Ana səhifə Toplum |
Los Ancelesdə erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub.
Bu barədə Axar.az-a Los Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.
Qeyd olunur ki, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin Nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.
M.Yevdayev Ermənistandakı anti-semitizmin baş alıb getdiyini, nüfuzlu “Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən anti-semit ölkə olduğunu dilə gətirir.
Müəllif bundan başqa Ermənistanın İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər bir erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini qeyd edir. Los Ancelesdə qeyd olunan aksiyanı keçirən Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) təşkilatının da vaxtilə məhz Q.Njde tərəfindən yaradıldığını diqqətə çatdırır.
M.Yevdayev eyni zamanda bir neçə gün öncə Ermənistanın Almaniyanın “Almaniya üçün Alternativ” (Alternative für Deutschland) partiyasının neo-nasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini bildirir.
M.Yevdayev Ermənistanın bütün bu qanunsuz və insanlıqdan kənar hərəkətlərinin fonunda yəhudi, müsəlman və xristianların çiyin-çiyinə birgə xidmət göstərdikləri Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalimizi qorumaq və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək yolunda inamla irəlilədiyini vurğulayır.
ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi (Simon Wiesenthal Center) Milix Yevdayevin məqaləsini öz “Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc adlandırıb və Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə ərazisində xristian və yəhudilərin hüquqlarının qorunduğunu və İsraillə yaxşı münasibətlər qurulduğunu qeyd edib.
Məqalə ABŞ-da geniş yayılıb.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar.
Tarix
2020.10.27 / 09:38
|
Müəllif
Axar.az
|