Azərbaycanda daha bir məşhur tikinti şirkəti
dələduzluqda ittiham olunur.
Bu barədə Axar.az-a "Azİmport" MMC şirkətinin 4 aydan çoxdur
əmək haqlarını vermədiyi "Şanxay" adlanan ərazidə yol kənarındakı
tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçiləri
məlumat verib.
Şirkətdən onlara çatacaq əmək haqlarını ala bilməyən işçilər
problemlə əlaqədar dəfələrlə rəhbərliyə müraciət etdikləri
deyirlər. Şirkət rəhbəri Azər Əsgərovun qəbulunda olan işçilərə
əmək haqlarının tezliklə veriləcəyi bildirilsə də, işçilərə çatacaq
haqq 4 aydır ki, gecikir.
Şikayətçilər qeyd edir ki, "Azİmport" MMC bu işi görmək üçün
tenderdə qalib gəlib. Şirkət bununla əlaqədar işin 30 faizini
Azərbaycan Dövlət Neft Şirkətindən alıb. Lakin tenderdən qazanılan
vəsaitlə işçilərin əməkhaqlarının da ödənilməsinin nəzərdə
tutulmasına baxmayaraq, onlara heç bir ödəniş edilməyib.
Əmək haqqını ala bilməyən işçilərin sayının 540 nəfərdən çox
olduğu iddia edilir. Həmçinin, fəhlələrin şirkətlə heç bir əmək
müqaviləsi olmadığı bildirilir. Şikayətçilər vurğulayır ki, şirkət
ilk gündən onların heç biri ilə müqavilə imzalamayıb. Müqaviləsiz
çalışan işçilərə 4 ay ərzində hissə-hissə müəyyən miqdarda avans
verilsə də, əlavə ödəniş edilməyib. "Azİmport" MMC-nin müqaviləsiz
işlətdiyi işçilərə ümumilikdə 1.838.000 manat borcu var. İşçilər
qeyd edib ki, tikinti zamanı istifadə edilən materialları özləri
aldıqları üçün mağazalara da xeyli borcları yaranıb.
Fəhlələrin sözlərinə görə, şirkətdən işçilərə onlara çatacaq
pulu SOCAR-ın gecikdirdiyini bildiriblər. İşçilər məsələ ilə
əlaqədar SOCAR-la əlaqə saxlayıb. Lakin Neft Şirkətindən pulu
"Azİmport" MMC-nin özünün ödəməli olduğu barədə açıqlama
verilib.
Məsələ ilə əlaqədar Axar.az-a danışan "Azİmport" MMC-nin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rafiq Eyvazov qeyd edib ki,
şirkət işçilərin maaşının bir hissəsini 4 ay ərzində hissə-hissə
ödəyib. Zamanla da əmək haqları tam şəkildə mütləq ödənəcək:
"Biz SOCAR-ın podratçısıyıq. İş təhvil verildikdən sonra SOCAR
bunu qəbul edir. Daha sonra SOCAR buna görə maliyyə buraxır və biz
də maaşları veririk. Lakin hazırda veriləcək maliyyə gecikdiyi üçün
maaşları ödəyə bilmirik. Biz də təəssüf edirik ki, vəziyyət
belədir. Problemin tezliklə həll edilməsini istəyirik. "Azİmport"
SOCAR-dan alacağı vəsaiti gözləyir ki, işçilərin pulunu
versin".
Şirkət sözçüsü işçilərin müqaviləsiz işləməsinə də aydınlıq
gətirdi:
"Bir podrat, bir də subpodrat təşkilat var. Podrat təşkilat bir
başqa podrat təşkilatı qəbul edir. Biz podratçı şirkət olaraq
SOCAR-la müqavilə imzalayırıq, fəhləylə müqavilə imzalamırıq,
subpodratın rəhbəri ilə müqavilə imzalayırıq. Ancaq işçilərin sayı
540 nəfər deyil. Təxminən 60-70 nəfər işçidir. Və biz dəfələrlə
onlarla görüşmüşük, danışmışıq. Hətta danışıqlar zamanı SOCAR-ın
nümayəndələrini də dəvət edirik ki, məsələni izah etsin. Bununla
bağlı daha yuxarı təşkilatlara məruzə etmişik. Çünki bu bizim üçün
də xoş olmayan məsələdir. İşçilərin çətin vəziyyətdə olduğunu
bilirik. Bu səbəbdən bir neçə dəfə hissə-hissə də olsa, pul
ödəmişik onlara".
R.Eyvazov işçilərin əmək haqlarının birdəfəlik nə vaxt
ödənilməsi ilə bağlı konkret vaxt deyə bilməyəcəyini bildirdi:
"Biz bu məsələni rəhbərlik qarşısında qaldırmışıq. Bacardığımız
qədər tez bir zamanda problemi həll etməyə çalışırıq. Ayın sonundan
etibarən əmək haqları mütləq ödəniləcək. Bütün borcları, ödəniləcək
məbləği hesablamışıq. Rəsmi şəkildə də rəhbərliyə təqdim
etmişik".
Qeyd edək ki, "Azİmport" MMC-nin sahibi,
Dövlət Bayrağı Meydanı Kompleksi idarəsinin sabiq rəisi Rəşad
Məmmədov mayın 14-də həbs edilib.