Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun
dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib. Layihənin
rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün
Əliyeva olub.
Layihəni Cəmil Hüseynova təhvil verdim
Festivalla bağlı "Axar.az"a bir neçə iştirakçı şikayət edərək
narazılığını bildirib. Əsas narazılıqlardan biri "ən yaxşılara" pul
mükafatı vəd olunsa da, verilməməsi idi. Biz də bu şikayətlərlə
bağlı Aygün xanımla əlaqə saxladıq. Aygün xanım bildirdi ki, o,
layihəni qazansa da, həyata keçirməyib:
"Mən o layihəni fevral ayında udmuşam, daha sonra mənə bir
dövlət işi tapşırıldı və layihəni Cəmil Hüseynova təhvil verdim.
Layihə ilə bağlı nə sualınız varsa, ona ünvanlayın. Çünki mənim
orda heç bir şeydən xəbərim yoxdur. Mən layihənin heç bir işi ilə
maraqlanmamışam və məşğul ola bilməmişəm".
Sonra büdcə imkan vermədiyinə görə...
Cəmil Hüseynovla əlaqə saxladıq. Cəmil Hüseynov bildirdi ki,
layihə lap əvvəl, hələ hazırlanan vaxtda bu məbləğ nəzərdə
tutulmuşdu:
"Layihə hələ işlənən vaxtda belə bir məbləğ nəzərdə tutulmuşdu,
amma daha sonra büdcə imkan vermədiyinə görə ləğv olundu.
Əsasnamədə də göstərmişik ki, təkcə 1-ci, 2-ci, 3-cü yerlərə
mükafat veriləcək. Mən layihə rəhbəri deyiləm, sadəcə olaraq,
köməkçiyəm. Aygün xanımla danışdım, deyir ki, mən özüm ümumiyyətlə
mətbuata açıqlama verməmişəm".
Cəmil bəy təqdim olunan filmlərin hamısına baxılmadığı barədəki
narazılığa da aydınlıq gətirdi: "Festivala 34 film iştirakçı kimi
təqdim olunub. Birinci mərhələdə kinoşünas Tünzalə Babayeva
filmlərə baxış keçirib. Filmlərdən 15-i baxışdan keçib və jürinin
ixtiyarına verilib. Təqdimatın əvvəlində təqdim olunan çarxda
istifadə olunan kadrlar da o 15 filmdən idi".
Belə ümumiləşdirmə olmaz
Festivalın jürilərindən biri olan yazar, ssenarist İlqar Fəhmiylə əlaqə
saxladıq. İlqar Fəhmi təqdimatda iştirak edə bilməməsinə aydınlıq
gətirdi:
"Uşaqlar əziyyət çəkib ortaya yaxşı işlər qoymuşdular. Mən,
sadəcə, vaxt qıtlığından təqdimatda iştirak edə bilmədim. Heç bir
narazılığım yoxdu, sadəcə, sistemi düz qurmamışdılar.
Təşkilatçıların özlərinə də dedim. Ümumiyyətlə, 1-ci, 2-ci yer
düzgün deyil, ən yaxşı ssenariyə görə, ən yaxşı aktyorluq işinə
görə 1-ci, 2-ci, 3-cü yer təşkil etmək olardı. Elə filmlər vardı
ki, ssenari maraqlı idi, aktyor-rejissor işi yox, ya da əksinə,
aktyor-rejissor işi güclüydü, lakin ssenari çox zəif. Təşkilati
işlərdə bir az təcrübə lazımdı, belə ümumiləşdirmə olmaz.
İki yerin səssiz filmlərlə verilməsi ilə bağlı deyə bilərəm ki,
ssenari baxımdan daha çox xoşuma gəldi, siqaret əleyhinə olan film
xüsusilə, fərqli, maraqlı yanaşmaydı, standartdan kənar idi, ona
görə mən onu dəyərləndirdim. Mənə 15 film gəlmişdi, düzü, o
birilərindən xəbərim yoxdu".
Bu, hansısa peşəkar film festivalı deyil
Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz
Şəmiyevsə festival barədə bunları bildirdi: "Nə qədər film qəbul
olunub-olunmayıb, buna təşkilatçılar nəzarət edirdi. Bizə jüri
olaraq 15 film təqdim olunub. 15 filmin içərisində 1-ci, 2-ci, 3-cü
yerlər idi, "aktyor işi", "operator işi" və "ən yaxşı ssenari"
nominasiyaları var idi orda.
Bu, gənclərin film festivalı idi, burada filmlərin səssiz
olub-olmaması o qədər də önəmli deyil. Bu, hansısa peşəkar film
festivalı deyil, elə gənclərin təşkil etdiyi layihə idi. Burada
kino şirkətlərində çəkilmiş filmlər yox, fərdi şəkildə hazırlanmış
filmlər iştirak edirdi. Ona görə burada hər hansı bir dialoqun,
səsin yaxşı olub-olmaması o qədər də önəmli deyil, burada əsas
məsələ filmin kinematoqrafik həllinin olub-olmaması məsələsiydi. Bu
meyarlar əsas götürülüb və filmlər də bu meyarlara əsasən seçilib.
Ancaq rejissorun özünün bədii yanaşması, əsas məsələ kinoda budur
və əsas istiqamətlər də bu götürülüb".
Qeyd edək ki, "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ən yaxşı
operator" işinə görə qaliblərə 100 manat müqabilində pul
mükafatının verilməsi məsələsi başqa saytlarda xəbər verilib.