Noyabrın 20-də Göyçay, Bərdə, Lerik, Şəki, Neftçala və
Salyan rayonlarının daha 15 kəndinə təbii qaz verilib.
Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu
münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və
"Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət
nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Göyçay rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə
373 abonenti olan Alxasava və Qaraman kəndlərinin yenidən
qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 46 029 metr
uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla
daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent
ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Bərdə rayonunun Qaradəmirçi-1 və Qaradəmirçi-2
kəndlərinin də qaz təchizatı bərpa edilib.
Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə
683 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 25 kilometrdən
artıq qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və
fərdi tənzimləyicilər quraşdırılıb.
Şəki rayonunun Sarıca və Baltalı kəndləri də uzun sürən
fasilədən sonra yenidən qazlaşdırılıb.
Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 673 abonentlik
kəndlərin qazlaşdırılması zamanı 31 427 metr uzunluğunda müxtəlif
diametrli polietilen və metal borulardan istifadə edilib,
abonentlərin hər biri sayğac və fərdi tənzimləyicilərlə təchiz
olunub.
Salyanın Xələc kəndinin də qaz təchizatı bərpa edilib.
Vurğulanıb ki, 625 abonenti olan kəndin qazlaşdırılması üçün
birpilləli sistem əsasında 48 753 metr uzunluğunda qaz xətləri
çəkilib, 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Noyabrın 20-si Lerik və Neftçala camaatı üçün daha əlamətdar
olub. Belə ki, bu iki rayonun ümumilikdə 8 kəndində ilk dəfə mavi
alov şölələnib.
Lerik rayonunda bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib
ki, ümumilikdə 238 abonenti olan Hıramo, Yuxarı Bilnə, Livədirqə,
Nüsomurya və Qədimküçə kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədi
ilə birpilləli sistem əsasında 20 558 metr uzunluğunda müxtəlif
diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri
çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Neftçala rayonunda keçirilmiş tədbirdə isə vurğulanıb ki,
rayonun ümumilikdə 615 abonenti olan Boyad, Ballıcalı və İkinci
Qaralı kəndlərinin ilk dəfə qazlaşdırılması zamanı 39 110 metrlik
müxtəlif diametrli qaz xətləri çəkilib, abonentlərin mənzillərində
sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.