O,
Əfqanıstan, Dağlıq Qarabağ, Çeçenistan müharibələrində iştirak
edib. 20 Yanvar əlilidir. Çeçenistan döyüşləri zamanı Şamil
Basayevin ən yaxın adamlarından bir olmaqla fərqlənib. Buna görədir
ki, ilk dəfə Qroznının fəxri vətəndaşı statusunu məhz ona
vermişdilər. Bəlkə də çoxumuz bu adam haqqında məlumata malik
deyilik. Çox təəssüf ki, o indi 5 saylı şəhər klinik xəstəxanasında
müalicə alır.
Beləliklə, Arif Məhərəmov - "Çeçen Arif" ləqəbi ilə özünə ad
qazanmış qəhrəmanla müsahibəni təqdim edirik.
Çeçenlər muzdlu olmayıb
- Deyilənə görə, Şamil Basayev sizin yaxın dostunuz
olub. Maraqlıdır, çeçenlər Qarabağa muzdlu döyüşçü kimi
gəlmişdilərmi?
- Basayevin yaxın silahdaşı idim. Onunla Çeçenistana gedəndə
yaxın dostluq etdiklərimin içərisində Aslanbek Arsayev, Salman
Raduyev, Cövhər Dudayev də var idi. Məni ora aparan bir amil vardı.
O da çeçen dostlarımın Qarabağda şəhid olmaları idi. Sonra deyirlər
ki, Azərbaycan Qarabağda muzdluları döyüşdürüb. Yox! Çeçenlər
muzdlu olmayıb. Çeçenlər Qarabağa döyüş təcrübəsi keçməyə
gəlmişdilər. Onlardan 1992-1993-cü illərdə eşidirdik ki, biz
Azərbaycan və Gürcüstan kimi müstəqil olmaq istəyirik. Əgər bunun
üçün vuruşmaq lazımdırsa, onu da edəcəyik.
O adam rus kəşfiyyatına xidmət edir
- Bir müddət öncə Şamil Basayevin dəstəsinin Dağlıq
Qarabağda ermənilər tərəfdə təlim keçməsi ilə bağlı informasiya
yayılmışdı. İndi Basayevin yaxın dostundan soruşuram: bu,
doğrudurmu?
- O xəbəri sizin saytda oxumuşdum. Dəqiq yadımda deyil, amma
hansısa mənbəyə istinad etmişdiniz. Əslində, Şamil Basayevin
dəstəsinin orada təlim keçməsi iddiası gülüncdür. Onu sizə deyən
adam rus kəşfiyyatına xidmət edir. Mən demirəm ki, Basayev
gəlməsəydi, biz nəyəsə nail ola bilməzdik. Basayevin özü sonralar
müsahibələrində də deyirdi ki, mən döyüşməyi Qarabağda öyrənmişəm.
Şamilin harada kiminlə olması önəmli deyil. Önəmli olan onun özünün
dediyi sözdür. Əgər o danışıbsa, sözünü deyibsə, bu, yekun nöqtə
deməkdir.
- Şamil Basayev Qarabağda hansı döyüşlərdə iştirak
edib?
- Dəqiq məkanı demək istəmirəm. Basayev Azərbaycanın iki
istiqamətində döyüşüb. Azərbaycanın Milli Qəhrəmanlarından biriylə
- Rasim Əkbərovla bir yerdə döyüşüblər.
Mən erməniləri qafqazlı saymıram
- Öz səhifənizdə Çeçenistanda yaradılmış bir erməni
briqadasından bəhs etmişdiniz. Bu məsələ haqqında bir az ətraflı
danışa bilərsinizmi?
- Rusların vasitəsilə Çeçenistanda çeçenlərin əleyhinə xüsusi
hərbi birləşmə yaradılmışdı. Əsas məqsəd Çeçenistanın azadlığı
uğrunda vuruşanları məhv etmək idi. Şamil Basayev onda çeçen
televiziyasında çıxış edib bir söz demişdi: "Mən erməniləri
qafqazlı saymıram. Əgər onlar qafqazlı olsaydılar, rusların köləsi
olmazdılar". Sonra bizim ağır döyüşlərimiz oldu. Onda bu
briqada da vuruşurdu. Hər şeylə təchiz olunmuşdular. Biz həmin
briqadanı məhv etmişdik. Orada iki erməni generalı da
öldürülmüşdü.
