2002- 2003 cü illərdə Siyasi Partiyalar və İctimai
Hərəkatlar dövlət arxivində (o dövr adı bu cür idi – A.M.)
M.C.Bağırovun şəxsi işiylə tanış olduqda onun 1923-cü il yanvarın
29-da yazdığı tərcümeyi-halının mətni ilə rastlaşdım.
Tərcümeyi-halın 31 mart hadisələri ilə bağlı hissəsini təqdim
edirəm.
Bağırov 1917-ci ilin mart ayından Əlib bəy Zizikski ilə əlaqəyə
girərək Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün
silahlı qüvvələr formalaşdırır. Bizə təqdim olunan tərcümeyi-halda
isə bu dövrdə Bağırovun "Uçaqan" dəstə yaratdığı göstərilir. Guya
M.C.Bağırov Ə.Zizinskinin dağıtdığı rus və yəhudi kəndlərinin
gənclə¬rindən ibarət "Uçaqan" dəstəsi yaradır və bu gənclərin
əksəriyyəti isə rus-alman cəbhə xəttindən fevral inqilabından sonra
geri qayıdan əsgərlərdən ibarət olur.
Tərcümeyi-halda M.C.Bağırovun dili ilə guya deyilir ki, "Uçaqan"
dəstəsinin üzvləri Quba bəyləri tərəfindən evləri dağıdılmış
yəhudi, rus və keçmişi cinayətkar olmuş müsəlmanlardan təşkil
olunmuşdu. Özünüz fikir verin, kim belə sadəlöhv ola bilər ki,
cinayətkarlardan cəmlənmiş bir dəstəyə rəhbərlik etdiyini
tərcümeyi-halında qeyd etsin.
Sözsüz ki, bu, absurddur! Düzdür, tərcümeyi-halda göstərilir ki,
bu dəstə bəylərə, mülkədarlara qarşı mübarizə aparırdı. Ancaq
1956-cü idə Bağırov məhkəməsi zamanı qeyd edir ki, mənim rəhbərlik
etdiyim silahlı dəstə mövcud olmuşdur və bu dəstə soyğunçuluqla
məşğul olmayıb və hətta bəylərə qarşı da vuruşmamışdır
("M.C.Bağırovun məhkəməsi" kitabından). Əslində isə 1918-ci ilin
Bakıdakı mart hadisələri zamanı erməni Hamazapsın Azərbaycanın
şimalına doğru hərəkət edən dəstələrindən yerli əhalini qorumaq
üçün yaradılmış müdafiə qüvvələrinə Ə.Zizikski rəhbərlik edirdi.
M.C.Bağırovda bu dəstədə Əli bəyin ən sevimli əsgəri idi.
Tərcümeyi-halda qeyd olunur ki, M.C.Bağırov satqınçılıq
nəticəsində Ə.Zizikskinin əlinə keçir və Əbu-Səttar adlı bir şəxsin
vasitəsilə əsirlikdən qaçır. Əslində isə M.C.Bağırovun da daxil
olduğu mülkədar Əlibəy Zizinskinin başçılıq etdiyi silahlı dəstə
1918-ci ildə Milli Hökumət qurulana qədər Daşnaksutyun
liderlərindən olan Hamazapsın müsəlmanlara qarşı törətdiyi
soyqırımın qarşısını almaqda böyük rol oynamışdır.
Artıq mart ayından Əlibəy Zizikski daşnakların Şamaxıda
törətdiyi qırğının qarşısını almaq üçün silahlı dəstəsini Şamaxıya
istiqamətləndirir. Qubada isə xırda bir dəstə ilə M.C.Bağırov
qalır. Bax elə bu zamandan M.C.Bağırovun bolşeviklərlə açıq əlaqəsi
başlayır. Ola bilsin ki, bu addım düşünülmüş şəkildə Əlibəylə
razılaşdırılaraq atılmışdı. Belə ki, o, Qırmızı qvardiyanın
Bakıdakı nümayəndəsi Georgi Stura ilə əlaqəyə girərək Quba
qəzasında onlara qarşı çıxacaq qüvvə olmadığını və hakimiyyətin
M.C.Bağırovun timsalında bolşeviklərə meylli şəxslərin əlində
olduğunu bildirir. Bu addımla M.C.Bağırov Qırmızı qvardiyanı Qubaya
dəvət etməklə Şamaxıdan Qubaya istiqamət almış Hamazapsın
dəstəsinin törədə biləcəyi qırğınların qarşısını almaq istəyirdi.
Bununla da bolşeviklərin Hamazapsla birləşmələrinin qarşısı
alınır.
