"Axar.az"a müraciət edən Zərdab
rayon sakini Kisərən Həmzə qızı Süleymanova problemlər burulğanında
çabalamasından gileylənir. O da minlərlə vətəndaşımız kimi məmur
özbaşımalığı ilə üz-üzə qalıb. İllərdir ki, "dərdinin dərmanını"
tapmaq, haqsızlıqlardan yaxa qurtarmaq üçün qapılar döyən Kisərən
xanım, necə deyərlər, "kəsilə-kəsilə" qalıb ki, probileminin həlli
üçün daha kimlərə ağız açsın; kimlərə desin ki, 1985-ci ildən
yaşadığı evin özündən xəbərsiz özəlləşdirilməsi və əmlakının zorla
əlindən alınmasına bir əncam çəksinlər. Hər halda, əlini çox yerə
atıb, çox qapılar döysə də, Zərdab rayonunda onun başına
gətirilənlərə "yox" deyən tapılmayıb.
Lütvəli Babayev gələn
günəcən
Kəsirən xanımla onun yaşadığı evin
həyətində görüşdük. Kür çayının sahilində, gözəl, mənzərəli yerdə
yerləşən bir inzibati binada yaşayır. Köhnə, tavanı çökmüş,
divarları "quzulamış" bu tikilidə yaşamağın nə ad vermək
gərəkdiyini yazmağa ehtiyac yoxdur. Həyətdəki hündür, barlı-bəhrəli
ağacların, taxta hasar boyu əkilmiş müxtəlif güllərin göz oxşamaq
cəhdi də bu köhnə tikilinin müqabilində heçə çevrilir. Bu həyətdə
qadın əlinin səliqəsi görünsə də, bu qadının başına gətirilən
müsübətlərin fonunda heç bir səliqə-sahmandan bəhs etmək olmur. Onu
dinlədikcə ürək ağrıdıcı bir durum yaranır:
"Mənim bu evim əvvəllər baş idarəsi
Sabirabad rayonunda olan Su-bənd idarəsinə aid olub. Sonralar isə
Zərdab rayon Təsərrüfatlararası Təmir Tikinti İdarəsinə (TTTİ)
verilib. Rayon İcra hakimiyyətində ev növbəsinə durmuşdum. Yoldaşım
və iki uşağımla evsiz idik, rayonda kirayədə yaşayırdıq. 1985-ci
ildə RİK-nin sərəncamı ilə mənə xidməti order verildi ki, bu
binanın iki otağında yaşamaq hüququn var. Qeydiyyata da bura
saldılar. Bir otağını isə başqa ailəyə verdilər. Beləliklə, səkkiz
otaqdan ibarət olan tikilinin beş otağında TTTİ-si, üçündə isə iki
ailə yaşayası olduq".
Kisərən Həmzə qızının dediklərindən
məlum olur ki, bu sakit və rahat həyat 2007-ci ilə qədər davam
edib. O vaxta qədər ki, rayona yeni icra hakimi təyin olunub:
"Lütvəli Babayev bu rayona gələn gündən bizim rahatlığımız ərşə
çəkildi".
Lütvəli müəllimin tapşırığı
belədir
Kisərən xanımın dediklərindən məlum
olur ki, icra başçısının birbaşa göstərişi ilə 2007-ci ildə bina və
onun bir hektara yaxın ərazisi bütünlüklə idarənin rəisi Adil
Nuralıyev tərəfindən özəlləşdirilib. Xanım isə bundan yalnız
2009-cu ildə xəbər tutub.
"Məhkəmə icraçıları qapıma gəldi.
"Evi boşaldın, - dedilər, - bu, başqasının əmlakıdır. Sənədləri
təqdim etdilər. Dedilər ki, 2007-ci ildən bu tikili və ərazi
özəlləşdirilib, özü də Adil Nuralıyevə məxsusdur. Məhkəmədə oldum,
qətnamənin nə vaxt çıxarıldığını soruşdum, "niyə mənə xəbər
etməmisiz", - soruşdum. "Nəyinə deyəcəyikdik sənin, Lütvəli
müəllimin tapşırığı belədir", - dedilər. Çox yalvardım-yaxardım,
eşitmədilər. İndi hərbi xidmətdə olan oğlum Lətiflə Lütvəli
müəllimin qəbuluna getdim. Məni dinlədikdən sonra oğlumu çölə
çıxartdı. Dedi ki, sən o yeri boşalt, sənə 6 sot torpaq verəcəm,
torpağın rüsumunu ödəyəcəm, 500 daş, 200 kisə sement və sair.
Üçotaqlı ev tikəcəm, yoxsa orda yaşamaq sənə yaraşmaz. Razılaşdım o
vaxt. Sonradan xəbər göndərdi ki, yox, 200 kubik, 5 kisə sement
verirəm. Torpağın rüsumunu da ödə.
Nakam oğlumun ruhunu təhqir
etdilər
Bu dəfə də mən razılaşmadım. Xəbər
göndərmişdi ki, o, rədd olsun bu rayondan getsin. Elə etməsin ki,
ona pislik edəm. Bundan artıq pislikmi olar? Yenə
yalvardım-yaxardım, 20 yaşlı oğlum da o ərəfədə rəhmətə getdi.
