2015-ci ilin sentyabrında Bakının ilkin mənzil bazarında
bir kvadratmetr sahənin orta qiyməti avqust ayı ilə müqayisədə
3,09% azalaraq 1005 dollar (ötən ay 1037 dollar), manatla ifadədə
isə 1053 manat olub.
Trend-in məlumatına görə, bu barədə "MBA
Group" konsaltinq şirkətinin hesabatında deyilir.
İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər
hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir -
ümumi portfelin 65%-i. Qiyməti 1000-1500 $/kv.m aralığında olan
orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar
qiymətləri isə müvafiq olaraq 725 $/kv.m və 1140 $/kv.m-dir. Ümumi
təklif portfelinin qalan 7%-ni isə qiyməti 1500 $/kv.m-dən yuxarı
olan bahalı mənzillər təşkil edir. Burada qeydə alınan orta qiymət
isə 2080 $/kv.m-dir.
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan mənzillərin
sayında Nəsimi, Abşeron, Xətai və Yasamal rayonlarının payı mütləq
çoxluq təşkil edir və bu 4 rayonun ümumi təklif portfelindəki payı
birlikdə 76%-ə bərabərdir.
İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə
təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə
alınıb. Nəsimi rayonunda, Cavanşir körpüsü yaxınlığında yerləşən
264 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa
təklif olunan ilkin qiyməti 3200 dollar təşkil edib. Ən ucuz mənzil
isə Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 104 kv.m olan 2
otaqlı yeni tikili mənzildə qeydə alınıb - 400 $/kv.m.
Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın
təklif portfeli ilə müqayisədə 1.7% artıb. Təklif üzrə ən çoх pay 2
və 3 otaqlılarda qеydə alınıb - müvafiq olaraq 34% və 33%. Ümumi
təklif portfelinin 19%-ni 1 otaqlı, qalan 14%-ni isə çoxotaqlı
mənzillər təşkil edib.
Rayonlar üzrə 2015-ci ilin sentyabrında 1 kv.m-ə görə orta
qiymət
Rayonlar $/kv.m Ay ərzində dəyişiklik (%)
Abşeron 571 -5,6
Binəqədi 952 -3,6
Nərimanov 1174 3,1
Nəsimi 1182 2
Nizami 867 -3,5
Qaradağ 607 4,7
Sabunçu 736 4,1
Səbail 1700 -2,2
Suraxanı 588 -6,3
Xətai 843 -3,7
Xəzər 0 0
Yasamal 966 -6,3