Nə zamansa
Azərbaycanın ictimai-siyasi həyatında yenicə atılan insanların
özləri haqqında mif yaratmaları bəsit də olsa müəyyən dövr üçün
keçərli texnologiya sayılırdı. Daha dəqiq desək, təxminən 20-25 il
öncə çeşidli rənglərlə boyanmış yalanların ortaya çıxması üçün 40
gündən daha artıq vaxta ehtiyac duyulurdu...
Amma indi informasiya əsridir, hər hansı bir mifin, yalanın
darmadağın edilməsi üçün nəinki saatlar, dəqiqələr, bəzən saniyələr
də yetərli olur. Lakin təəssüf ki, bunu hələ də başa düşməyənlər,
yaxud başa düşmək istəməyənlər var...
Təxminən 1 il öncə belələrindən biri ilə facebook sosial
şəbəkəsində qarşılaşdım. Dubaydan vurub Ukraynadan çıxan, gah
Tiflisdə, gah Kiyevdə peyda olan bu adamın ictimai-siyasi kruiz
"səfərləri"nin coğrafiyası diqqətimi cəlb etdi... Əcaba vaxtilə
Xarici İşlər Nazirliyi sistemində çalışmış və bu sistemlə
əlaqələrini qoruyub saxlamağa çalışan bir adamın "Avromeydan"da nə
işi var? Onu rəngli inqilabların texnoloqları ilə bağlayan nədir?
Axı Paşa Məmmədov (İlisuyskiy) adlı adamı Azərbaycanda heç kim
tanımır. Nəinki ciddi, heç sıradanbir siyasi fiqur da deyil.
Onu birdən-birə siyasi proseslərin ön cərgəsinə atan, hətta
"Avromeydan"a gətirən hansı qüvvədir?
Suallar çoxdu və bu sualların heç birinə Paşa Məmmədovun hər
5-10 saniyədən bir qayçıladığı videomüraciətlərində aydınlıq
gətirilmir.
Emosional və rabitəsiz çıxşıları bu adamın başqa bir missiya
daşıyıcısı olduğunu, özü haqqında həqiqətləri gizlətdiyini açıq
şəkildə nümayiş etdirir... Bu sırf psixoloji və bəlkə də reflektiv
məsələdir. Adətən yalan danışan, yaxud özü haqqında həqiqəti
gizlətməyə çalışanlar daha bərkdən çığırmaqla "haqlı" olduqlarını
sübuta yetirməyə çalışırlar. Məşhur bir el məsəlində olduğu kimi:
"Oğru elə bağırdı doğrunun bağrı yarıldı".
Amma ona ünvanlanan sualların qarşılığında arqumentsiz qaldığı
üçün hər kəsə "erməni" damğası vurmağa çalışan Paşa Məmmədov
haqqında həqiqətləri əldə etmək ciddi araşdırmaya ehtiyac da
yoxdur. Adamın hər kəlməbaşı buraxdığı "boşluqlar" cənab
İlusuyskinin gerçək kimliyini ortaya çıxarmaq üçün bəs edir.
Paşa Məmmədov 2009-2010-cu illərdə Azərbaycanın Dubaydakı
səfirliyində 2-ci katib vəzifəsində çalışıb. Amma özünü gah
"konsul", gah da "vitse-konsul" kimi təqdim edir. İlisuyskiy sosial
şəbəkələrdəki profillərində "konsul" olduğunu yazır, amma bu
vəzifədən, daha dəqiq desək 2-ci katib postundan nə üçün geri
çağırıldığı barədə bircə kəlmə də söz açmır. O zaman Paşa Məmmədova
yaxın keçmişi xatırlatmaq mənim üzərimə düşür:
Beləliklə, Azərbaycanın Dubaydakı səfirliyində 2-ci katib
vəzifəsində çalışan Paşa Məmmədov 2010-cu ildə Bakıya çağırılır və
ona öz arzusu ilə işdən ayrılmaq təklif olunur. Dubayda çeçen
qruplaşması ilə birlikdə yarımzirzəmi bir sahədə "gecə klubu"
açdığı və bu gecə klubunu Azərbaycan, Ukrayna və Gürcüstandan
gətirilən qızlarla təmin etdiyi barədə həqiqətlərin çalışdığı
ölkənin xüsusi xidmət orqanları tərəfindən ifşa olunduğunu biləndə
böyük məmnuniyyətlə işdən ayrılmaq barədə ərizə yazır və gedir...
Çünki əks təqdirdə Tiflisdə yaxın münasibətdə olduğu, sonradan
Ermənistanın və eyni zamanda adını çəkmək istəmədiyim başqa bir
ölkənin xüsusi xidmət orqanlarına işlədiyi ortaya çıxan "Mulatka"
ləqəbli, Kiriakidi soyadlı modellə əlaqələrinə görə də cavab
verməli olacaqdı...
Bütün bunlardan qorunmağın, sığortalanmağın yolunu isə Paşa
Məmmədov öz personasını siyasiləşdirməkdə görür. Yuxarıda
vurğuladığım məqamlara görə, bunu Azərbaycanda etmək mümkün
olmadığı üçün Ukraynaya üz tutur. Özündən başqa daha 2
azərbaycanlının təsisçisi olduğu "Qafqaz xalqları Konqresi" ictimai
birliyini yaradır və özünü bu qurumun prezidenti təyin edir. Amma
hər yerdə Qafqaz xalqlarının nümayəndələrinin iştirakı ilə bu
qurumun rəhbəri seçildiyini deyir. Qeyd edim ki, Ukraynada
fəaliyyət göstərən heç bir ciddi diaspor qurumu Paşa Məmmədovu və
onun QHT-ni ciddiyə almır...
Paşa Məmmədovun Ukraynadakı fəaliyyəti həddən artıq
çoxşaxəlidir. Hətta "model biznesi" ilə də məşğul olur. Yəni PAŞA
köhnə PEŞƏsini unutmayıb.
Cənab İlisuyskiy Ukraynadakı sonuncu iş yerini "Fashion avenue"
kimi göstərib. Amma bununla bağlı apardığım araşdırtmadan sonra
bəlli oldu ki, onun sonuncu iş yeri "Fashion avenue" deyil,
"Fashion Life Group"du. Bu qurumun rəhbəriu Marius Vox isə öz
şərhlərində Paşa Məmmədovu nəninki 112 saylı Qax seçki dairəsindən
deputat, hətta prezident görmək istəyir. "Fashion Life Group"un
rəsmi saytına (www.fashionlifegroup.com) daxil olduqda isə işin
mahiyyəti tam aydın olur. Beləki saytda hətta gecə yarısından səhər
saat 5-ədək modellər təklif olunur....
Bütün bunlardan sonra cənab İlisuyskiyin su yoluna çevirdiyi
Bakı-Kiyev-Bakı, Kiyev-Dubay-Kiyev, yaxud Tiflis marşrutu üzrə
hansı vəsaitlər hesabına hərəkət etməsi, yaxud seçki kampaniyasına
xərclədiyi vəsaitlərin mənşəyi barədə araşdırma aparmağa ehtiyac
qalmadı. Mənzərə göz qabağındadı...
Teleqraf.com