Bu yolda Aşura məktəbini və Quranı aşağılamaq,
müqəddəsləri təhqir etmək ən yaxşı seçimdir...
Hər bir insan Quranı oxuyub dərk etməyə və onun dərin
sirlərindən agah olmağa çalışmalıdır. Zira, Quran bəşəriyyət haqqa
hidayət edən asimani kitabların ən sonuncusu və kamilidir. İnsanın
xoşbəxt həyatını təmin edə bilən, səadət bağışlayan yeganə mənbə
məhz Qurandır. Quran bütün axtarışların ünvanı ola bilər. Alimlər
üçün elm mənbəyi, ariflər üçün ən gözəl ibrət, filosoflar üçün ən
tutarlı dəlil, sadə insanlar üçün ən rahat yaşayış tərzidir və
sair.
Quran hamının başa düşəcəyi səviyyədədir. Amma hər sirrini də
hamıya açmır. Bir dəfə çox dəyər verdiyim şəxslərdən biri ilə
söhbət edirdim. Quran haqqında elə maraqlı fikir dedi ki, hələ də o
sözün təsirindəyəm. Dedi ki, Quranı olduğu kimi anlamaq, onun
sirlərini bilmək üçün Quranla məhrəm olmaq lazımdır. Dedim, Quranla
necə məhrəm olaq? Cavab verdi ki, Quran sirlərini saxlaya
biləcəyindən əmin olmasa, sirrini açmaz. Ona görə də bütün
yaşayışımız Quran deyən kimi olmalı, nəfəsimiz də Quran təravəti
saçmalıdır.
Quranın gizlinlərinə, sirlərinə vaqif olmaq yasaq və mahal
(qeyri-mümkün) deyil. Lakin bu gizlinləri əldə etməyin yolunu
düzgün seçmək lazımdır. Əks halda qaranlıq yollar insanı zülmətə
aparar. İslam Peyğəmbəri (s) buyurur: "Hər kəs Quranı öz rəyi
əsasında təfsir etsə, özü üçün cəhənnəm odunda yer seçər".
Zülmət bataqlığında giriftar olmamaq və Quranın ziyasında əbədi
səadətə qovuşmaq üçün düzgün yol göstərilib. O yolun yolçusu olmaq
iman, yəqinlik və qətiyyət tələb edir. Nəticəsi isə məlumdur –
Quranla məhrəmləşmək və əbədi xoşbəxtlik. Yenə İsam Peyğəmbərinin
(s) kəlam xəzinəsindən bir inci göstərmək məcburiyyətindəyəm: "Mən
sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın
Kitabı və mənim Əhli-Beytim. Əgər onlara sarılsanız, məndən sonra
heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki yadigarım heç bir zaman
birbirlərindən ayrılmayacaqlar".
Əziz Peyğəmbərimizin (s) bu kəlamı nəinki müsəlmanların, hətta
bütün bəşərin eyni əqidə ətrafında birləşməsinə kifayətdir. Lakin
şəxsi maraqlar, düzgün anlamamaq, təkəbbür və yersiz təəssübkeşlik
bu cür kəlamların parlamasına hələ ki əngəl olur.
İnternet qəzetlərindən biri "Siyasətçi və din" rubrikasında
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu
qonaq edib. Sərdar bəy fərqli fikir adamı kimi özünü bu dəfə dində,
Qurana şərh yazmaqda və ömrünü din elmlərinə həsr edən şəxsləri
təhqir etməkdə sınayıb. Əslində, Sərdar bəyin "kəşf"lərinə izahat
vermək marağında deyiləm. Lakin onun iddiasının cəmiyyətdə fəsad
yarada biləcəyindən xoflanıb, həqiqətə işıq tutmaq qərarına
gəldim.
Sərdar Cəlaloğlu "məhkəmə-tibb eksperti" ixtisasına yiyələnsə
də, peşə fəaliyyəti kimi siyasəti seçib. Ekspert olduğu üçün
siyasətdən ədəbiyyata, ədəbiyyatdan tarixə, tarixdən dinə qədər
bütün sahələri "meyit masası"na çıxardıb doğrayır, istədiyi kimi
rəy yazır. Həm də ixtisasının adında "məhkəmə" sözünü unudaraq.
