Bağlanıb üzümə bütün qapılar,
Daha bu dünyada kimim var mənim?
Məni sevə-sevə torpaq aparar,
Sən məni torpağa qısqan, gözəlim!
****
Atamın qələmindəndir bu şeir.
İllər öncə - 2006-cı il 28 dekabrda, gecə saat 4-də anam üçün
yazmışdı. "Ömür-gün yoldaşım Safura xanıma məndən yadigar",
deyə...
Sanki onda hiss etmişdi 32 illik həyat yoldaşını tək,
övladlarını atasız, gözüyaşlı qoyub gedəcəyini. Sonunu bilirdi.
Özünün də dediyi kimi bağlandı üzünə bütün qapılar. Kimsəsiz qaldı.
Yanında ailəsi, canında ağrıları, qəlbində çarəsizliyi vardı
sadəcə...
Bu gün Mahal İsmayıloğlunun kiçik qızı mən - Ayan Sadıqova bu
yazını atam üçün yazıram. Bu qeydlərimi bir daha bu həyatda
görməyəcəyim, qoxusunu, nəfəsini duymayacağım atama, canım
jurnalistimə həsr edirəm, həm də ruhunun başımın üstündə olduğunu
hiss edərək. Mən bir jurnalist tanıdım. O da atam Mahal
İsmayıloğlu...
Lap əvvəldən başlamaq istəyirəm. Mən Sadıqovlar ailəsində
böyüyən iki övladdan 11 il sonra dünyaya gəlmis üçüncü uşağam. Bu
gün 19 yaşım var. Atamla qeyd etdiyim son doğum günüm 19-cu yaş
günüm oldu. 6 ay öncə atamla söhbət edərkən birdən "qızım, mənim
5-6 ay ömrüm qalıb", dedi. Çox üzüldüm. Sonralar da bir neçə dəfə
bunu təkrar etdi. Onu bu fikirdən daşındırmağa çalışsam da sakitcə
üzümə baxıb sözlərini başı ilə təkrar edirdi. İnsan öləcəyi zamanı
necə hiss edər axı? Necə bilə bilər? Amma o, bilirdi.
Həm ürəyindən, həm də böyrəyindən əziyyət çəkirdi. Dəfələrlə
ürək əməliyyatı keçirdi, amma ayağa qalxmağı bacardı. Hər dəfə
sağlam şəkildə yanımda durduqca ürəyimlə danışırdım: "Mənim atama
heç nə olmaz, o, güclüdür". İki il bundan öncəsinə kimi - böyrəyi
ilə bağlı problemlər baş qaldırana qədər - hər şey çox yaxşı
idi.
2014-cü ilin aprel ayı idi. Onu Türkiyəyə yola saldım.
Böyrəyində yaranan şişlər səbəbindən sağ böyrəyi artıq funksiyasını
itirmişdi və əməliyyat olunaraq götürülməli idi. Türkiyəyə
gedişindən 10 gün sonra ad günüm olacaqdı. Yolda ona "biz - ailən
hər zaman sənin yanındayıq. Səndən heç nə yox, sadəcə ad günümə
hədiyyəm olmağını istəyirəm, ata!" deyə bir mesaj yazdım...
Aradan bir neçə gün keçdi, əməliyyat uğurla başa çatdı, artıq
yaxşılaşırdı. Onuncu günün tamamında - aprelin 11-də sübh tezdən
saat 06:15-də qapımız döyüldü. Qapını açanda atamı qarşımda gördüm.
Həyatda aldığım ən dəyərli hədiyyəm oldu mənim...
Sonra daha bir ili geridə qoyduq. 2015-i qarşiladıq. Yeni il
axşamı atam xəstə idi. Bayramdan bir neçə gün sonra onu xəstəxanaya
yatırdıq və ürəyindən müalicə olundu. Artıq sağalacağına ümid
edirdik ki, eyni xəstəlik daha kəskin şəkildə sol böyrəyində
yarandı. Dünyamız yıxıldı. Həkimlər təcili olaraq böyrək
köçürülməli olduğunu dedilər. Lakin bunun üçün yüklü miqdarda
məbləğ tələb olunurdu. Ailəmizin maddi durumu buna imkan vermirdi.
Sadəcə hər ay 500 manat dəyərində dərmanlarını ala bilirdik.
Yüzlərlə insana zəng etdi, kömək istədi. Lakin zamanında əl
tutduğu, kömək etdiyi şəxslər ondan üz döndərdilər. Beləcə bütün
qapılar üzünə bağlandı. Hər bağlanan qapı ilə də ümidləri yox oldu,
arzuları puça çıxdı.
