Azərbaycanda radikalların sosial dayaqları
yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə aparılan dini
maarifləndirmə ilə bağlı danışarkən deyib.
Komitə sədri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib
ki, cəmiyyətin dünyəvi dünyagörüşünün yüksək olması xurafata
inanmağa imkan vermir.
M.Qurbanlı bildirib ki, ölkədə dini maarifləndirmə sahəsində
xeyli işlər görülüb:
"Bununla belə arxayınlaşmaq da olmaz. Bu sahədə işlər ardıcıl
olaraq davam etdirilməlidir. Komitə bu ilin birinci yarısında milli
maraqlarımıza zidd olan qeyri-ənənəvi dini cərəyanların
yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə
üstünlük verib.
Həmçinin, Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din
xadimləri üçün təkmilləşdirmə kursları təşkil edib. Məscidlər
irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar və imamlar
təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə
mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma
sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara
bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma
deyil".
M.Qurbanlı qeyd edib ki, görülən işlər müsbət nəticələr
verir:
"Mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni
nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin İlahiyyat
fakültəsinin, eləcə də Bakı İslam Universitetinin tələbələrindən
yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din
xadimləri kimi formalaşırlar. Doğrudur, hələ də xarici təsirlər var
və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol
verməyəcəyik. Biz çalışmalıyıq ki, vətəndaşlarımız İslam
dəyərlərini dərindən öyrənsin".