Şübhə etmirəm ki, sonuncu müsahibəsində haqqında bəhs etdiyi
Qiyamətdə məhkəmə qarşısına çıxacağına, Quranı "qan-çür" etdiyinə
görə mühakimə olunacağına inanır Sərdar bəy. Onun nəyə inanması o
qədər də önəmli deyil. Özü bilər. Amma sadə insanları yanlış inanc
sahibinə çevirməyə çalışdığı, qərəzli şəxslərə məntiqsiz əsaslar
verdiyi və cəmiyyətdə dini müqəddəsləri şübhə altına aldığı üçün
dediklərinin Qurana qəti aid olmadığını göstərməliyəm. Sərdar bəy
deyir ki, "Mütləq həqiqət" əslində ehkam deməkdir. Bizdə isə ehkam
başqa mənada işlənir. Ehkam tənqid edilməsi, əvəz edilməsi,
dəyişdirilməsi mümkünsüz olan həqiqətdir. Bu həqiqət o qədər
mütləqdir ki, ondan nəsə qoparmaq və ya ona nəsə əlavə etmək
qeyri-mümkündür..."
İslam dini üç hissədən ibarətdir - əqaid, əhkam, əxlaq. Əqaid
etiqad deməkdir və ancaq ağıl, məntiq əsasında dəllilər vasitəsilə
formalaşır. Əhkam şərii qaydaların icrasıdır. Əhkam hökm sözünün
cəm formasıdır – hökmlər mənasını ehtiva edir. Dində icra olunan
ayinlərə hökmlər, yaxud əhkam deyilir. Allahı tanımaq, onun mütləq
varlıq olduğuna inam isə əqaid məsələsidir.
"Hazırda 10 cilddən ibarət Qurani-Kərimə elmi-fəlsəfi izah
yazıram". Bu cümləni Sərdar bəy səsləndirir. Amma dərhal sonra
deyir: "Bir alimin Quranı təfsir etməsi kafirlikdir". Burda təfsir
sözünün mənasına diqqət etməyimizə zərurət yaranır. Təfsir ərəb
mənşəli termindir, şərh və bəyanetmə, izah etmə mənasını verir.
Bütün islam alimləri Quranın təfsir olunmasını qəbul edir. Lakin
yaşı iki əsrdən çox olmayan vəhhabizm cərəyanına etiqad edənlər
Quranın təfsir olunmasını qəbul etmirlər. Onlar iddia edirlər ki,
Quran ilk baxışda necə anlaşılırsa, elə də qəbul olunmalıdır.
Unudurlar ki, Quranın bir çox ayələri məcazdır, bəzi ayələrin
batini mənası var, bəzi ayələr mütəşabehdir və sair.
Quranın ayələrində də təfsir məsələsini aydın görürük. Məsələn,
"Həmd olsun aləmlərin rəbbi Allaha" (Fatihə, 2) – bu ayəni oxuduqda
"aləmlərin rəbbi" nədir deyə sual oluna bilər. Bu sual və hətta
onun cavabı belə Qurani-Kərimdə var. "..."Aləmlərin Rəbbi nədir?"
... O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!"
(Şüəra 23-24).
Problem təfsirin olub-olmamasında deyil, kimin Quranı təfsir
etməyə icazəsi və haqqı vardadır. Birmənalı olaraq, bu haqq Həzrət
Məhəmməddədir (s). Onun kəlamları əsasında və Quranın ümumi məntiqi
çərçivəsində verilən izah və təfsir məqbuldur. Bu iki amili nəzərə
almadan Quranı izah etməyə qalxan şəxs yanlış yoldadır və böyük
xəta edir.
Sərdar bəy də Quranın izahı ilə bağlı iki ziddiyyətli fikir
səsləndirməklə dini əqidəsini şübhə altına alır.
Ərəb dilindən anlayışı olmayan, bəlkə heç "əlif"i də tanımadan
fikirlərini "sin" kimi dalğalandıran, "Yə"i hansısa quşa
bənzədərək, sözləri "zad" kimi çətin tələffüz edən hörmətli Sərdar
müəllim deyir ki, ərəb dilində elə bir neçə hərfi yan-yana düzsən,
alınan söz heç bir məna vermir. Amma hərəkələr qoymaqla həmin
sözlər məna kəsb edir.