Bu danışıqlardan sonra Qubada İnqilabi Komissarlığın rəhbəri
Gelovani təyin edilir. Gelovaninin gəlişindən bir müddət sonra 1
may 1918-ci ildə Bakıdan Notovas Oqanesovun başçılığı ilə silahlı
drujina Qubaya gəlir. Bu ərəfələrdə isə Əlibəy Zizinski və
Hacınskinin silahlı qüvvələri Şamaxıdan geri çəkilərək Dərbənddə
bir müddət qalaraq qüvvə toplayır. Mayın üçündə onların silahlı
dəstələri Qubaya doğru hərəkət edirlər. Komissarların Petrovskdən
(Həştərxandan) köməyə çağırdıqları silahlı dəstələr üç günlük
döyüşlərdən sonra məğlub olaraq Qubanı tərk edirlər. Çox güman ki,
düşmənin planlarından və mövqeyindən xəbərdar olmaq üçün Əlibəy Mir
Cəfərə Qubanı qırmızı dəstələrlə bir yerdə tərk etməyi tapşırır.
Çıxan dəstələr Dərbəndə tərəf istiqamətlənir və bu zaman onlar
Şimali Qafqazdan qayıdan qırmızı komissar Naniyşvilinin eşalonu ilə
qarşılaşırlar və qırmızı silahlı qüvvələr belə qərara gəlirlər ki,
Bakıya hərəkət edib qüvvələri səfərbərliyə alaraq yenidən Qubaya
hücum etsinlər. Lakin qırmızı silahlı qüvvələr Bakıya qayıdarkən
Dəvəçidə milli qüvvələr tərəfindən gülləbarana məruz qalırlar. Bu
vaxt Hamazapsın başçılığı ilə Bakı tərəfdən gələn 4 eşalon silahlı
daşnak dəstəsi Dəvəçidə Naniyaşvilinin qüvvələri ilə
birləşirlər.
Hamazaps Şaumyanın göstərişi ilə Qubaya hərəkət etdiyini
bildirir. Bu vaxt M.C.Bağırov Naniyaşvili tərəfindən bolşeviklərin
Hamazapsın silahlı qüvvələrində nümayəndəsi təyin olunur. Bütün
bunlara baxmayaraq, M.C.Bağırov Hamazapsı yaxşı tanıdığına görə
bolşeviklərin bu dəstədə nümayəndəsi olmaq istəmir. Yaxşı ki, Sovet
hökuməti qurulduqdan sonra daşnaklara münasibət mənfi olub. Bu
cəhətdən tərcümeyi-halı saxtalaşdıran Moskva emissarları Bağırov
həyatının bu hissəsini olduğu kimi saxlayıblar. Onu da nəzərə almaq
lazımdır ki, Lenin 29 iyul 1918-ci ildə S.Q.Şaumyana göndərdiyi
teleqrama qədər daşnaklarla bolşeviklər siyasi hakimiyyət
mübarizəsində çox halarda eyni mövqedən çıxış edirdilər. (Haşiyə:
1923-ci ildə Bakıda Ə.Qarayevin "Yaxın keçmiş Azərbaycan kommunist
partiyasının tarixinə aid materiallar" adı altında kitabı nəşr
olunur. Kitabdakı hadisələrin təsvirinə diqqət edək: "1904-cü ilin
sonlarında Alyoşa Çaparidzenin rəhbərliyi altında Bakıda müsəlman
Hümmət təşkilatı yarandı". Hümmət təşkilatı RSDP-nın Bakı
seksiyasının təşkilatı kimi fəaliyyətə başlayır, amma taktiki
məqsədlər üçün Hümmət təşkilatı bəzən özünü müstəqil təqdim edirdi.
Belə ki, Hümmət təşkilatı sosialist təşkilatları olan "Qnçak" və
"Daşnaksutyun"la eyni blokdan çıxış etdikdə müstəqil görünməyə
məcbur idi. 1924-cü ildə Ə. Qarayevin "Azərbaycanda Oktyabr
inqilabı və Bakı bolşevik təşkilatı haqqında materiallar" adı
altında yeni kitabı Bakıda nəşr olundu. Bu kitabda Ə.Qarayev yazır:
"1918-ci ilin yayında ingilislər Bakını işğal etdikdə Hümmət
təşkilatı fəaliyyətini gizli davam etdirməyə məcbur oldu. Yalnız
1919-cu ildə Hümmət açıq fəaliyyətə başlayaraq fəhlə və kəndlilər
arasında öz təbliğatını davam etdirirdi. 1919-cu ilin yayında
Hümmət təşkilatında parçalanma baş verdi. Parçalanma nəticəsində az
menşevik tərəf bu təşkilatı tərk etdi. 1920-ci ildə Hümmət
təşkilatı və İran kommunistlərinin cəmləşdiyi Ədalət RKP(b)
partiyası ilə birləşərək həmin ilin 12 fevralında Azərbaycan
Kommunist Partiyasının gizli şəkildə I qrultayını keçirdi". Bunları
qeyd etməkdə məqsədim odur ki, Bağırovun tərcümeyi-halının sonradan
oxuyacağımız hissələrində o özünün Hümmət təşkilatı ilə əlaqəli
olduğu barədə dolayası yolla məlumat verməsini görəcəyik.
