Müsahibimiz YARAT Müasir İncəsənət Mərkəzinin təsisçisi
və direktoru Aida Mahmudovadır. YARAT – qeyri-kommersiya təşkilatı
4 ildir fəaliyyətdə olsa da, bu ilin martın 24-də özünə məxsus
binasının açılışı olub. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 m2
təşkil edən, vaxtilə sovetlər dövrünün möhtəşəm hərbi donanma
obyekti olmuş tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan
sonra, indi o, YARAT-a məxsusdur. Qısaca qeyd edək ki, YARAT
azərbaycanca "yaratmaq" mənasındadır. Aida Mahmudova təsisçisi
olduğu təşkilatın yaranma ideyasından tutmuş gələcək planlarına
dair bütün suallarımızı özü cavablandırıb.
- Aida xanım, YARAT Müasir İncəsənət Mərkəzini açdınız.
İndiyədək kiçik məkanlarda, müxtəlif binalarda fəaliyyətiniz mövcud
idi. Lakin indi YARAT-ın özünəməxsus binası var. Mərkəzin fəaliyyət
spektrləri nədən ibarət olacaq? Açılışla bağlı təəssüratlarınızı
bilmək istərdik.
- Bakıda müasir incəsənət ocağı – YARAT Müasir İncəsənət
Mərkəzinin açılması bizim fəaliyyətimizdə mühüm mərhələdir. Müasir
incəsənətə yol açan qeyri-kommersiya təşkilatı olaraq YARAT dörd
ildir ki, fəaliyyətdədir. Bu müddət ərzində biz Azərbaycanın
mədəniyyət mənzərəsində özümüzə məxsus yer tutmağa müvəffəq
olmuşuq. Həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə xeyli insanın
diqqətini qazana bilmişik. İşimizin başlanğıcından bəri məni
ruhlandıran, səylərimizi artırmağa sövq edən bizim sərgilərə
gələnlərin, praktiki məşğələlərimizə qatılan və keçirdiyimiz
festivalları izləyən ən müxtəlif adamların maraq və diqqətidir.
Tədbirlərimizin ziyarətçiləri və iştirakçıları arasında elə
ailələr, uşaqlar, valideynlər, bacılar və qardaşlar da var ki,
onlar artıq bizim icmamız olublar. İstəyirdik, YARAT üçün elə bir
məkan seçək ki, bu məkanda auditoriya ilə təmas qura bilək.
Mərkəzin əsas ideyası insanları dəvət etməklə rəssamlarla ümumi
ictimaiyyət arasında müzakirələr həyata keçirmək, maraq kəsb edən
məsələlərə dair fikir mübadiləsi aparmaqdır.
- Gəlin, bu təşkilatın yaranmasına - 4 il öncəyə
qayıdaq. Ötən müddət ərzində olan fəaliyyətinizi qısaca necə
xarakterizə edərdiniz?
- Ötən 4 il ərzində YARAT təhsil sahəsində bir neçə layihə
reallaşdırıb. YAY qalereyası, xüsusilə master-klasslar, seminarlar
həyata keçirmişik. Eyni zamanda universitetlərlə əməkdaşlıq edirik.
Gənc rəssamlar üçün proqram yaratmışıq. Rəssamlar Azərbaycanın
müxtəlif bölgələrinə səfər etməklə uşaqlar üçün təlimlər
keçiriblər. YARAT Bakıda, iki Pablik Art festivalı keçirib, şəhərin
muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən
isə 55-ci Venesiya Biennalesində sənətkarlarımızın iştirakını təmin
edən tədbirlərinin həyata keçirməsini və beynəlxalq Art Dubai
incəsənət yarmarkasında qeyri-kommersiya təşkilatı kimi iştirak
etməyini qeyd etmək olar. Mərkəzin yaradılması ilə isə ilk növbədə
müzakirəyə dəvət etdiyimiz rəssamların sərgisini təşkil edəcəyik.
Mərkəzlə tanışlıqla yanaşı, ciddi müzakirələr olacaq, ictimaiyyətə
suallar vermək şansı yaradacağıq.
- Yəni?
- Auditoriya ilə rəssam arasında qarşılıqlı əlaqə çox vacibdir.
