Bu gün Beynəlxalq Mətbuat
Mərkəzində Qadın Konsensus Mərkəzi "Qadınların nüfuz və
səlahiyyətlərinin artırılması sahəsində ictimai məlumatlandırma və
ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində "Azərbaycanda
məişət zorakılığı və erkən nikahlar" mövzusuna həsr edilən ilk
tədbirini keçirir.
Axar.az xəbər verir ki, tədbirdə çıxış edən "Gündəlik Teleqraf"
Media Qrupunun rəhbəri Aynur Camalqızı tədbiri açıq elan edərək
ölkədə məişət zorakılığı və erkən nikahlar barədə qısa məlumat
verib:
"Doğurdan da bu, Azərbaycan cəmiyyəti üçün çox aktual bir
mövzudur. Hələki cəmiyyətimizdə bu problemlərdən əziyyət çəkirik.
Xüsusilə də cənub bölgəmizdə bu problem daha qabarıqdır. Əsasən
milli adət-ənənələr əsas götürülür və yetkinlik yaşına çatmayan
gənclər ailə həyatı qurur. Nəticədə xəstə uşaqlar dünyaya gəlir və
s. Toplum olaraq bu problemdən əziyyət çəkirik.
Tədbiri keçirməkdə məqsədimiz cəmiyyətin maariflənməsi,
layihənin davam etdiyi 6 ay müddətində cəmiyyətə mesajlarımızı
göndərməkdir".
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Aydın Mirzəzadə
problemin mahiyyətinə toxunaraq qanunvericilk sahəsində görülən
işlərdən danışıb:
"Mən düşünmürəm ki, bu məsələ Azərbaycan üçün bəladır.
Qanunvericilik tərəfdən gəldikdə isə insanların qorunması sahəsində
Azərbaycanda mükəmməl sistem yaradılıb. Cəmiyyətin ehtiyacı olduğu
hər hansı bir sahədə qanun layihəsi operativ bir şəkildə müzakirə
olunur, qəbul edilir. Övladların tərbiyəsi ilə bağlı valideynlərin
məsuliyyəti, anaların dövlət tərəfindən maddi yardımların ayrılması
sahəsində problemlər öz həllini tapır. Valideynlərin uşaqları
saxlaması ilə bağlı çox ciddi problemlər var. Buna görə paytaxtdan
tutmuş ucqar bölgələrə qədər uşaq bağçaları yaradıldı. Burada
ictimai qınaq məsələsi də böyük rol oynayır. Ən pisi odur ki, kiçik
problemin həlli ilə daha böyük problemlərin yaranmasına yol açmış
oluruq.
Məişət zorakılığı bir qayda olaraq gənc və yeni ailə qurmuş
insanlar arasında olur. Bir qayda olaraq mətbuatda ailələr
barəsində informasiya verəndə cəmiyyətdə belə bir fikir yaranır ki,
bütün ailələrdə konfliktlər yaşanır. Buna görə də təklif edirəm ki,
mətbuatda nümunəvi ailələri tanıtmaq lazımdır. Bu, vəzifəli şəxs,
ictimaiyyət tərəfindən tanınan bir şəxs də ola bilər. Fikrimcə,
Azərbaycan cəmiyyəti bu problemi aradan qaldırmağa qadirdir.
Bu, zamanla həll olunan məsələdir. Artıq cəmiyyətdə qızların
təhsil almağı genişlənir. Mən fikir vermişəm, qadınların təhsil
almaq istəyi oğlanlara nisbətən getdikcə artır".
Daha sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsini təmsil edən Aliyə İbrahimova, Ombudsman Aparatının üzvü
Zemfira Məhərrəmli, "Təmiz Dünya" Qadınlara Yardım İctimai
Birliyinin sədri Mehriban Zeynalova çıxış edərək sözügedən
problemin hazırki cəmiyyətə təsirindən danışıblar.
Tədbir davam edir.