqda və Kolumbiyada keçirilən "Vorld kombat geyms" (dünya
döyüş növləri səbəti) üzrə 3-cü yerlərə layiq görüldük.
Həmin il İndoneziyada "İslam dirçəlişi" adı altında keçirilən
yarışmada 2-ci yerə layiq görüldüm.
Avropa çempionatı
- Nailiyyətləriniz olduqca çoxdur, ancaq əsas
nailiyyətinizi nədənsə vurğulamadınız. Avropa çempionatında komanda
ilk medalı məhz sizin sayənizdə qazandı axı.
- Doğrudur. 2014-cü ilin may ayında Finlandiyada keçirilən
Avropa çempionatında Azərbaycan yığma komandasında ilk medala sahib
olmaqla Avropa çempionu adını qazandım, ölkəyə gümüş medal
gətirdim.
- Söhbətimizin əvvəlindən fikir verirəm ki, hər
qələbənizdən danışarkən qələbənin, medalın vətənə gətirildiyini
vurğulayırsınız. Sizcə, bunlar sizin qələbənizdir, yoxsa
ölkənin?
- Gözəl sualdır. İlk növbədə Azərbaycanın qələbəsidir. İzah
edərəm ki, nə üçün məhz birinci ölkə qalib hesab edilir. Dünyanın
istənilən yerində yalnız iki şəxsin şərəfinə bayraq qaldırılır. Bir
prezidentlərin, bir də idmançıların. Birincidə, ölkə başçıları hər
hansı bir ölkəyə səfər etdikdə baş verir, ikinci halda isə
idmançıların qələbəsi sayəsində bu şərəfə nail olunur; əziyyətlə,
canları, bəzən qanları bahasına. Qalib olarkən inanılmaz hiss
keçirirsən... ölkəmizin himni səslənir, bayrağımız dalğalanır və
bir anlıq bütün zədələrin ağrısını, gərgin məşqlərdən qalan
dəhşətli yorğunluğu unudursan, ürəyin sevinc içində çırpınır.
Son nöqtə...
- İdmanı özünüz seçdiniz?
- Yox. Uşaq vaxtı çox dəcəl olduğuma görə valideynlərim belə
qərara gəldilər ki, məni idmana yönəltsinlər. Əvvəlcə məşğuliyyət
hesab etdiyim sahəni tədricən sevməyə başladım. Zamanla mənim
peşəmə çevrildi.
- Bir çox həmkarlarınız idman akademiyası ilə yanaşı,
2-ci və hətta 3-cü ixtisasa yiyələniblər. Sizin bu məsələyə
münasibətiniz necədir?
- Əslində, ağlım olsaydı, mən də ikinci peşəyə yiyələnərdim.
Əfsuslar olsun ki, vaxtında bu haqda düşünmədim. İdmanda yaş
məhdudiyyəti olduğu üçün bu sahə müvəqqətidir. Üstəgəl zədələr.
Bəzən elə zədə ala bilərsən ki, ömürlük idmana əlvida demək
məcburiyyətində qalarsan. Şəxsən mən gələn il artıq idman karyerama
son nöqtəni qoyuram. Məşqçi kimi idmanda qalmaq da asan deyil. Ağır
zəhmət, böyük səbr tələb edir.
- Karyeranıza son qoyacağınızı söylədiniz. İdman
sahəsində elə bir arzunuz varmı ki, hələ də
reallaşmayıb?
- Mən yaddaşlarda məğlubedilməz döyüşçü kimi qalmaq istəyirəm.
Arzum isə Məhəmməd Əli kimi döyüşdən ulduz kimi çıxmaqdır.
Bir çox dünyaca məşhur idmançılar var ki, vaxtında peşəkar
idmandan uzaqlaşmırlar. Yaşlarının çox olmalarına baxmayaraq,
döyüşə qatılırlar və hansısa "uşağa" uduzurlar. Bax o günü Allah
heç bir idmançıya nəsib etməsin!
Öncə məğlubiyyət
- İnkar etmək olmaz ki, hər dəfə qalib olmaq da mümkün
deyil. Napoleon deyir ki, qələbə üçün öncə məğlubiyyət
gərəkdir.
- Elə məhz o fikrinə görə də Napoleon sürgün həyatı yaşayaraq,
adada tənhalıqda dünyasını dəyişib.