Rəssamlar hər zaman çalışırlar ki, insanlarla ünsiyyət saxlasınlar.
Bəzən insanlar soruşurlar ki, əsərin mənası nədir, çox açıq şəkildə
hansısa əsəri başa düşmədiklərini söyləyirlər və rəssamdan xahiş
edirlər ki, bunu başa salsın. Rəssam bəzən saatlarla öz
auditoriyasına bunu başa salmağa çalışır. Bu, doğrudan da müsbət
haldır. Deyərdim ki, son 4 il ərzində layihələrimizə kifayət qədər
auditoriya toplaya bilmişik.
- Müasir incəsənət sahəsində hansı dəyişiklikləri
müşahidə etmisiniz?
- Biz 4 il əvvəl fəaliyyətə başlayanda əmin deyildik ki, bu nə
dərəcədə insanlara maraqlı olacaq. Adamlar YARAT-ı nə dərəcədə
müsbət qəbul edəcəklər. İlk təqdimatımızı keçirəndə çox sayda
insan, xüsusilə gənclər gəlmişdi. İndi dəqiq rəqəmi xatırlaya
bilmirəm. Geniş maraq məni sözün həqiqi mənasında təəccübləndirdi.
İnanırdım ki, bu cür ictimai festivallar keçirdikcə insanların
marağını cəlb edə biləcəyik. Deyə bilərəm ki, YARAT Müasir
İncəsənət Mərkəzininin açılışında 300 nəfərdən çox insan iştirak
etdi. Hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki biz insanlara
nə isə göstərə və onlardan nə isə qəbul edə bilirik. Müasir
incəsənət çətin anlaşılır və qəbul edilir, ancaq insanlarda bu
sahəyə maraq var. Bir çox insanlar maraq xatirinə gəlib
sərgilərimizə baxırlar və başa düşməyə çalışırlar.
- Yalnız rəssamlıq sahəsində deyil, YARAT-ın
fəaliyyətini başqa istiqamətlərə yönəltməyi
düşünürsünüzmü?
- Əlbəttə, bunun üçün bizim hər bir şəraitimiz də var. Burada
müəyyən səhnələr qoya, filmlər sərgiləyə bilərik. Çox gözəl sərgi
zallarımız var. Biz də öz tərəfimizdən cəsur davranmalıyıq və
fərqli təcrübəyə və təəccüblü eksperimentlərə açıq olmalıyıq.
Fərqli janrlardan istifadə edən rəssamlarla işləyəcəyik.
Azərbaycanın musiqi və teatr tarixi çox zəngindir. İstərdim ki,
bizim konsert zallarımız da fəaliyyət göstərsin, teatr
truppalarına, sənət adamlarına da qapılarımız açıq olsun. Biz
başlanğıcdan indiyədək xeyli inkişaf etmişik. YARAT-ı Müasir
İncəsənət Mərkəzi adlandırırıq. Amma burada yalnız vizual
incəsənətdən söhbət getmir. Burada söhbət müasir mədəniyyətdən
gedir.
- 2015-2016-cı illər üçün planlarınız nədən
ibarətdir?
- Bildiyiniz kimi, Mərkəzimizi martın sonunda açdıq. İyunadək
tanınmış rəssam Şirin Neşatın "Gözlərimin evi" adlı gözəl
layihəsini həyata keçirəcəyik. YARAT Müasir İncəsənət Mərkəzinin
kurator-direktoru Suad Qarayeva başqa bir layihəyə rəhbərlik
edəcək. Bu, 100 faiz dəqiq deyil deyə hələ elan etməmişik. İl
ərzində 3-4 layihə nəzərdə tutulur. Daimi kolleksiyamız davamlı
olaraq genişlənməkdədir. Biz ekspozisiyaları dəyişirik, yeni sənət
əsərləri nümayiş etdiririk. Hər dəfə yeni ekspozisiyalar yeni
mövzular ətrafında olur. Sərgilərə və Mərkəzdə apardığımız
layihələrə paralel olaraq maarifləndirmə, təhsil proqramı da həyata
keçiririk. Növbəti sərgi virtual media vasitələri ilə öz sənət
əsərlərini yaradan rəssamları bir araya gətirəcək.
