Azərbaycanda daşınmaz əmlak
üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yenilik baş
verib. Bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına
rəsmiləşdirilməsi avtomatik həyata keçiriləcək.
Axar.az xəbər verir ki,
daşınmaz əmlakın təkrar qeydiyyatını inanılmaz dərəcədə
sadələşdirən bu yenilik Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)
tərəfindən istifadəyə verilən "Daşınmaz əmlakın təkrar
qeydiyyatında yeni onlayn xidmət" sayəsində mümkün olub.
Müqavilə onlayn göndəriləcək
Yeni xidmət notariuslarda
bağlanan əmlak alğı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa
olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX)
göndərilməsini nəzərdə tutur.
"Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət"
nəticəsində alqı-satqı müqavilələri notariusdan onlayn formada
birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün
yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Yəni,
alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına
ehtiyac qalmayacaq. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə
cəmi 1 dəfə – öz adına olan çıxarışı – "kupça"nı götürməyə
gedəcək.
Özü də bu, təkcə əmlakın alğı-satqısına deyil, vərəsəlik,
bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat
kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma
və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa
DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz
yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə, vətəndaş
DƏDRX-ə cəmi bir dəfə - çıxarış götürməyə gedəcək. Bu yenilikdən
sonra daşınmaz əmlakın qeydiyyatının daha da sadələşəcəyini,
qeydiyyat prosedurlarının minimuma enəcəyini, vaxt itkisi və əlavə
müraciətlərin aradan qalxacağını demək artıqdır.
5 addımdan 2 addıma
ƏMDK-nın mətbuat xidməti Qulu Xəlilovun sözlərinə görə,
ümumiyyətlə, son illər komitənin apardığı məqsədyönlü tədbirlər, o
cümlədən elektron və onlayn xidmətlərin aktiv surətdə tətbiqi
nəticəsində qeydiyyat prosesi tanınmaz dərəcədə sadələşib:
"Müqayisə üçün bildirək ki, əvvəllər alqı-satqı prosesi üçün
vətəndaşlar 4 mərhələdən keçməli olurdular. Belə ki, ilk növbədə
əmlakın sahibi onun yüklü və ya həbsdə olub-olmaması barədə
məhdudiyyət arayışı almaq üçün ərazi idarəsinə müraciət etməli,
ikinci mərhələdə bu arayışı ərazi idarəsindən almalı, üçüncü
mərhələdə tərəflər notariusda alqı-satqını həyata keçirməli,
dördüncü mərhələdə əmlakın yeni sahibi əmlakı öz adına
rəsmiləşdirmək üçün alğı-satqı müqaviləsini ərazi idarəsinə təqdim
etməli, nəhayət, 5-ci mərhələdə əmlakın yeni sahibinin adına
çıxarışı götürməli idi. Başqa sözlə, vətəndaş əmlak alğı-satqısında
4-ü DƏDRX və biri notarius olmaqla 5 dəfə müraciət etməli
olurdu.
Son illər atılan addımlar nəticəsində isə bu prosedurların sayı
2-yə enib. Belə ki, 2014-cü ilin aprelindən məhdudiyyət
arayışlarının notariat kontorlarında onlayn verilməsinə başlanıb.
İndi isə alğı-satqı müqaviləsi ərazi idarəsinə birbaşa
göndəriləcək. Nəticədə indi əmlak alğı-satqı prosesi üçün cəmi 2
addım kifayətdir: 1) notariusda alğı-satqı müqaviləsinin
imzalanması, 2) əmlakın yeni sahibinin adına olan çıxarışın
götürülməsi".
Q.Xəlilovun sözlərinə görə,
hələ bir neçə il əvvəl Komitənin mütəxəssislərinin apardığı
təhlillər göstərmişdi ki, əhali arasında məhdudiyyət arayışları
(Forma-1) ilə bağlı xidmətlərə böyük tələbat var:
"2014-cü ilin aprelindən etibarən məhdudiyyət arayışlarının
onlayn verilməsinə başlandı. Nəticədə alğı-satqı zamanı notariuslar
ƏMDK-nın məlumat bazasından istifadə edərək əmlakla bağlı arayışı
onlayn qaydada təqdim edirdilər. Bundan sonra alğı-satqı müqaviləsi
bağlanılır, vətəndaş isə bu müqaviləni DƏDRX-ə təqdim edərək əmlaka
dair öz adına çıxarış əldə edirdi. Amma aparılan təhlillər göstərib
ki, xidmətin bu mərhələsinin daha da sürətləndirilməsinə böyük
ehtiyac var. Buna görə də, ƏMDK bu sahədə növbəti xidmətə
başlayıb".
Müqavilələr onlayn göndərilmə yolu
Komitənin digər onlayn xidmətləri kimi, haqqında danışılan yeni
onlayn xidmət də Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS)
əsasında fəaliyyət göstərəcək. Belə ki, daşınmaz əmlakın təkrar
qeydiyyatı ilə bağlı alğı-satqı müqaviləsi bağlandıqdan sonra
müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür.
Sistemdə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı
ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu
barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir.
Ödənişlər də onlayn olacaq
Yeni onlayn xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət
haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri
bank, elektron hökumət portalı, ödəniş terminalları vasitəsilə
aparmaq olar. Alğı-satqı zamanı isə ərizəçi birbaşa notariat
kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər
edə bilir. Yəni ödəniş etmək üçün əlavə yerə getməyə ehtiyac
qalmır.
Qeydiyyatdan yayınmaq problemi
Komitə rəsmisinin fikrincə, yeni onlayn xidmət təkrar daşınmaz
əmlak bazarında aktivliyi artıracaq, alğı-satqı proseslərinin daha
operativ həyata keçməsini təmin edəcək: "Alğı-satqıların az qala
avtomatik baş verməsi və vaxt itkisinin aradan qalxması əmlak
sahiblərini daha çevik qərar verməyə həvəsləndirəcək. Amma bu
məsələnin yalnız bir tərəfidir. Alğı-satqı müqavilələrinin
avtomatik olaraq qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında
çoxdan bəri mövcud olan digər problemin həllinə səbəb olacaq. Belə
ki, bəzi hallarda alğı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz
adına rəsmiləşdirməyə tələsmirdi. Nəticədə həmin əmlak faktiki
olaraq dövriyədən kənarda qalır, onunla əməliyyatların aparılması,
o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. Bəzi hallarda bu,
sadəcə məsuliyyətsizlik səbəbindən baş verirdi. Bəzi hallarda isə
əmlakın yeni sahibi bilərəkdən əmlakı öz adına rəsmiləşdirməyə
tələsmirdi. Bu isə müəyyən vəziyyətlərdə mənfi hallara səbəb
olurdu. ƏMDK-nin yeni xidməti ilə qeydiyyatın avtomatik həyata
keçirilməsi belə halların qarşısını almağa da imkan yaradacaq".