Basayev başımı kəsmək istəyirdi
- Deyəsən, Şamil Basayevlə heç kim mübahisə etməyə cəhd
etmirdi.
- Mən bir dəfə Şamil Basayevlə bərk mübahisə etmişdim. Onda ona
dedim ki, sənin Abxaziyada gürcülərə qarşı döyüşməyin doğru deyil.
Mənə dedi ki, sözünə fikir verirsənmi? Dedim, bəli, sözümə görə
məsuliyyət daşıyıram. Sənin gürcülər xristiandır deyə, onlara qarşı
vuruşmağın doğru deyil. Belə götürəndə abxazların da yarısı
xristiandır. Qayıtdı mənə dedi ki, Arif, sənin yerinə başqası
olsaydı, yerindəcə başını kəsərdim. Sonralar biz Salman Raduyevlə
birgə Gürcüstanda 9 aprel tədbiri keçirdik. Bu tədbirə Şamil
Basayev də gəlmişdi. O, camaatın qarşısına çıxdı və hər kəsdən üzr
istədi. Sonra məni göstərdi. Dedi ki, mən bu kişiyə görə sizdən üzr
istədim. Onda Rustavi-2 televiziyası da bunu çəkmişdi. Gürcülər
səssizcə susub qalmışdılar.
Lotu Bəxtiyar mənə zəng etmişdi
- Qafqaz evi açılanda partlayış olmuşdu...
- 1997-ci ildə Qafqaz Evinin açılışı idi. Demək olar ki, son
tamamlama işləri qalmışdı. Bütün hər şey hazır idi. Onda Salman
Raduyev məndən xahiş etdi ki, bəs mənə yaxşı cangüdən tap. Tapdım.
Bir müddət sonra həmin oğlan arxamca qaçaraq gəldi. O, "Raduyev
sizi çağırır, gedirik",- dedi. Biz maşına əyləşəndə o səhv edib
Raduyevin yanında əyləşdi. Maşın hərəkət edəndə Raduyev onu sakitcə
məzəmmət edirdi. Birdən partlayış baş verdi. Son dəfə Salman
Raduyevi görəndə mənə bunu deyirdi ki, onu xilas edim. Sonra isə
huşumu itirmişdim. Gözümü açanda isə əlim parça-parça olmuşdu.
Başımın üstə Şamil Basayev dayanmışdı. Həkimlər əlimin
düzəlməyəcəyini demişdilər. Onda Şamil Basayev dedi ki, öz qolunu
mənə verməyə hazırdır. Həkimlər donub qalmışdılar. Sonda
Almaniyadan briqada gətirməyi qərara aldılar. Mən indiyə qədər
deyirəm: qoluma görə iki nəfərə borcluyam - Şamil Basayev və Heydər
Əliyevə. Çeçenistandan sonra Heydər Əliyev bütün həkimlərə mənim
qolumun sağaltmaqdan ötrü əmr vermişdi.
- Bəs hadisənin səbəbkarı tapıldımı?
- Çox keçmədi ki, Basayev səbəbkarı tapdı. Bir gün televiziyanı
açdı və dedi ki, baxın, görün tanıyırsınız? Üzdən çeçenə oxşayırdı,
amma onu görməmişdik. Dedi, bu, rusdur. Onda Raduyev
heyrətlənmişdi. Məlum oldu ki, Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin əməkdaşıdır. Agentdən "niyə bizi əvvəllər öldürmədin?"
soruşanda isə, "əmr ancaq açılışdan bir gün öncə gəlmişdi",-
dedi.
Dedilər ki, səni Lotu Bəxtiyar axtarır
- Çeçenistanda xəstəxanada heç kim sizə zəng
etməmişdimi?