- Bakıdakı iş mühiti və YARAT-ın təsis mühiti barədə
danışdınız, 2008-ci ili təsəvvür edək, son 4-5 il ərzində çox
dəyişiklik oldu. YARAT böyük yenilik idi. Nə Sizi YARAT-ı təsis
etməyə sövq etdi?
- Mən özüm rəssamam. Həmişə incəsənətə qarşı çox həssas olmuşam.
Başqa rəssamların hisslərini və narahatlıqlarını başa düşə bilirəm.
Bu, incəsənətə baxışın maraqlı formasıdır. Hər zaman istəmişəm ki,
daha böyük icma, qrup yaradım, rəssamlar birgə işləsin, güclərimizi
səfərbər edək. YARAT-a qədər Azərbaycanda başqa təşkilat vardı. Çox
kiçik təşkilatlar idi. Məsələn, "Zamanın qanadları" adlı təşkilat
vardı, Leyla Axundzadə adlı şəxs onu təsis etmişdi. Təəssüf ki, o,
artıq bizimlə deyil. Ancaq o, çox işlər görmüşdü. Hazırda
çalışdığımız rəssamlarla çox yaxınlaşmışıq, onlarla dostlaşmışam.
Mən artıq YARAT-da işə başlayanda, buna xəyal deməzdim, amma
rəssamlara dəstək verəcək platforma arzusunda olmuşam. İstəyirdim
ki, rəssamlar üçün şərait yaransın, onlar gələcəkləri barədə əmin
olsunlar. Çünki bir çox rəssamlar perspektivlə bağlı çox narahatlıq
keçirirlər. İnsan rəssamlığı seçirsə, bir çox riskləri qəbul etməli
olur. Bir sıra rəssamlarla birgə YARAT-ı təsis etdik. Maraqlıdır
ki, bu proses çox sürətlə getdi. Aparıcı qüvvəmiz incəsənətə olan
məhəbbətimiz idi. Həmişə istək vardı, sadəcə olaraq münasib mühit
olanda və vaxt yetişəndə mən bu addımı atdım. YARAT-ı təsis edəndə
təsəvvürümə gətirə bilmirdim ki, belə bir təşkilatı necə idarə
edəcəyəm. Bu sahədə təcrübəm yox idi. Əlbəttə ki, həmkarlarım və
digər rəssamlar da bunu bilmirdilər. Biz öz intuisiyamıza, daxili
hissiyatımıza etibar etdik və təşkilatı inkişaf etdirdik. Hazırda
YARAT peşəkar təşkilatdır, özünün strateji planı var, konkret
strukturu olan ətraflı plandır. Bir sözlə, YARAT başlanğıcda
hissiyyata və istəyə əsaslanan təşəbbüs idi.
- Bayaq vurğuladınız ki, təsisçisi olduğunuz təşkilat
təhsil layihələri də həyata keçirib. Hansı universitetlərlə
əməkdaşlıq etmisiniz?
- YARAT Dövlət Rəssamlıq Akademiyasında mühazirələr aparıb. Biz
bu akademiya ilə indi də əməkdaşlıq edirik. Ötən il və ondan
əvvəlki il mühazirələr və seminarlar seriyası həyata
keçirmişik.
- Niyə bizim rəssamların sərgiləri adətən, Avropa
ölkələrində keçirilir, amma Şimali Amerikada rəssamlarımızın
səgilərinə rast gəlmək olmur? Bunun xüsusi səbəbi
varmı?
- Mən may ayında Şimali Amerikada öz sərgimi təşkil edəcəyəm.
Bunu böyük məmnuniyyətlə bəyan etmək istərdim. Biz ABŞ-la çox sıx
əməkdaşlıq edirik. Amma öz işlərimizi təqdim etmək üçün konkret
məkanımız da var. YARAT Müasir İncəsənət Mərkəzinin zallarından
fəal şəkildə istifadə etmək niyyətindəyik. Təbii ki, beynəlxalq
səviyyələrdə işimizi yenə aparacağıq. Ancaq xarici ölkələrdə
sərgiləri məhdudlaşdırmaq istəyirik. Çünki sərgilərimizi daha çox
Mərkəzimizdə keçirəcəyik. Eyni zamanda qlobal fəaliyyət də davam
edəcək.
Teleqraf.com