Dedim ki, oğlumun xatirələri var burda, əkib-becərdiyi ağaclarla
nəfəs alıram. Mənə güldülər, dünyasını dəyişmiş oğlum haqda
təhqiredici sözlər işlətdilər. Görüm, oğlumun taleyini övladlarınız
yaşasın, dedim. Çox keçmədi ki, Adilin oğlu rəhmətə getdi. Allahın
işidi, insana ömrü O yazıb. Amma özümü çox qınadım, çox əzab
çəkdim. Bu tifilin günahı nə idi ki, ömrü yarıda kəsildi? Qorxdum
ki, mənim qarğışım tutub onu. Oğul dərdi ağır dərddir axı, heç kəsə
bunu arzulmaram. Mənə olunan hədəyə görə rayon polisinə, məhkəməyə
müraciət etdim. "Biz heç nə edə bilmirik", - dedilər. Getdim
Dağıstanın Azərbaycandakı nümayəndəliyinə. İsgəndərov familiyalı
bir nəfər vardı, birbaşa prezident aparatına zəng etdi, məni
tapşırdı. İki ay sakitlik oldu.
"A kişi, mən İlham Əliyevə
demişəm e!"
Sonra mən Bakıda olarkən məhkəmə
icraçıları Vasif Məhəmmədəliyev və Ziya Məmmədov Adil Nuralıyevin
oğlunun iştirakı ilə evimin qapısını sındırıb içəri girdilər.
Mebelimi, stol-stulumu, yataq dəstimi, paltar-palazımı yığıb aparıb
tökdülər İcra hakimiyyətinin qarajına. Neçə ildir qaytarmırlar. Düz
ay yarım küçədə yatdım. Hər yerə şikayət edirdim. Axırda məcbur
olub Prezident Aparatının qarşısına getdim. Gözlədim. Prezidenti
görə bilmədim. Üzümü aşağıdan yuxarı tutub qışqırdım, hay saldım
ki, mənim prezidentim, görürsən nələr olur? Mənə yaxınlaşdılar,
"niyə belə edirsən", soruşdular. Hər şeyi danışdım. "Get, arxayın
ol, sənin evini əlindən heç kəs ala bilməz", - dedilər.
Qayıtdım Zərdaba. Dedilər, yaxşı,
get, hələlik yaşa orda, amma gec-tez çıxacaqsan ordan. Əmlakımı
geri istədim. Vermədilər. Getdim məhkəmə icraçısı Vasif
Məhəmmədəliyevin yanına, paltar-palazımı almağa. Vermədi: "Lütvəli
müəllim desin, sonra", - dedi. Dedim, a kişi, mən prezidentə, İlham
Əliyevə demişəm e!.. Qayıtdı ki, o sənin prezidentindir, qoy sənə
kömək eləsin, mənim prezidentim də, baş nazirim də, polisim də
Lütvəli müəllimdir. Adil Nuralıyev həyətə gəldi, "tərslik eləmə, -
dedi. - Sənin oğlunu öldürüb sənə gözdağı vermək, ürəyini
partlatmaq istəyənlər var bu məsələyə görə. Qarşılarını güclə
alıram".
Ramil Usubov: "Bunlar
qudurub deyəsən!"
Bundan sonra MTN-ə, DİN-nə teleqram
vurdum ki, özümün və oğlumun təhlükəsizliyini təmin etsinlər.
Səhəri rayon polis rəisi mənim ardımca gəldi. İfadə verdim. Məni
düz Bakıya, DİN-ə gətirdi. Ramil Usubov özü qəbul etdi məni.
Dinlədi, "bunlar qudurub, deyəsən", - dedi və otaqdakı Cavanşir
Məmmədov adlı polisə, deyəsən, general idi o da, dedi ki, mənim
adımdan zəng elə ki, camaatı incitməsinlər. Bu yaxınların söhbətidi
bu. Dörd aydı məni söymürlər, təhqir etmirlər, amma evimi də özümə
qaytarmırlar. Rayon İcra Hakimiyyətini məhkəməyə verdim.
Sındırılmış mebellərimə, bit-birə basmış yorğan döşəyimə,
paltar-palazıma görə 20.000 manat təzminat istədim. İndi də icranın
hüquqşünası, Lütvəlinin qohumu Xəzri Babayev mənə rahatlıq vermir.
"Gəl zir-zibilini apar, iddianı geri götür", - deyir. Dörd il
qarajda zay olan əmlakı mən necə götürüm? Sındırıblar, cırıblar.
Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim mənim xeyrimə
danışsa da, icranın nümayəndəsini haqsızlıqda ittiham etsə də
qərarı onların xeyrinə çıxartdı.
Məmur zülmündən solan
talelər
Mən yenə də mübarizə aparıram, amma
birotaqlıda yaşayan o biri gəlin dözə bilmədi. Ürəyi partladı öldü.
Hələ binəvanın qırxı çıxmayıb. Avqustun 30-da icra başçısının
qəbulunda oldum. "Evimi əlimdən alırsız, yoldaşım rayon polis
şöbəsində pasport masa idarəsinin rəisi idi, şərləyib işdən
qovdurduz. Ailəm məni atdı. Sənə görə işimdən oldum, - dedim. -
Oğlum hərbi xidmətdədi, özü də bu yaxınlarda nümunəvi əsgər olduğu
və yaxşı xidmətinə görə prezident tərəfindən medalla təltif olunub.
Heç olmasa, mənə bir iş verin, işləyim".
İnanmazsız, o boyda kişi qəbuldakı
adamların və rayon rəhbərliyində qəbulda olanların yanında məni ələ
saldı, təhqir etdi: "Sən nə vaxt mənimlə razılaşsan, sənə iş
verərəm, məndən yuxarılara şikayət etmisən", - dedi. Bu adamdan nə
gözləyək axı?
***
Kisərən xanımın dediklərini
dəqiqləşdirmək üçün Zərdab İcra hakimiyyəti ilə əlaqə saxladıq.
Münasibətlərini öyrənmək mümkün olmadı.