Binəqədi
kənd sakinlərinin şikayətlərinə baxılmır
"Sizin
heç insafınız yoxdurmu? Niyə gəlib yaşayışımızı görmək istəmirsiz?
Niyə səsimizi eşitmirsiz? Heç olmasa, siz bizi
dinləyin!"
Telefonda
deyilən bu ürəkağrıdıcı sözlərin ardınca Binəqədi
kəndi,
Mikayıl
Ələkbərov-7-də yaşayan Bağırova Ümidə Əlimirzə qızının yaşadığı
ünvana yollandıq.
Bəs
deyirlər, hər şey yaxşı olacaq?
Dəfələrlə
Binəqədi kənd İcra Nümayəndəliyinin başçısı Ramiz Həsənzadəyə və
kənd bələdiyyəsinin sədri Tamerlan Quliyevə müraciət etsə də, onun
səsinə səs, hayına hay verən olmayıb. Elə xanımın Binəqədi rayon
İcra Hakimiyyətinə ünvanladığı şikayət məktubları da cavabsız
qalıb. Özü xəstə olan, "böyrəkləri sözünə baxmayan" xanım 8 aylıq
uşaqla 75 yaşlı atasına və bibisinə də baxmağın ona çox çətin
olduğunu deyir. Üstəlik, 26 yaşlı qardaşı Nizami də iş tapa bilmir.
Ailənin yeganə gəliri xəstə qocaların 150 manatlıq təqaüdü və
onlara verilən 120 manat civarında sosial yardımdır. Çətinliklə
yaşasalar da, şikayətləri heç də bu deyil, iş tapsalar,
işləyəcəklər.
Elastik
tavan, quzulayan divar və...
Ümidə
xanımın yaşadığı evin darvazasından içəri girən anda səfalətlə
qaşılaşacağımızın fərqinə vardıq. Ev 4 otaqdan və bir kiçik
mətbəxdən ibarətdir. Hamam-tualet həyətdədir. Bütün otaqlar bərbad
haldadır. Tavan çöküb, döşəmə elastik bir hal alıb. Ayaqlarını
basdıqca köhnə, nəm taxtalar aşağı çökür. Döşəməyə sərilmiş
xalça-palaz isə axşamdan yağan yağışın suyunu hələ də canında
saxlamaqdadır. Divarlar "quzulayıb". Qumqarışıq sement örtük
ovularaq divar boyunca səpələnib. Mənzildə təmizlik işləri aparılsa
da, tör-töküntü yenə də hiss olunur. Yağan yağış illərdir ki, divar
boyunca üzü aşağı izlər buraxıb. Qonaq otağının tavanından səmanı
seyr etmək olar. Evin damının şiferləri qırılıb, təzələyə
bilmirlər.
-
Şifahi çox demişik, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi bizi
heç yada salmadı. Bir aydan çox olar, yenə də dedik. Yenə eyni
şey... – Göz yaşlarını silir. - Uşağıma yedirirəm, özüm ac qalsam
da olar, – deyir. Redaksiyanın adından ailəyə az da olsa yardım
edirik.
Bələdiyyə
sədri də adamdır da...
Ümidə
xanımla xudahafizləşib, Binəqədi qəsəbə bələdiyyəsinə baş çəkirik.
Burda bizə deyirlər ki, sədr elə indicə çıxıb, ərazidədir, seçkiyə
hazırlıq işləri görür. Bələdiyyədə üz tutası, söz soruşası heç kəs
tapılmır. Narazılıq edirik. Kənardan yaşlı və kök kişi:
- Nə
istəyirsiz, bələdiyyənin sədri elə burda oturmalıdır? Onun
xeyri-şəri yoxdu? Bələdiyyə sədri də adamdır də... –
deyir.
Səhər
tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi?
Qəsəbə
İcra Nümayəndəliyində də olduq. Qəbul otağında iki nəfər yaşlı
qadın oturmuşdu. Söhbətlərindən belə anlaşılırdı ki, problemlərinin
həlli üçün dəfələrlə burda olublar. Lakin icra nümayəndəsini tapmaq
mümkün olmayıb.
Fotoqrafımızı
görən kimi jurnalist olduğumuzu bilirlər. Ramiz müəllimi soruşuram.
"Elə indicə burda idi. Yaxşı adamdır".
Söz
atıram, söhbət başlayır.
- Bizim
heç bir şikayətimiz yoxdur. Gəldik eləcə soruşaq, görək, seçki günü
səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi? (Material
prezident seksinidən öncə hazırlanıb. – Red.)
Görülən
işlərdən niyə yazmırsız?
Bayırda
YAP-ın Binəqədi kənd sədri Ağabala Musayevlə tanış oluruq.
Məqsədimizi deyirəm.
-
Bilirəm, o yazıqlar iki ildir qapıları döyməklə məşğuldur. Bir neçə
dəfə iclaslarda bu məsələni gündəmə gətirmişəm. Mənim
səlahiyyətimdən kənardı. Amma yüz faiz o evi təmir edəcəklər.
Görülən işlər də var, onlardan niyə yazmırsız? Məsələn, bir qadının
evi kanalzasiyadan, ətrafdan axan qurunt sularından qəzalı
vəziyyətə düşüb, tamam uçub dağıldı. İcra başçısına qədər çıxdım,
heç bir təmənna güdmədən evinin tikilməsinə icazə aldım.
Bizi
həmin evə baxmağa dəvət edir.
SOKAR
icra hakimiyyətinə mane olur
- SOKAR
ayağını dirəyib yerə. 4 şifer qalıb, qoymur vursunlar. Dünənki
yağışdan sonra yazıqlar harda yatacaqlarını belə bilmirlər,- sədr
deyir.
YAP
sədrinin təkidi ilə tikilən evə çatırıq. 2-ci Mədən küçəsi-87
ünvanında yerləşən evin həyətində divanın üstündə islanmış yataq
dəstlərinin arasında bir pişik özünə yer edib,
xumarlanır.
- Bütün
yaşayış korpuslarının kanalizasiya suları bax bu evin altından
keçir. Yazığın evi uçub-dağıldı. İcra başçısı, icra nümayəndəliyi
evin tikilişinə icazə verdi. İndi Neft Şirkətinin mühafizəçiləri
son dörd şiferi vurmağa icazə vermir. Dünəndən azyaşlı uşaqlar
qalıb yağışın altında. Rayon rəhbərliyinə də müraciət etdik,
vəziyyəti məruzə elədik, başçı da dedi ki, tiksin, sakinimizdir, nə
olsun sənədsiz tikilən ev olub, uçub-dağılıb da, kömək edin...
Ancaq SOKAR müdaxilə edir. Hələ bildirirlər ki, prezident seçkiləri
bitər-bitməz evi tamamilə sökəcəklər.
Biz
tikirik, SOKAR sökür
Qonşular
topalaşır. Gülər Camalova adlı sakin:
- Hər
kəsə demişik. Kanalizasiya problemimiz var. Aldadıb səsimizi,
imzamızı alırlar, amma dedikləri sözün üstündə durmurlar, -
deyir.
YAP
sədri işin qəlizləşdiyini görür:
- Düz
1200 metr məsafədən su çəkdirtdim bura. Bu, axı partiyanın işi
deyil. Hər kəs öz işini görsə yaxşıdır. Prezident dedi axı, dedi
ki, sənədsiz evləri sənədləşdirin. Bunlar isə sökür. SOKAR-ı
deyirəm...