Bu gün bayram tətili rəsmən başa çatdı. 2013-ü necə yola
saldıq, ilə necə girdik? Yeni ildən nə gözləyirik? Dünən – son
bayram günü kiçik bir sorğu keçirib, şəhər sakinlərinin fikirlərini
öyrənmək üçün şəhərin mərkəzinə üz tutduq.
Tətilin son günü olduğu üçün şəhərin küçələri demək olar ki,
boşdur. Adda-budda adamlar var. Buna baxmayaraq, şəhərdə son gündən
yararlanıb fəvvarələr meydanındakı yolka və Şaxta baba ilə şəkil
çəkdirənlər də yox deyildi. Kiçiklərdən tutmuş böyüklərə kimi hər
kəs 2014-ü qarşılamasından ürək dolusu danışdılar. Sadəcə, Şaxta
babanı kefsiz gördük.
Şaxta babanın arzuları...
Yeni il bayramının ən sevimli personajı olan Şaxta baba isə bizə
öz problemlerindən danışır. Hələ də onun hədiyyələr gətirməsinə
inanan uşaqların yanında onun öz problemlərindən danışmasını
balacalar duymasın deyə, ondan söhbətimizi bir az kənarda davam
etdirməsini xahiş edirəm.
Hər zaman uşaqların arzusunu həyata keçirən yeni il qəhrəmanının
ən böyük arzusu bayram gününü ailəsinin yanında qeyd etməkdir.
"Şaxta baba işi"ni tanışlıqla tapmışam
- Bəs necə oldu ki, şaxta baba paltarı
geyindiniz?
- Bu işi tanışlıqla tapmışam. Fizuli rayonunun Əhmədalılar
kəndindən gəlmişəm. Sadəcə, kim şəkil çəkdirmək istəyir, onlardan
pul alıram. Üç ildir Şaxta baba paltarı geyinirəm. Rayonda iş
yoxdur. Olsaydı, işləyərdik.
Onun sehrli çomağı
Həqiqətən də qarlı dağlar aşıb, çox ellər dolaşıb Bakının
mərkəzinə gəlib düşən bu "baba"nın sehrli çomağı da var. Amma öz
sehrini itirib. Deyir ki, çomağın sehri olsaydı, xaricdə yaşamaq
istəyərdi.
Uşaq vaxtı arzularından biri də "Ruslan və Lüdmila" filmindəki
sehrli Şaxta baba olmaq imiş:
- Elə o kinolara baxa-baxa uşaq vaxtından şaxtababa rolunu
oynamaq istəmişəm. İş elə gətirdi ki, imkansızlıqdan mən Şaxta baba
işləməli oldum.
Yurdumuzun adi günlərində isə "babamız" kənddə mal–qara
saxlamaqla məşğuldur.
- Ayın 31-i günü saat birə kimi işləmişəm, qalan günlərdə isə
adam dağılışana qədər - 10-11-ə kimi. Hava çox soyuqdur, donmuşam
yaxşıca,- Şaxta baba deyir, sonra ağ saç-saqqalından güclə görünən
gözlərini yerə dikir. Hər zaman şad–xürrəm görünən uşaqların
sevimli qəhrəmanının nikbinliyi yoxa çıxır.
- 13 gündür burdayam, uşaqlarım üçün çox darıxmışam. Onlar hələ
də atalarını görməyiblər. Dörd ildir onlarsız keçirdirəm yeni ili.
Sabah artıq gedirəm (bu gün. – red.). İki övladım var. Onlara
hədiyyə aparacağam.
Görəsən hədiyyəsini övladlarına necə, Şaxta baba kimi təqdim
edəcək, yoxsa, bir ata kimi?
- Yox, onlar hələ Şaxta baba görməyiblər. Yəni, canlı olaraq.
Bəlkə də evdə Şaxta baba görsələr, çox sevinərlər. Öz uşaqlarıma
bunu heç vaxt qismət edə bilməmişəm. Amma gələn il bayramda
inşallah onları da bura gətirəcəm.
Şaxta babamızın 43 yaşı var - yaşını desə də, adını elə Şaxta
baba kimi təqdim etdi. Bayramımızı təbrik edib öz işinə davam
edir.
Çirkli Qar qızlar
Yeni il qəhrəmanından ayrılandan sonra, küçədə çox seyrək gözə
dəyən şəhər sakinlərindən birinə yanaşıram.
Dəyanət Orucov yeni illə bağlı şəhərdəki təşkilatçılıq
işlərindən narazılıq edir, sonra bayram günü yeni il süfrəsi üçün
xərclədiyi 200 manatdan danışır:
- Şəhərdə bayramın keçirilməsi zəif təşkil olunub. Restoran və
kafelər toyxana üsulunda bayram şənlikləri təşkil edir. Uşaqlar
üçün nümayiş olunan bayram şənlikləri və tamaşalar isə biletlərinin
çox baha olmasına baxmayaraq, biabırçı gündədir. Qar qızların
əynində çirkli gəlinlik paltarları, davranışları yüngül... uşaqlar
belə Qar qızı necə sevsin? Qar qız Qar qızdan çox gəlinə oxşayır.
Heç bir uşaq indi Qar qız olmaq istəməz. Amma əvvəllər belə
deyildi. Elə bil bayram qəhrəmanlarını saxtalaşdırmağa
çalışırlar.
Beləcə reportajımızı bitirib redaksiyamıza, iş başına qayıdırıq.
Hər kəsə də il boyu işinin başında olmağı və işindən zövq almağı
arzulayırıq. Daha gözəl illərə...