Xəbər verdiyimiz kimi, ANS şirkəti ATV-nin aparıcısı
Mətanət Əliverdiyevanın efir səhvinə bir-birinin ardınca süjetlər
həsr etməkdədir. ANS-in 21:00 buraxılışında efirə gedən sözügedən
süjetlərdən daha birini təqdim edirik:
Necə oldu ki, ATV
telekanalının efirində bu baş verdi? Yəni bu birdən-birə oldu,
yoxsa həqiqətən də ATV-də faciədə həyatını itirən 15 nəfəri "külək
apardı" deyə düşünürlər. Müstəqil Azərbaycan mediyasının güclü
qələm sahiblərindən olan və 20 ildir ki, jurnalistikada dediyi hər
sözünün ağası olmağı bacaran həmkarımız faciə qurbanlarını "külək
apardı" deyə düşünən aparıcının davranışını təhlil
edib...
***
Yanan binanın fonunda Mətanətin də özünü yandırması dünəndən
sosial şəbəkələri və cəmiyyəti məşğul edib və açığı bu haqda
danışmaq şəxsən mənə ağırdır. Ən azından ona görə ki, onunla
illərdir ANS-də çiyin-çiyinə çalışmışıq. Yəni o, ANS-in şinelindən
çıxıb. Və nə qədər ki, Mətanət ANS-in şinelini geyinmişdi,
zənnimcə, hər şey qaydasındaydı. Səsi, diksiyası onu xəbər adamı
etmiş və sevdirmişdi. Elə ki, bu şineli soyundu, hər şey də
çılpaqlığı ilə ortaya çıxdı.
Şpaqat açdığı gün o, artıq milləti təhqir üçün ayaqyeri
qoymuşdu. Hər halda, o vaxt bu şpaqat məsələsi uzun müzakirələrə və
ciddi qınağa səbəb oldu. Bircə Mətanətin özü bunu təqdir etdi. Dedi
əcəb edirəm, paxıllıq edirsiz mənə. Mən ilk dəfə onda məyus oldum.
Əgər Mətanət intelelktinə görə kolleqalarının ona paxıllıq etdiyini
səsləndirsəydi, buna sevinərdim. Təəssüf. O, efirdə olduğu bu
müddət ərzində intellektindən başqa hər şeyini sərgilədi.
Məncə bu vəziyyətdə əcaib duruma düşən müğənni Rəhim deyildi,
həm də sən idin Mətanət. Sənə milyonların qarşısına çıxmağın üçün
ideal şərait yaranıb. Hansı ki, bu şəraiti nə mənə, nə bir
başqasına yaradıblar. Axı sənin imkanın var ki, bu xalqı, bu
milləti maarifləndirəsən, eybi yox, reytinq xatirinə verilişinin
gözünə bir az şou, lap elə bir az şor da qat, amma lütfən şitlik,
bayağılıq qatma. Şıllağı da atanda elə at ki, təpiyin vurub
camaatın gözünü çıxartmasın. Axı bu millətin gözü səninki kimi
linza deyil, tərəzidir. Onlar çox yaxşı bilir ki, çıxışın nəyə
hesablanmışdı?
Hər halda, atalar yaxşı deyib. "Söz ki, ağızdan çıxdı sənin
deyil". Gərək sözü bişirib çıxarasan. Sən isə nə bunu bacardın, nə
də üzr istəməyi. Əksinə, özünə haqq qazandırdın. Timsah göz yaşları
ilə balana qarğış edənləri qınadın. Kimsə durub sənin təbirincə
desə ki, niyə qıcıqlanırsan, "bir küləkdi, əsdi keçdi", yeri var.
İnsanların hisləri ilə oynamaq "Gündəlik"də oynamaq qədər asan
məsələ deyil.
Təhqir varsa, gərək üzr istəmək mədəniyyəti də olsun. Sənsə bunu
istəmədin. Çalışdığın kanal da yanlış olaraq bu səhv mövqeyi
müdafiə elədi. Ona görə də, iki milyonluq istifadəçisi olan
"Fecebook"da artıq ATV kanalını baykot edən 3-cü ivent yaranıb.
Hamı Mətanət getsin deyir. Bilmirəm gedəcəksən, yoxsa yox. Öz
işindir. Amma qalacaqsansa, sən Allah üzümüzün suyunu tökmə. Özün
demişkən, bir az özünə gəl. Bu sənə bir köhnə dost, bir kolleqa
məsləhətidir.
Unutmayaq aparıcının fikri aparıcının mövqeyidir. Kanal onu
müdafiə edəndə həmin mövqe aparıcının mövqeyi olmaqdan çıxır və
kanalın mövqeyinə çevrilir. Qanqaraldıcıdı. Azərbaycan teleməkanına
heç yaraşmayan iş idi.