Niyaməddin Musayev onun olmadığı deyilən bir neçə
populyar mahnı haqda da danışıb; "müəlliflik hüququm pozulur";
"İndi Bəxtiyar Vahabzadəni hardan tapım ki mənə şahidlik
etsin?!"
Bu günlərdə müğənni Nadir Qafarzadənin Azərbaycan əsilli müğənni
Sami Yusuf haqqında dediyi təhqiramiz sözlər qalmaqala səbəb oldu.
Bu səbəbdən hətta müğənninin çıxış etdiyi ATV telekanalından
qovulduğu da iddia olundu.
Bütün bu olaylar bir yana, müğənninin Sami Yusufun "Allahu
Allah" mahnısı haqqında dediyi fikirlər çoxlarının diqqətini cəlb
etdi. Nadir Qafarzadə iddia edirdi ki, bu mahnı əslində Niyaməddin
Musayevin "Axtarma məni " mahnısıdır.
Həqiqətən də hər iki mahnını dinləyərkən eyni melodiyaya malik
olduğu barədə fikir yaranır. Əslində bu mövzu çoxdan dartışılır.
Niyaməddin Musayevin olduğu deyilən "Şahnaz təsnifi", "Gecələr" və
başqa bir neçə mahnının da başqalarına məxsus olması barədə ciddi
arqumentlər səsləndirilib bu gün kimi...
Mövzu ilə bağlı Niyaməddin Musayev Musavat.com-a maraqlı
açıqlama verib.
Müğənni Sami Yusufun ifa etdiyi "Allahu Allah" mahnısı
ilə müəllifi olduğu "Axtarma məni" mahnısının eyni olduğunu
təsdiqləyib:
"1973-cü ildə əfqan mahnısı "Molla Mamacan"ı dinləyib, ondan
bəhrələnərək "Axtarma məni" mahnısını bəstələdim. Sami Yusuf
"Allahu Allah" mahnısını elə o mahnımdan götürüb. Ona deyən
lazımdır ki, mən zamanında oxumuşdum da o mahnını... Sami Yusufu
şişirdib qoyublar dağın başına. Hamı da bəh-bəhlə onu dinləyir.
Həqiqət budur ki, o mahnının müəllifi mənəm! Məndən başqa onun
sahibi yoxdur. Bir ara onu Məmməd Bağır da oxudu, amma yenə də
bildirirəm ki, o mahnını yeganə sahibi mənəm".
Lakin bəziləri Niyaməddin Musayevin oxuduğu "Axtarma məni"
mahnısının heç də ona məxsus olmadığını deyirlər. Hətta mahnının
1968-ci ildə Bahadur Hüseynov tərəfindən bəstələndiyi, ilk
ifaçısının da Yaqut Səfərova olduğu iddia edilir. Deyilənə görə,
Müəllif Hüquqları Agentliyində mahnı Bahadur Hüseynovun adına
qeydiyyatdan keçirilib.
Niyaməddin Musayev bu iddialara da cavab
verib:
"Bu söz-söhbət uzun müddətdir ki, gedir və təəssüf ki, bu gün də
davam etməkdədir. Bir dəfə telekanalların birində Bahadur adlı
tanımadığım bir şəxsi çıxartdılar ortalığa ki, bəs Niyaməddin
müəllim, deyilənə görə "Axtarma məni" mahnısı bu oğlan yazıb. Onda
həmin oğlandan soruşdum: "Ay oğlum, bu mahnını sən neçənci ildə
yazmısan?". Cavab verdi ki, 1978-ci ildə. Onda ona dedim ki, "sənə
ayıb olsun, mən bu mahnını 1973-cü ildə Azərbaycan televiziyasında
yayımlanan "Səhər" verilişində ifa etmişəm".
Qeyd edim ki, mahnının sözlərinin müəllifi Ruzigar
Əfəndiyevadır. Bir gün Ruzigar sözləri götürüb yanıma gəldi ki, bəs
belə bir sözlər var, mən də o sözlərə mahnı yazdım. Beləliklə,
mahnım yarandı. İndi bəzi "pəhlivanlar" çıxıb ortalığa, mahnıma
sahib çıxmaq istəyirlər. Onlar adamda allergiya yaradırlar.