Atasızlığa addım-addım yaxınlaşdığımı hiss etmirdim, xəbərim yox
idi. Daha sonra "Bakı 2015" Avropa Oyunları başladı. 18 000
könüllünün biri də mən oldum. Bakı Su İdman Sarayı qonaq qarşılama
vəzifəsində çalışdım. Dövlətim üçün əlimdən gələn köməyin ən
yaxşısını etməyə çalışdım ki, xarici qonaqlarımız bizdən narazı
qalmasın, Azərbaycan haqqında bir mənfi söz belə işlədə
bilməsinlər.
Bu gün Bakı Slavyan Universitetinin Filologiya (fransız dili
üzrə) fakültəsinin 3-cü kurs tələbəsiyəm. Bacardıqca yaxşı oxumağa,
savadlı bir şəxs olmağa çalışıram. Bunu yalnızca özüm üçün yox, həm
də atamın adı və Azərbaycanım üçün edirəm. Mən 19 yaşlı gənc qız
olaraq dövlətim üçün nəsə etməyə çalışıram. Əlimdən gələni
əsirgəmirəm, əsirgəməyəcəm də - əməllərimlə, işimlə, əxlaqımla,
namusumla. Bəs, atamın öz qələmi ilə xidmət etdiyi bu dövlətin ali
kürsülərində oturan yüksək çinli məmurları bizim üçün nə etdilər?
Onlara üz tutduq, əl açdıq. Amma atamın səsini nə özləri eşitmək
istədilər, nə də eşitdirdilər.
Düşünürəm ki, neçə-neçə xəstə insanın yenidən sağlam həyata
qayıtması üçün köməyini əsirgəməyən cənab Prezidentim niyə
soyuqqanlı oldu, şəfqətini əsirgədi? Bəlkə də atamın köməyə
ehtiyacı olduğunu hörmətli Prezidentimə bildirmədilər. Yoxsa
prezidentimiz İlham Əliyev Mahal İsmayıloğlu kimi qələm sahibini,
illərlə jurnalistikada külüng vuran, yazıları ilə Azərbaycana
xidmət edən bir mətbuat nümayəndəsini diqqətdən kənarda saxlamazdı.
Ailəm mənim kiçik dövlətim, atam isə dövlət başçım idi. İndi bu
dövlətim başsız qaldı...
Mən bu həyatda çox acı daddım. Ən dəhşəti, ən ağrılı atasızlıq
imiş ki, onu da bu gün yaşayıram. Mən onun kiçik övladı olaraq
gözlərim önündə əridiyini, yox olduğunu seyr etdim. Atam bir dəfə
öldü, mən onunla hər gün öldüm- dirildim. Bir övlad üçün həyatda
bundan acı nə ola bilər? Daha acısı varmış bilmirdim.
Artıq Avropa Oyunları bitmişdi, atam gəlib yanımda oturdu və
"qızım, mən yox olub gedirəm, son çarəm sənsən, mənə kömək et,
yalvarıram", - dedi. Əli yerdən-göydən üzülmüş, ümidini itirmiş
sevimli atamın çarəsiz baxışlarını hələ də unuda bilmirəm. Səsi
hələ də qulaqlarımdadı. Atamın o andakı səsi, sözləri heç vaxt
ağlımdan çıxmayacaq.
Əlimdən gələn tək şey atam üçün yardım toplamaq idi. Oyunlar
zamanı tanışdığım 70-ə yaxın dostumla birlikdə onun üçün yardım
toplamağa çalışdıq. Həyatda ilk və son dəfə atam üçün qürurumu heçə
saydım və bu yola baş vurdum. Şüarım "Atam üçün həyat, ailəm üçün
gələcək istəyirəm", oldu. İnternetdə yüzlərlə səhifədə, sosial
şəbəkələrdə paylaşdıq məlumatı. Atam lazım olan məbləğin
toplanacağına və sağalacağına çox ümid bəsləyirdi. Çünki yaşamaq
istəyirdi…
Banka gedib hesabımı yoxladım "cəmi bir manat var" dedilər.
Əlim-qolum sınıb yanıma düşdü. Cəmi 50 metr yol gedə bildim.
Axundov adına kitabxananın yanındakı parkda iki saat yerdə oturdum.
Ürəyim boşalana qədər ağladım. Düşündüm ki, evə gedib atamın üzünə
necə baxacam? Onun az da olsa qalmış ümidinin bir daha qırılıb
çilik-çilik olmasına dözə biləcəyəmmi? Sürünə-sürünə evə getdim.
Olanları anama danışdım, atamın üzünə çıxa bilmədim. Mənim əvəzimə
anam "Mahal, heç nə alınmadı, kömək edən yoxdur", deyə bildi. Həyat
gözündə qaraldı. Niyə? Niyə axı, kimsə səsimizi eşitmədi? Eşidənlər
də əhəmiyyət vermədilər. Atamın həyatı, ailəmin gələcəyi beləcə
məhv olub getdi. Və təxminən on iki gün sonra atam 28 avqust 2015-
ci il tarixdə bu amansız dünya ilə vidalaşdı. Saat 11:56-da
Respublika Klinik Xəstəxanasının hemodializ şöbəsində dializin
bitməsinə beş dəqiqə qalmış gözlərini əbədi olaraq yumdu. O an...
həyatımın mənasına acı qatmış həmin anda mənfur ölüm atamı əlimdən
aldı...