Sonradan, 1938-ci ildə Bağırov məhz hümmətçi olduğuna görə həbs
olunmaq təhlükəsini də yaşayır. Bağırov Hamazapsın törətdiyi
vəhşiliklərin və müsəlman xalqına qarşı törədilən genosidi öz
tərcümeyi-halının yuxarıda qeyd etdiyim səbəblərdən
saxtalaşdırılmamış hissəsində geniş təsvirini verir. Hətta bu
vəhşiliklər zamanı o, əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və
yeznələri Hacı Heybətin daşnaklar tərəfindən qətlə yetirilməsini
qələmə alır. Bu vəhşiliklərə dözə bilməyən Mir Cəfər erməni quldur
dəstəsinin soyğunçuluğu və qatilliyi barədə Bakıya teleqram
göndərir. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli
nümayəndəsi Leon Qauberidzə Qubaya gəlir. Burada o, Mir Cəfəri
təxribatda günahlandıraraq həbs etdirir. Qubanın inqilab komissarı
yoldaş Çurayev təyin edilir. Nəzarət altında olan Mir Cəfər yenidən
Stepan Şaumyanın adına məktub yazır. Bu məktubun da xeyri olmur.
(Sanki burada M.C.Bağırov Quba qəzasında türklərə qarşı aparılan
soyqırımda Şaumyanın özündən şübhələnməyə başlayır). 1938-ci ildə
"Krasnıy arxiv" jurnalının 4-5-ci saylarında 1918-ci il 29 iyulda
V.İ.Leninin S.Q.Şaumyana teleqram çap olunur. Teleqram aşağıdakı
formadadır:
Ленин Написанное 29 июля 1918 г. ТЕЛЕГРАММА С.Г.ШАУМЯНУ Астрахан
Для Шаумяна в Баку Всякие действия дашнаков против решения V съезда
Советов и центральной Советской власти будут рассматриваться как
восстание и как измена. Насчет посылки войск примем меры, но
обещать наверное не можем. (Впервые напечатанное в 1938 г, в
ъурнале печатается по рукописи "Красный Архив" № 4-5)
Göndərilən teleqramı təhlil etdikdə başa düşmək olur ki,
Azərbaycan bolşevikləri Şaumyan haqqında və onun daşnaklara mənəvi
liderlik etməsini təsdiq edən əsaslarla Lenin qarşısında dəfələrlə
çıxış etmişlər. Görünür ki, Leninin bu teleqramının sərt məzmunda
olması Şaumyanı daşnaklarla siyasi-mənəvi birliyindən çəkindirmək
məqsədi daşımışdır. M.C.Bağırovun həbsdə qalmağı o vaxta qədər
davam edir ki, Əlibəy Zizinski Həmidulla Əfəndinin silahlı
dəstələri ilə birlikdə Qubanı azad edir. Onlar M.C.Bağırovu həbsdən
buraxırlar və onu yenidən kəşfiyyat üçün Bakıya bolşeviklərin
dəstəsinə göndərirlər. Lakin M.C.Bağırov sonralar tərcümeyi-halında
bu hadisəni bolşevik mənafeyinə uyğun təsvir edirdi. "Bakıdan
gəlmiş qırmızı qvardiyanın instruktorları R.Rubiridze və Kavtoridze
Alyoşa Qusarda yerləşən Ə.Zizinski ilə danışıqlar apararaq Qubanı
tərk etmək barədə razılığa gəlirlər. Qubaya yeni təyin olunmuş
komissar Qoberidze bu vaxt Bakıda idi. Həbsdə oturan zaman mən bu
danışıqlardan xəbərdar olduğum üçün Ə.Zizinskinin və Həmidulla
Əfəndinin əlinə düşməmək üçün Qoberidzenin icazəsi olmadan Qubada
həbsdən qaçaraq Bakıya gəlirəm".
Bakıya gələn Mir Cəfər bolşeviklərlə məsləhətləşmələrdən sonra
yol. Petrovun dəstəsinə yazılır. Mayın 28-də Gəncədə Azərbaycan
Demokratik Respublikası yaranır. ADR yarandıqdan sonra Ə.Zizinski
Bağırovu özünə köməkçi götürmək üçün Müsavat hökumətinin Daxili
İşlər nazirinə məktub göndərir, ancaq sonradan onun kəşfiyyatda
qalmağı daha vacib sayılır. Mir Cəfər Petrovun dəstəsi ilə Bakını
tərk edərək Həştərxana gəlir. O, burada Rusiya kommunist
bolşeviklər partiyasına qəbul olur.