Deyərdim ki, bu dəhşətdir!".
N.Musayevin müəllifi olmadığı iddia edilən mahnılar içərisində
"Gecələr" mahnısı da var. Azərbaycanın məşhur şairi olan Bəxtiyar
Vahabzadənin sözlərinə olan bu mahnını da deyilənə görə, Bəhram
Nəsibov bəstələyib və ilk ifaçısı da 1974-cü ildə Rəhilə Həsənova
olub.
Bu arada bəzi araşdırmalarda o da qeyd edilir ki, Bəhram Nəsibov
Azərbaycanın ən məşhur və populyar mahnılarının müəllifidir. Lakin
ali musiqi təhsili olmadığına görə sovet qanunları Bəhram Nəsibovun
adının çəkilməsinə icazə verməyib. Bunun nəticəsində onun mahnıları
hansısa təsnif kimi təqdim olunub. İddia olunur ki, Niyaməddin
Musayev də bunu fürsət bilərək B.Nəsibovun əksər məşhur mahnılarını
öz adından yayımlayıb.
İddia edilir ki, "Gecələr" mahnısının ilk təqdimatı Bəhram
Nəsibovun oğlunun ad gününə təsadüf edib və Niyaməddin Musayev də
həmin məclisdə iştirak edib. Rəhilə Həsənova mahnını təqdim edərkən
"Bəhramın bəstəsidi" kimi qeyd edib. Hətta 1988-ci ildə Bəhram
Nəsibovun xatirə gecəsində "Gecələr" mahnısını ifa edən Elza
Qaybalıyeva da müəllif kimi Bəhram Nəsibovun adını çəkib.
Niyaməddin Musayev isə açıqlamasında "Gecələr"
mahnısının hansısa qarmonçalana aid olduğunu deyib:
"Bu mahnının da ilk ifaçısı mənəm. Bir qədər sonra mahnını
Rəhilə Həsənovaya verdim, biz bir yerdə çalışırdıq. Onda mən
Filarmoniyada işləyirdim. Həmin dövrdə Sara Qədimova, Şövkət
Ələkbərova, Əbülfət Əliyev bu mahnımı çox sevirdilər. Mahnının lent
yazısı 1978-ci ildə işıq üzü gördü.
Mahnının musiqisi bir qarmon ifaçısına məxsusdur, adını hazırda
unutmuşam. Onun haqqında daha çox müğənni Zöhrə Abdullayeva bilir.
Əgər Zöhrə xanımı bu barədə danışdırsanız sizə daha yaxşı məlumat
verər. Bildiyiniz kimi, mahnının sözləri görkəmli şairimiz Bəxtiyar
Vahabzadəyə məxsusdur. Zamanında Bəxtiyar müəllim mənə deyirdi ki,
Niyaməddin, bu mahnını necə gözəl oxumusan". İndi rəhmətliyi hardan
tapıb şahid kimi danışdıraq?
Bəhram Nəsibovun qızı çıxıb deyir ki, bu mahnını mənim atam
yazıb. Halbuki, Bəhram mənim çox yaxşı dostum idi və özü də bu
barədə demişdi ki, mahnı onun deyil".
Müğənni digər mahnılarından da söz açıb:
"İndi də ortalığa çıxıb deyirlər ki, "Sevmirdim ki, mən" mahnısı
da başqasına aiddir. Bunu necə deyirlər anlaya bilmirəm... "Elə
bəndəm" mahnımı indi xalq mahnısı kimi qeyd edirlər. Bu mahnı da
mənimdir, sahibi mənəm. "Bu qala daşlı qala" mahnısını xalq mahnısı
kimi qələmə verirlər. Belə olmaz, müəlliflik hüquqlarımız pozulur.
Mən hələ də məşhurluğunu itirməyən "Qurtuluş", "Röya", "Qiyamətə
qalmaz", "El atası" mahnılarımı yüksək professional səviyyədə ifa
edib lentə yazdırmışam".