Brüs Li ilə qohum deyiləm
- Əslində, sizin cavablarınız məni valeh edir. Sevinirəm
ki, idmançılarımız geniş intellektual səviyyəyə malikdir. Sizdən
öncə bir neçə idmançıdan da müsahibə almışam. Hər biri xarici dildə
səlis danışa bilirdi; ingilis, rus, hətta aralarında ispan və
italyan dillərini bilənlər də var idi. Sizin rusdilli olduğunuz
bəllidir. Digər dil bilgiləriniz necədir?
- Bəli, rus dili ilə bərabər ingilis və alman dillərini də
mükəmməl bilirəm. Ümumiyyətlə, idmançılar nə qədər xarici dil
bilsələr, bir o qədər yaxşıdır. Çünki mütəmadi olaraq yarışmaq üçün
xarici səfərlərdə olurlar.
- Yaponiyada çox olduğunuzu bilirəm, ona görə də xahiş
edirəm, hansı dildə danışırsınız danışın, yapon dilində danışmayın.
Anlamayacam. Mənə deyiblər ki, idmançılarla zarafat etmək olmaz,
xüsusilə də döyüş növləri ilə məşğul olanlarla. Amma məni
düşündürən bir məsələ də var. Bir növ Brüs Li tipində insansınız və
familiyanız da qəribədir.
- (Gülür) Vallah, Brüs Li ilə qohumluğum yoxdur. Familiyam da
azərbaycanlı familiyasıdır.
- Cavabınızdan ürəkləndim və növbəti təhlükəli sualı
ünvanlayıram: idmançı xanımla evlənərsinizmi?
- Heç düşünmədən cavab verirəm - qətiyyən yox.
- Niyə? Ailədə güclü qadının olmasından qorxursunuz,
yoxsa zərbəsinə tab gətirə bilməyəcəyinizdən ehtiyat
edirsiniz?
- (gülür) Zərbəsi nə qədər güclü olsa da, hər halda qadın
qadındır. Amma söhbət gücdən, qüvvətdən getmir. Mən hər zaman
qayğımı çəkə biləcək, evinin-ailəsinin səliqə-sahmanına xüsusi
diqqətlə nəzarət edə biləcək bir xanım arzulayıram. İdmanla isə bu
mümkün deyil. Ümumiyyətlə, idmançı qızlarda sərtlik istər-istəməz
özünü büruzə verir. Və ən əsası onların gərgin məşq rejimi, xaricə
səfərlər və s.
Prezident bizə güvənir
- Dövlətin sizə göstərdiyi diqqət və qayğıdan
razısınızmı?
- Əlbəttə. Biz cənab İlham Əliyevlə görüşdükdə o bizə maddi və
mənəvi kömək olacağını vurğuladı və komandamıza böyük ümid
bəslədiyini qeyd etdi. Biz də öz növbəmizdə olimpiya oyunlarında
qalib olduq - 6 qızıl medaldan 3-nü karate idmançıları qazandı.
Əziyyətimiz yetərincə qiymətləndirilir, dünyanın heç bir yerində
Azərbaycanda olduğu kimi idmana geniş şərait, diqqət və qayğı
yoxdur. Təbii ki, qiymətli hədiyyələr və yüksək məvacib də olur.
Buna görə dövlət başçımıza minnətdarıq.
Bizə həm də Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin
rəhbəri Cahangir Hacıyev dəstək və qayğı göstərir. Cahangir
müəllimin rəhbərliyi altında İlham Qasımzadə, Milli Karate
Federasiyasının prezidenti Yaşar Bəşirov, üzərimizdə böyük zəhməti
olan baş məşqçimiz Rəhman Hətəmov və köməkçi məşqçimiz Rəşad
Hüseynovun dəstəyi ilə daim zirvələrə ucalırıq.
Müəllimlərimə minnətdaram
Ümumiyyətlə isə karateni mənə sevdirən və təməlini izah edən
doğma müəllimlərim Seymur və Şahin Xudaverdiyev qardaşlarına hədsiz
minnətdaram. Onlar 8 yaşımdan - 1996-cı ildən bu günə qədər mənimlə
məşğuldurlar.
Şahin Atamovla söhbətdən çıxıb evə qayıdanda yadıma düşdü ki,
ona sevdiyim ənənəvi sualı verməyi unutmuşam. Mobil nömrəsinə zəng
etdim:
- Şahin bəy, əsas sualımı unutmuşam: Həyatı hansı
rənglərdə görürsünüz?
Düşünmədən cavab verdi:
- Şəxsən mənim üçün həyat 3 rəngdən: mavi, qırmızı və yaşıl
rənglərdən ibarətdir və mən bu rənglər üçün canımdan keçməyə
hazıram.