Ərəb dilində oxunuş qaydasını deyim ki, növbəti dəfə belə
xətalar baş verməsin. Ərəb əlifbası 28 hərifdən ibarətdir və hamısı
samitdir. Saitlər (hərəkə) isə müstəqil hərf statusu daşımır.
Saitlər (ə, i, u yeddi qalın hərf isə "əlif məddi"ində "a" səsi
verir) vasitəsilə sözlər düzəlir. Bu qayda Azərbaycan dilində də
belədir. Yəni samitlər saitlərlə birlikdə sözləri əmələ gətirir.
Bir fərq də odur ki, ərəb əlifbasında saitlər (hərəkələr)
samitlərin üzərində və altında qoyulur. Ərəb dilini bilənlərə
məlumdur ki, Qurandan başqa heç bir kitabda hərəkələr qeyd olunmur.
Bu, yazının təxfif (asan) formasına görədir. Lakin oxunanda
hərəkələrdən istifadə olunur. Əks halda ancaq samitlərdən söz
düzəlməz.
Sərdar bəy günümüzün ən aktual mövzularından birinə də toxunur.
Məhərrəmlik ayının xristian adətindən doğduğunu iddia edir:
"Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir".
Məhərrəm qəməri (ay ili) təqviminin ilk ayıdır. Bütün təqvim
illərinin 12 ayı olur. Məhərrəm ay adıdır. Lakin bu ayda Əziz İslam
Peyğəmbərinin (s) ciyər parası, üçüncü məsum imam Həzrət Hüseyn (ə)
zamanındakı haqsızlığa, zülmə etiraz olaraq qiyam etdi və zalım
Yəzid tərəfindən şəhid edildi. Bu hadisə təkcə müsəlmanlar üçün
deyil, azad doğulduğunu, azad yaşayacağını və azad öləcəyini
anlayan və bu azadlıqlar uğrunda mübarizə aparan şəxslər üçün
məktəbdir. Tarixdə fərdlər qalmır, şəxsiyyətlər və məktəblər əbədi
yaşayır. Ona görə də özünü azad hesab etməyən şəxsin Aşura
məktəbini müsbət qarşılamağını, İmam Hüseynin (ə) bəşər üçün
xilaskar olduğunu qəbul etməsini gözləmirəm. Sərdar bəyin
Məhərrəmliyi xristian adəti kimi təqdim etməsi isə sadəcə, boş
sözdən və mənasız iddiadan başqa bir şey deyil. Haşiyə kimi qeyd
edirəm ki, Sərdar müəllim elmin yeni şöbələrini yaratmaqda
iddialıdır. Zənn edirəm ki, anasının seyyidə (Peyğəmbər soyundan)
olduğunu deyərək, Aşura məktəbini xristianlığa bağlaması "elmi
kəşfinə" görə almaq istədiyi "nobel"ə görədir.
Bir qədər əvvəl sətiraltı işlətdiyim fakir deyəsən aydın
görünməkdədir…
"Möhürlə namaz qılmaq Qurana ziddir". Bu fikrin davamında isə
açıq şəkildə şiə əqidəsinə hücum edir. Məzhəbçiliyi inkar etsə də,
islamın əsas məzhəblərindən birinə qarşı kəskin ifadələr
işlətməklə, özünü fərqli düşüncə sahibi kimi təqdim edir. Qəlbləri
bilən Allahdır…
Möhürlə namaz qılmağın qadağan olunduğunu deyirsə, bu barədə bir
ayə, yaxud bir hədis qeyd etsin. Edə bilməyəcək, çünki bu barədə
tapa biləcəyi ayə yoxdur. O zaman Sərdar bəyə "ayıb olsun, elmi
inkişafdan danışan şəxs Qurana, dinə, elmə böhtan atır", deməyə
haqqım varmı?
