Azərbaycanlıların böyük hissəsi Yaxın Şərqdə böyük
savaşın başlayacağına inanır.
Axar.az saytının keçirdiyi elektron sorğunu bu nəticə ilə
tamamlanıb.
2032 nəfərin iştirak etdiyi sorğuda respondentlərə "Yaxın Şərqdə
böyük savaş başlayacaqmı?" sualı ilə müraciət edilib. Sorğuda
iştirak edənlərin 44%-i savaşın başlayacağına inandığını bildirib.
Səsverənlərin 37%-i isə belə bir savaşa, ümumiyyətlə,
inanmadıqlarını söyləyiblər. Yerdə qalanlarlar isə Azərbaycan üçün
mühüm əhəmiyyət kəsb edən bölgədə belə bir savaşın onlar üçün
maraqlı olmadıqlarını bəyan ediblər.
Qeyd edək ki, 2001-ci ildə ABŞ qoşunlarının Əfqanıstana
girməsindən sonra Yaxın və Orta Şərq tarixində yeni bir dönəm
başlayıb. Daha sonra İraqa daxil olan amerikalılar burada indiyə
qədər stabillik yarada bilməyiblər. Əvvəlkindən daha bərbad
vəziyyətə düşən İraq artıq üç yerə parçalanma üzrədir.
Həmişə stabilliyi ilə seçilən Suriya da daxili çəkişmələrin
qurbanına çevrilib. Ölkənin şimalında faktiki olaraq, kürd
muxtariyyəti yaradılıb. Üstəlik, həm İraq, həm də Suriyanın
daxilində İŞİD-in formalaşdırılması Yaxın Şərqdə onsuz da gərgin
olan situasiyanı bir az da şiddətləndirib. Son bir neçə ay ərzində
ABŞ-ın İranla yaxınlaşmaq istəməsi, İsrailin buna kəskin mövqe
ortaya qoyması, bundan başqa, Rusiyanın da bölgədəki maraqlarını
(İran, Suriya) əldən vermək niyyətində olmaması bu coğrafiyada
bombanın fitilini alışdırıb. Yəməndə vətəndaş müharibəsi, Səudiyyə
Ərəbistanının bura qoşulması, üstəlik, İranın Fars körfəzində
dominantlığını qoruyub saxlamaq istəməsi və bununla bərabər
Yəməndəki qiyamçılara dəstək verməsi yeni müharibənin başlanğıcı
üçün zəmin hazırlaya bilər. Yaxın Şərqin ən mühüm parçası olan
Misirdə də vəziyyət yerində deyil. Misirdə Qərbin uzun müddət
bəslədiyi islam fundamentalistləri olan Müsəlman Qardaşlarının
lideri Mursinin digər qərbyönlü Prezident Sisi tərəfindən ölümə
məhkum edilməsi burada da fiqurların yenidən dəyişdirilməsinə səbəb
ola bilər. Türkiyəyə gəlincə isə, son seçkilər, kürdlərin
aktivləşməsi və İŞİD-in artıq türk sərhədləri yaxınlığında olması
Ankaranı heç də asan günlərin gözləmədiyini göstərir.