"The Organized Crime and Corruption Reporting Project"
(OCCRP) layihəsinin 8 ay öncə yerli mətbuata verilən müsahibəni
tamamilə kontekstdən çıxararaq Azərbaycana qarşı "qara piar"
kampaniyası apardığı məlum olub.
Axar.az xəbər verir ki, bu barədə öz Feysbuk hesabında iqtisadçı
alim Vüqar Bayramov yazıb. Ekspertin faktlara söykənən şərhini
olduğu kimi təqdim edirik:
"2015-ci il avqust ayının 25-də Meydan TV-nin internet
səhifəsində rus dilində "Gizli Şirkət 120-dən artıq tenderə qalib
gəlib" (Таинственная компания за короткий срок выиграла более 120
тендеров) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və
başlıq altında, lakin məqalənin ingilisdilli versiyası "The
Organized Crime and Corruption Reporting Project" (OCCRP) adlı
qurumun internet səhifəsində də çap olunub. Biz bu gün OCCRP-dən
təhdidedici e-mail aldıq. E-maildə İqtisadi Sosial İnkişaf Mərkəzi
(İSİM) və rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın
hökumətlə əlaqələri araşdırılacağı və bunun ictimailəşdirəcəyi qeyd
olunub. Həmçinin e-maildə o da yazılıb ki, bu istiqamətdə xüsusi
araşdırmaçı da artıq fəaliyyət göstərir.
OCCRP redaktoru bildirib ki, müsahibəmin səs yazısı ("Üç nöqtə"
qəzetinə verilən) artıq Meydan TV-dədir.
Əslində, biz bu müsahibənin yayılmasında maraqlıyıq. (Baxmayaraq
ki, bu başqa qəzet üçün verilib). Çünki OCCRP-nin təqdim etdiyi
yazıda olan, ancaq müsahibənin səs yazısında olmayan, Azərbaycana
qarşı kəskin fikirlərin məhz qara piarda maraqlı olan layihə
əməkdaşları tərəfindən öz təxəyyüllərinə münasib olaraq yazılmasını
bir daha göstərir. Müsahibənin səs yazısında olmayan, ancaq
Azərbaycan üçün qara piar məqsədi daşıyan cümlələrin yazıda
uydurulması onu göstərir ki, OCCRP belə tədqiqatlarda səmimi deyil
və əsas məqsədi Azərbaycana qara yaxmaqdır. Öncədən qeyd etdiyimiz
kimi, bu layihə adından heç kimsə mənimlə əlaqə saxlamayıb,
müsahibə götürməyib. Məlum yazıda istifadə olunan fikirlər bu ilin
yanvar ayında mənim "Üç nöqtə" qəzetinə (qəzetin adı jurnalistin
razılığı əsasında qeyd olunur) verilmiş müsahibəmdən tamamilə
kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavə edilərək yazıya
daxil edilib. Maraqlıdır ki, jurnalist mənə zəng edən zamanı yazını
"Üç nöqtə" qəzeti üçün hazırlandığını desə də, 8 ay sonra OCCRP-yə
tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavələr
edilərək verilib. Sonradan "Üç nöqtə" qəzetinin əməkdaşı ilə söhbət
zamanı o bildirdi ki, bəs, sizin demədiyiniz cümlələri mətnə OCCRP
rəhbərliyi əlavə edib.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yerli mətbuat üçün
götürülən müsahibə tamamilə dəyişdirilərək, xeyli müddət sonra
fərqli bir ünvana göndərilib. Məsələn, yazıda qeyd olunur ki, guya
mən demişəm ki, "Azərbaycanda keçirilən tenderlərin böyük
əksəriyyəti formal xarakter daşıyır, ona görə ki, iştirak edən
şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. O, dövlət
orqanlarının tenderin digər iştirakçılarının adlarının
açıqlamamasının səbəbini də bunda görür".
Belə bir fikir olmayıb. Həmçinin müsahibəyə qulaq asaraq
müəyyənləşdirmək olar ki, söhbət zamanı Azərbaycanda tenderlərin
formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı bir
söz də işlədilməyib. Hətta jurnalist də bəyan edir ki, bu cümlələr
OCCRP tərəfindən əlavə edilib. Bu fakt onu göstərir ki, OCCRP
araşdırma aparan zaman istədikləri və arzuladıqları son nəticəni
əldə etmək, öz fikirlərini gücləndirmək üçün mənim fikirlərimin
belə təhrifləri ilə məşğul olublar. Bu, bir daha təsdiq edir ki,
OCCRP-nin məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil,
sadəcə, hər addımbaşı Azərbaycanı tənqid etməkdir.
Məqalədə kontekstdən çıxarılan bir sıra digər faktları da demək
olar. Məqaləyə havadan götürülən cümlələr əlavə edilməklə yanaşı,
eyni zamanda, fikirlər kontekstdən çıxarılaraq təqdim olunur.
Məsələn, yerli mətbuatla söhbət zamanı mən tenderin nəticələrinin
veb-səhifələrində yerləşdirməklə effektivliyin artırılmasını təklif
etdiyim halda, bu, kontekstdən çıxardılaraq, prosesin effektivliyi
deyil, "prosesin şəffaflığından danışmağa imkan verməməsi" haqqında
ifadə kimi təqdim olunub. Və ya "100 min dollar qalib gəlmiş
şirkət" haqqında olan cümləyə gəlincə, mənim tərəfimdən heç bir
rəqəm səsləndirilməyib".
V.Bayramov müsahibənin səs yazısını da fikirlərinə əlavə
edib.