Zöhr və əsr namazlarının qılınma məsələsinə gəldikdə, cəfəri
fiqhində zöhr namazından dərhal sonra əsr namazının qılınması vacib
deyil. Bu, şəxsin öz ixtiyarına verilir. Yəni istəsə, zöhr namazını
bitirəndən sonra əsr namazını qılsın, yaxud bir müddət sonra əda
etsin. Bu məsələ müzakirə mövzusu deyil. Həzrət Əlinin (ə) iqamədə
və azanda adının çəkilməsi də vacib məsələ deyil. Eyni zamanda azan
və iqamənin cüzi (tərkib hissəsi) kimi deyilmir. Qeyd edim ki, azan
və iqamə namazın müstəhəbb hissəsidir. Yəni azan və iqamə demədən
də namaza başlamaq olar. Namaz "Təkbirətul-ehram"dan (niyyətdə
deyilən Allahu əkbər) başlayır, sonuncu salamda bitir.
Sərdar bəy Azərbaycanda namazı düzgün izah edən alimin
olmadığını iddia edir: "Azərbaycanda elə bir alim yoxdur. Baxın,
şiələrin müəllimi imam Cəfərdir. Sünnilərin isə əsas alimi imam
Qəzzali ilə imam Rəbbanidir. Bu alimlər orta əsr alimləridir. Allah
buyurub ki, hər şeyi dərəcələyəndir. Yəni, hər dövrün bir insanı
var. İndi bunlara sual vermək lazımdır: Siz bu camaatı orta əsr
aliminin sözləri ilə niyə aldadırsınız?"
Dəyərli Sərdar müəllim, siz namazı düzgün izah edən alimin
olmadığını iddia edir, orta əsrlərdə yaşamış şəxslər vasitəsilə
camaatın aldanıldığını deyirsiniz. İndi mən sizə sual ünvanlayım.
Orta əsrlərdə qılınan namazla indi qılınan namazın nə fərqi var?
Cavabını ya bilməyəcəksiniz, ya da dağdan arandan danışaraq heç
kimin anlamadığı tərzdə bəzi sözlər deyəcəksiniz. Ona görə cavabını
da özüm deyirəm. Namaz dinin sütunudur. "Peyğəmbərin gətirdiyi
şəriət qiyamətə qədər davam edəcək" hədisi də çox məşhurdur. Dinin
sütunu toxunulmazdır. Hansı dövrdə olursa-olsun, namaz və dinin
digər vacib əməlləri dəyişilə bilməz. Dinin vacibatı sabit və
dəyişilməz qalmalıdır. Sizin orta əsrlər söhbətiniz camatı
çaşdırmaqdan başqa bir şey deyil.
İŞİD məsələsinə gəldikdə, bu yırtıcı təşkilatı yaradıb,
silahlandıranlara qarşı bir cümlə işlətməkdən çəkindiyiniz halda,
heç bir halda sizə cavab verə bilməyən tarixi şəxsiyyətləri topa
tutmağınız çoxmu cəsarət tələb edir?
Babək məsələsində isə daha çox ifrata varırsınız. Onun tarixdə
necə şəxs olduğunu, hansı əqidəyə qulluq etdiyini qətiyyən
çəkişmirəm. Bu, tarixçilərin işidir. Amma Babəkin ölümü zamanı
islam adından ona qarşı istifadə olunan ölüm taktikası və
işgəncələri heç qəbul etmirəm. Çünki dinə ziddir. Babəkin ölüm
səhnəsini belə cızırsınız: "Xəlifə deyir ki, Babək çoxlu sayda
günahsız müsəlmanın qanına bais olduğuna görə onun qolları
kəsilməlidir. Çünki bu, Quranda da belə buyurulur".
İslamda ən ağır cinayətkarın belə bədən üzvlərini (oğrunun
barmaqlarını kəsmək istisna olmaqla) kəsmək qadağandır. Baxın,
islamın ilk vaxtlarında Peyğəmbər (s) əsirlərlə necə rəftar edirdi.
Bunun Quranda olduğunu deyirsiniz. Buyurun göstərin. Əksa hlada
belə cəfəng fikirlərlə camaatı çaşdırmayın.
Cavid Cabbarlı
İlahiyyatçı jurnalist