Vəziyyəti ağırlaşan zaman ona oksigen vermədilər. Şoka girdiyi
andan son nəfəsini verdiyi məqama qədər hər saniyəsinin,
çırpınışlarının şahidi oldum. Xəstəxananın həyətə açılan
pəncərəsindən baxırdım. Üzünü örtdülər atamın. Ölümündən 3 dəqiqə
sonra yanına getdim. Atamın cansız bədəni ilə aramda bir addım
məsafə vardı. O mənzərə dəhşət idi... Açdım üzünü baxdım, baxdım,
son dəfə öpdüm, qoxladım. Qoxusunu içimə çəkdim, amma doymadım.
"Getmə, nə olar, ata, aç gözlərini", deyə yalvardım, fəryad etdim.
Amma getdi. Atam fəryadımı duydumu, görəsən? Duydusa bəs niyə
getdi? Ölümündən 40 dəqiqə sonra illərdir sol biləyində gəzdirdiyi
saatı dayandı. Yalnızca mən yox, əşyaları belə yoxluğunu hiss etdi.
Artıq 10 gün keçdi. Bu gün o, yanımda yoxdu, bu gün atasızam.
Geriyə sadəcə əşyaları və mənə buraxdığı "yetim" adı qaldı.
Atamın mənə ən böyük mirası nəsihətləri, kəlmələridi. Özünlə
birlikdə gülüşlərimi, xoşbəxtliyimi alıb apardın, Ata. Söz
vermişdin həmişə yanımda olacağına. Sənə səslənirəm, Mahal
İsmayıloğlu, sənə! Adına, sanına yaraşdımı 19 yaşlı qızını, ailəni
gözüyaşlı buraxıb getmək? Yaraşdımı?! Mən daha kimə ata deyəcəm?
Kiminlə dərdləşəcəm? Dərslərimlə bağlı bilmədiklərimi kimdən
soruşacam? Kim hər imtahandan çıxdıqda "necə keçdi, qızım, neçə
aldın" deyə soruşacaq? Bişirdiyim yeməkləri kim yeyəcək? Daha
məndən kim çay, su istəyəcək? Ata deyib kimin qulluğunda duracam
mən, Mahal İsmayıloğlu?
Qabaqdan çiskinli, soyuq payız, ardınca da şaxtalı qış gəlir.
Məzar evin soyuq olacaq, ata, üşüməyəcəksənmi? İnana bilmirəm,
bacara bilmirəm, yoxluğunu qəbul edə bilmirəm. Mən sənin qızınam,
bilirəm, güclü olmalıyam. Amma heç nə sənə olan özləmimi məndən ala
bilmir. Darıxıram, ata, çox darıxıram. Zarafatlarına, səsinə,
gülüşünə, öpüşünə, qayğına, diqqətinə tamarzı qalmışam. Səni
istəyirəm, təsəllim, arxam, dayağım, ümidim, bu günüm, gələcəyim
Atam, səni istəyirəm! Eşidirsənmi, məni, fəryadım sənə çatırmı?
Hardasan, mənim tək dünyam, tək həyatım olan sevimli Atam?..
Zamanında əl tutduğun, amma bu gün səni - Mahal İsmayıloğlunu
tanımayanları qınayıram. Bağışlamayacam imkanı çatdığı halda
telefonu üzünə bağlayanları. Bağışlamayacam çörəyini yeyib sənə
arxa çevirənləri. BAĞIŞLAMAYACAM! Vaxtilə atamın başına fırlanan və
hələ də vəzifə başında oturanlar, məni atasiz qoyanlar, sizə
səslənirəm: həyatı bilmək olmaz. Heç kim deyə bilməz ki, xoşbəxtlik
quşu sabah kimin başına qonacaq. 10 gün əvvələ qədər mənim
gələcəyim sizlərdən asılı idi. Bir gün də sizin övladlarınızın,
nəvə-nəticələrinizin gələcəyi məndən və dostlarımdan asılı ola
bilər. Unutmayın!
Özüm də daxil olmaqla geridə qalanlara Mahal İsmayıloğlu kimi
şərəfli son diləyirəm. Mənim gözəl, sevimli Atam, sənin Ayan
Mahalqızı deyə bir qızın var. Özünü yaşada bilmədim, amma adını
yaşadacam, sənə, adına layiq övlad olacam. Mən ki, varam adına
zərrə qədər də söz qondurmaram. Gözün arxada qalmasın. Yerin
cənnət, ruhun şad olsun, canım atam!
Musavat.com