Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə
qəbulu elan edib.
Axar.az-ın TQDK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə,
ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılacaq.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən
abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə
(eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti
təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə
etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.
Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş
SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə
etmək olar.
"Abituriyentin elektron ərizəsi" formasını doldurulduqdan sonra
ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən
kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd
Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq
edirlər:
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta
məktəbi) 2015-ci ildə bitirən abituriyentlər;
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci,
2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili
müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız
abituriyentlər;
2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə
elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin
abituriyentlər ərizələrinin təsdiqini aprelin 7-dən aprelin 30-dək
təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri
istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən
kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin
xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları
ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış
SQK-larda təsdiq etdirirlər.
Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış
SQK-da təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta
təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə
ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV
ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər
həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik)
orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.
I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarında
təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini
təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən
yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb
olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim
etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin
seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı
yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata
alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən
mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak
edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq
müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl
üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.
"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən III qrupun
abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən
sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində
"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin
qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan
keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının
nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda,
təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu
mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər
ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.
Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün
təlimat, "Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi
təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət
tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar
"Abituriyent" jurnalının 2-ci sayında təqdim olunub.