- Bir dəfə partlayışdan sonra xəstəxanada zəng gəldi. Dedilər
ki, səni Bəxtiyar axtarır. Bilmədim kimi deyirlər. Telefonu
götürəndə isə Lotu Bəxtiyar olduğunu eşitdim.Həbsxanadan zəng
etmişdi. Mən o zaman Dağıstanda idim. Partlayışdan sonra geri
vətənə qayıdırdım. Mənimlə qürur duyduğunu dedi. Sonra bir az
kövrələn kimi oldu. Yadımdadır, iki dəfə mənə görə Çeçenistanda
xəstəxanaya pul göndərmişdi. Bunu isə ancaq onun ölümündən sonra
bildim.
Birinci raket Heydər Əliyev parkına atıldı
- Bəs Heydər Əliyevlə münasibətiniz necə
idi?
- Çox gözəl. O, adamdan razı olduğum qədər heç kimdən razı
qalmamışdım. Bir dəfə Qafqaz Evinin açılışından sonra Heydər Əliyev
mənə dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirdim.
Onun şərəfinə Çeçenistanda park saldırdım və heykəlini ucalda
bildim. Amma ikinci Rus-Çeçen müharibəsi başlayanda Rusiya birinci
zərbəni raketlə o parka vurdu.
- Yaxşı bir yoldaş kimi Şamil Basayev haqqında indiyə
qədər heç yerdə yayımlanmayan hansı məqamı deyə
bilərsiniz?
- Mən Qroznı şəhərinin ilk fəxri vətəndaşı olmuş şəxsəm. İndi
deyəcəyim şeyləri birinci dəfə sizə söyləyirəm. Bəlkə də ömrümə az
qalıb. Çünki artıq mənzilə yaxınlaşdığımı hiss edirəm. Mən
Çeçenistanda əsas briqada, yəni səhra komandirlərindən biri idim.
Şamil Basayev bir şeyi qərara almışdı. O, 1997-ci ildə 3000 nəfərlə
Dağlıq Qarabağa girmək istəyirdi. Burada partizan savaşı
aparacaqdı. Ancaq bizimkilər icazə vermədilər və hələ vaxtının
çatmadığını dedilər.
- Bəs bu dəqiqə özünüzü necə hiss
edirsiniz?
- İndi vəziyyətim ağırdır. Mən həyatımı Azərbaycana və Qafqaza
qurban vermişəm. Mən və həyat yoldaşım yeganə şəxslərdənik ki,
ikimiz də Prezident təqaüdçüləriyik. 20 yanvar, Dağlıq Qarabağ,
ardınca isə Çeçenistan. Bəlkə də çoxları səsimə səs verməyəcək. Mən
o şəxslərdənəm ki, prezident İlham Əliyev mənə görə bir neçə naziri
danlamışdı. Heydər Əliyev isə şəxsən müalicəmlə maraqlanmışdı. İndi
isə yenidən pisləşmişəm. Ayaqlarımın ağrısı artıq daha da
şiddətlənir. Ola bilsin, bir azdan onları da kəsdilər. Bildiyim tək
şey var - mən Azərbaycan üçün qarşılıqsız yaşamışam. Hərdən insan
sıxılır. Ölkədən getmək istəyir. Amma yenə də "mən axı bura görə
həyatımı qurban verməyə hazır olmuşam" deyə fikirləşib, yenidən
fikrimi dəyişirəm. Bilmirəm, nə qədər vaxtım qalıb, amma indi də
döyüşməyə hazıram. Bəlkə də müalicəmə bir az da diqqət edilsə, daha
yaxşı olar. Çünki mənə vətən üçün yaşamağı öyrədiblər.
P.S.
Bu sözlərdən sonra müsahibimi öskürək tutdu. Nitqi kəsildi.
Vəziyyəti ağırlaşdı, ağrıları şiddətləndi. Həkim çağırdım, ona
ağrıkəsici vurdular və bundan sonar yavaş yavaş sakitləşib yuxuya
getdi.
Müəllifdən xüsusi qeyd: Müsahibəyə gedərkən Arif
bəyin fotolarını çəkməyi düşünsək də, sonradan onu bu halında
oxuculara göstərmək fikrindən vaz keçdik.