Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
və Mətbuat Şurası tərəfindən birgə "Elm və media: multidisiplinar
istiqamətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans
işə başlayıb.
Publika.az-ın
məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti,
akademik Akif Əlizadə bildirib ki, bu yaxınlarda ölkə başçısı
Azərbaycan Milli Mətbuatının 140 illiyinin qeyd edilməsi ilə bağlı
sərəncam imzalayıb. Onun sözlərinə görə, bugünkü konfrans da Milli
Mətbuatın 140 illik yubileyinə həsr olunub:
"Bizim mətbuat işçiləri ilə görüşlərimiz tez-tez olur. Ancaq bu cür
konfrans ilk dəfədir ki, təşkil olunur. Biz elmi mediasız təsəvvür
edə bilmirik. Elmi ictimaiyyətə informasiyanın media vasitəsilə
çatdırılmasını zəruri hesab edirik. Azərbaycanda media ilə elm sıx
birləşməlidir, qarşılıqlı əməkdaşlıq olmalıdır. Biz elm-mətbuat
münasibətlərini elə səviyyəyə çatdırmalıyıq ki, ən kiçik elmi
nailiyyət belə mediada geniş işıqlandırılsın".
Mətbuatın böyük qüvvə olduğunu vurğulayan A.Əlizadə qeyd edib ki,
son illər Azərbaycanda medianın da inkişafı geniş müşahidə olunur.
A.Əlizadə Azərbaycanda elmin inkişafı və elmi nailiyyətlərin
dünyaya çatdırılmasında medianın böyük rola malik olduğunu
söyləyib: "1993-cü ildə ulu öndər ikinci dəfə hakimiyyətə
qayıdandan sonra ilk vaxtlar ölkədə böyük hərc-mərclik və xaos
mövcud idi. Mətbuatın vəziyyəti normal deyildi. Ancaq ulu öndər
Heydər Əliyev bu vəziyyəti nizamladı, ölkədə inkişafın əsasını
qoydu. Bu gün də ölkəmizdə həmin inkişafın davamını Prezident İlham
Əliyevin yürütdüyü siyasətlə müşahidə edirik. Bu gün Azərbaycan
elmi yeniləşmə dövrünü yaşayır. Akademiyanın uğurlu fəaliyyəti
istiqamətində bir sıra işlər həyata keçirilir. Dövlət tərəfindən
Akademiyanın binası təmir olunub və sairə. Dövlət başçısının elmə
və alimlərə olan böyük diqqət və qayğısı bizi qürurlandırır. Mən
fürsətdən istifadə edib media və mətbuat işçilərinə təşəkkür edirəm
ki, onlar son vaxtlar AMEA-nın fəaliyyəti ilə bağlı çox geniş və
doğru məlumatlar yayırlar. Təbii ki, bütün bunlar da Azərbaycan
elminin inkişafına müsbət təsir göstərir".
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki,
bugünkü tədbir Milli Mətbuatın 140, AMEA-nın isə 170 illik
yubileyinə həsr olunub.
O deyib ki, Azərbaycan Milli Mətbuatının əsasını qoyan "Əkinçi"
qəzetində "Elm xəbərləri" adlanan rublika da fəaliyyət göstərib:
"Elm və təhsil bir-birindən ayrılmaz sahələrdir. "Əkinçi" qəzetinin
əsas işi iki əsr öncə Azərbaycan xalqını maarifləndirmək,
elm-təhsil bəxş etmək olub. "Əkinçi" qəzetinin təsisçisi olmuş
Həsən bəy Zərdabi Azərbaycanın görkəmli ziyalısı, alimi olub. Bu
gün Həsən bəy Zərdabi ilə yanaşı İsmayıl bəy Qaspıralı, Əli bəy
Hüseynzadə və digərləri kimi ziyalılar türk xalqlarının
maariflənməsi, mütərəqqi istiqamətdə irəliləməsi yolunda bir çox
işlər görüblər və bu gün həmin maarifçilik ideyalarının
daşıyıcıları ehtiramla yad edilir".
Ə.Amaşov əlavə edib ki, bu il Azərbaycan milli mətbuatının
yaradılmasının 140 illik yubileyi təntənəli şəkildə qeyd
ediləcək.
Daha sonra Azərbaycanda fəaliyyət göstərən bir qrup aparıcı kütləvi
informasiya vasitələri (KİV) diplomla mükafatlandırılıb. Mükafat
alanlar arasında "Gündəlik Teleqraf" qəzeti də olub. Mükafatı
"Gündəlik Teleqraf" MMC-nin direktoru Aynur Camalqızına AMEA
prezidenti Akif Əlizadə təqdim edib.