Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun
dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə
bağlı Nəsimi Rayon Məhkəməsində bu gün sonuncu proses
keçirilib.
Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin
hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, məhkəmə
prosesində təqsirləndirilərək mühakimə olunan anesteziloq Firuz
İbrahimova hökm oxunub.
Təqsirləndirilən Firuz İbrahimov cəzasını iki il məntəqə tipli
cəzaçəkmə müəssisəsində çəkəcək. Həkim bu cinayət hadisəsini
birinci mərhələdə ehtiyatsızlıqdan törədibsə, ikinci hissədə
təqsirləndirilən şəxs sənədləri saxtalaşdırma cinayətini qəsdən
törədib. Bu səbəbdən cəzanın rejimi seçilərkən ümumi rejimli
seçilməli və o, azadlıqdan məhrum edilməli idi.
Biz hökmdən narazı qaldıq. Bunu məhkəmə sədrinə də bildirdik.
Hesab edirik ki, cəza adekvat deyil. Törədilmiş cinayət əməlinə
uyğun cəza verilmədi. Cəza daha sərt olmalı idi və o, cəzasını
ümumirejimli cəza çəkmə müəssisəsində çəkməli idi. Bu, çox
ədalətsiz qərardır. Bu səbəbdən də apelyasiya şikayəti
verəcəyik".
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi
başlanılmışdı.
2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan
alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun
icraatına verilib.
Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə
məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlamışdı. Bu gün sonuncu
proses keçirilib.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq
Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunurdu. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar
müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi
Rayon Polis İdarəsinə göndərilib.
Hazırda F.İdrisov barəsində CM-nin 178.1-ci maddəsi ilə açılan
cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin
icraatındadır.