Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov baş nazirin müavini Abid Şərifova açıq məktub
yazıb.
Report-un xəbərinə görə, Ə.Amaşov vurğulayıb
ki, Azərbaycan dövlətinin daxili siyasətində media mühüm
həlqələrdən birini təşkil edir: "Bu siyasətdə yönümündən,
mövqeyindən asılı olmayaraq heç bir kütləvi informasiya vasitəsinə
fərq qoyulmur. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, media
ilə bağlı siyasət yalnız daxili mahiyyət daşımır. Həssaslığı ilə
seçilən sahə demokratik inkişafın vacib atributu sayılan söz və
ifadə azadlığı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu,
bütövlükdə mütərəqqi dünya ictimaiyyətinin bəyan etdiyi başlıca
prinsiplərdəndir. Demokratik inkişaf yolunda inamla addımlayan
Azərbaycan Respublikasında da məsələnin mahiyyəti dəfələrlə
vurğulanıb. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident
İlham Əliyev çıxışlarında jurnalistikanın cəmiyyət həyatındakı
rolundan söz açmaqla, dövlət siyasətinin effektivlik meyarlarının
təhlilində medianın müstəsna missiyasını qabardıblar. Onların
səsləndirdikləri fikirlər ölkəmizdə media-hakimiyyət
münasibətlərinin fundamentallığını təsdiqləməkdədir. Hesab edirik
ki, hər bir dövlət məmurunun bunları nəzərə alaraq fəaliyyət
göstərməsinin ümumi işə böyük faydası var".
Şura sədri bildirib ki, Binəqədi rayonundakı 16 mərtəbəli binada
baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək
istədiklərini ifadə etmək də ümumi işə fayda baxımından önəmlidir:
"Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq
həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin
gözləntilərə adekvatlığı şərtdir. Abid müəllim, kifayət qədər
idarəçilik təcrübəniz var. 15 nəfərin həyatına son qoymuş yanğın
ətrafındakı məsələyə münasibət bildirirdiniz. Münasibətinizin
dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin
dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli,
vətəndaşa dövlətinə inamı aşılamalı olduğu qənaətindəyik".
Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası media ictimaiyyətinin
tərkib hissəsidir: "Biz mövcud məkanda baş verən proseslərdən
xəbərdarıq. Bəli, jurnalistikamız kifayət qədər peşəkar deyil,
ixtisaslaşma səviyyəsi zəifdir, digər problemlərimiz də var.
Nəticədə bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan
xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr
var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualun
qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlılıq dərəcəsindən asılı
olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının
sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı
sərf-nəzərdən keçirməlidir. Nəzərə almalıyıq ki, insanlarımızın
yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar mavi ekrandan
ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac
duyurdular. Nə dərəcə razı qaldılar, təbiidir ki, cavabınıza
münasibət heç də birmənalı ola bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Nazirlər Kabinetinin iclasında yanğın hadisəsinin dövlətimiz üçün
həssaslığını tam şəkildə ortaya qoydu. O, faciənin miqyasını təhlil
edərək ayrı-ayrı vəzifəli şəxslərin məsuliyyətini vurğuladı. Olayın
Azərbaycan mediası üçün ictimailik dərəcəsi məhz cənab İlham
Əliyevin çıxışındakı məqamlara əsaslandı. Jurnalistlər Prezidentin
şəxsində Azərbaycan dövlətinin məsələyə həssas münasibətini, ciddi
yanaşma tərzinin mövcudluğunu hiss etdilər. Dövlət başçısının
baxışı bütövlükdə cəmiyyətin mənafeyinin ifadəsi idi. Jurnalistlər
bu cür yanaşmanı bütün məmurlardan ummaqda haqlıdırlar".
Ə.Amaşov bildirib ki, mövcud prosesdə həm ictimai institut kimi
medianın, həm də dövlətin rolunun yüksəlməsinə ehtiyac var: "Uzun
müddət mühüm dövlət postundakı səmərəli fəaliyyətiniz,
jurnalistlərin Sizdən olan gözləntilərini hər zaman doğrultmağınız
məktubumuzda göstərilən məsələlərə həssas yanaşacağınıza, fikir və
düşüncələrimizi səmimi qarşılayacağınıza əminlik yaradır. Sizə
Azərbaycanın daha da çiçəklənməsinə yönələn işlərinizdə uğurlar
arzulayırıq".