Axar.az
Yuxarı

Axar.Az Logo

İlham Əliyevin Naxçıvan səfəri... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Axar.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.

Dövlət başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ərazidə Start Komanda, Təhlükəsizlik Baxış, Texniki Nəzarət Məntəqələri, aviasiya texnikalarının saxlanması üçün anqarlar yaradılıb. Buradakı şərait bir daha təsdiqləyir ki, Silahlı Qüvvələrin idarə edilməsi sistemi kompleks şəkildə davam etdirilir və bu məsələdə Naxçıvan Muxtar Respublikasının müdafiəsi diqqət mərkəzində saxlanılır. Dövlətin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Təsadüfi deyil ki, 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bütün bunlar isə mətin ordumuzun qəhrəmanlığı sayəsində mümkün olub.

***

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, inşasına ötən il başlanan Mərkəzin tikintisi sürətlə davam edir.

Qeyd edək ki, dövlətimizin başçısının 2012-ci ilin iyulunda imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “Asan xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

Hazırda ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox, “ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev filialda yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu var. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb. Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir, xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur. Xalçaçılığı inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələri yaradılır.

Dövlətimizin başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Naxçıvan Xalça İstehsalı Emalatxanası, Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi fəaliyyətə başlayıb. 2019-cu ildə burada 27 ton, ötən il 55 ton olmaqla, ümumilikdə 82 ton yun tədarük edilib. “Azərxalça” ASC-nin Naxçıvan filialında 60-dan çox insan işlə təmin olunub.

***

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Dövlətimizin başçısı hospitalda yaradılan şəraitlə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.

Bildirildi ki, 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeçiliyinə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma, soyutma, elektrik və su sistemləri ilə təchiz olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yaradılan yeni müəssisələrdən biri də Süni Mayalanma Mərkəzidir. Dövlətimizin başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Burada inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına da geniş imkanlar açıb. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir. Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Burada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun 39 kilometri 2 zolaqlı, 11 kilometri isə 4 zolaqlıdır. Magistral yolda 4 yeni körpü tikilib, 6 körpü isə yenidən qurulub. Yolun üzərində 101 su keçidi quraşdırılıb, suaparıcı kanallar çəkilib.

Qeyd edək ki, müasir yol infrastrukturunun yaradılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir. Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib.

Xatırladaq ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamlarına əsasən inşa olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, son illərdə yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib. Araz çayı üzərində tikilən Ordubad Su Elektrik stansiyasının gücü 36 meqavatdır.

Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunub. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, suqəbuledici qurğu, çökdürmə və yükləmə hovuzları, derivasiya kanalı daxildir. Bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya kanalının bir hissəsində işlər artıq tamamlanıb. Tənzimləyici bənddə isə ümumi işlərin 80 faizi yekunlaşıb. Su elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 190 milyon kilovatt/saat nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Bildirildi ki, layihə üzrə içməli su mənbəyi kimi 5 subartezian quyusu qazılıb, Sutəmizləyici Qurğular Kompleksi inşa olunub, subartezian quyularından kompleksə təzyiqli boru xətti çəkilib. Kompleksə sutəmizləyici qurğu, nasos stansiyası xam və təmiz su anbarları daxildir. Sutəmizləyici qurğu gün ərzində 11 min kubmetr su təmizləmə gücünə malikdir. İş prosesi tam avtomatlaşdırılıb. Su anbarlarının səviyyəsinə, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunur. Subartezian quyularından kompleksə daxil olan su ozon qurğusu vasitəsilə dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür, mexaniki süzgəclərdə təmizlənib anbarlara yığılır, sonra paylayıcı su anbarına vurulur, şəbəkənin bir hissəsinə isə öz axını ilə verilir. Beləliklə, layihənin icrası sayəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.

Prezident İlham Əliyev Ordubad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti görüşdə çıxış etdi.İctimaiyyət nümayəndələrini salamlayan

Prezident İlham Əliyev dedi:

- Sizi təbrik edirəm, Ordubad şəhərinin içməli su ilə təmin edilməsi istiqamətində önəmli addımlar atıldı. Artıq Ordubad şəhərinə də təmiz içməli su verilir. Artıq bir müddətdir ki, şəhərin və Şəhriyar qəsəbəsinin sakinləri bu sudan istifadə edirlər. Çox əlamətdar hadisədir. Bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Son illər görülmüş işlər nəticəsində demək olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu layihələr icra edilib. Bir neçə şəhər qalıb ki, orada da yaxın gələcəkdə içməli su və kanalizasiya layihələri icra ediləcək.

Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib - Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki, vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. Yollar da infrastruktur layihələri arasında xüsusi yer tutan layihələrdir. Bu gün artıq yeni çəkilmiş Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim. Yol şəbəkəsinin qurulması istiqamətində də demək olar ki, bütün şəhərlərarası layihələr başa çatıb. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Bu gün ölkəmizin həyatında xüsusi bir gündür - Ulu Öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır - təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Sağ olun.

Sonra ictimaiyyətin adından Cəbi Quliyev çıxış edərək Naxçıvanda davamlı inkişafın təmin edildiyini vurğuladı və buna görə Naxçıvan ictimaiyyəti adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin dövlət-xalq birliyinin əyani ifadəsi olduğunu dedi. Vurğuladı ki, bu qələbə nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyacaq. O da bildirildi ki, ölkəmizdə həyata keçirilən inkişaf strategiyası muxtar respublikanı da əhatə edib, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olub. Belə ki, muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilib. Yeni hərbi obyektlər istifadəyə verilib, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətin döyüş qabiliyyəti artırılıb. Prezident İlham Əliyevin bu səfəri zamanı istifadəyə verilən obyektlər də ölkəmizdə insan amilinə verilən yüksək dəyərin ifadəsidir və Naxçıvanın daha da inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, uzun illərdir mənfur qonşularımızın fitnəkarlığı ucbatından blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sosial layihələrin icrası bir an belə səngiməyib. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də bu qəbildəndir.

Daha sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildiki, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yolu nəqliyyatından istifadə edənlərin sayını artırıb.

Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, sərnişin platformaları da yenilənib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da başa çatıb.

Dövlət başçısını Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola salıb.

Tarix
2021.05.10 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vasif Talıbov təlimləri izlədi - Foto

Bakıda yeni ASAN Xidmət Mərkəzi - Foto

Dislokasiya olunmuş bölmələrdə görüş keçirildi - Foto

Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

Bakıda bu binalar söküləcək

Anadolu Qartalı-2021 təlimi başladı

BMT-nin ali nümayəndəsi Ağdama getdi

Binəqədidə yanğın: FHN hərəkətə keçdi

DİN-dən toylarla bağlı açıqlama

Əli Nağıyev pakistanlı ordu generalı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla