İtkilər daha çox ola bilərdi. Dəhşətli tufan, 10
metrədək şahə qalxan dalğalar, soyuq, qaranlıq, helikopterlərə və
gəmilərə mane olan təbii şərait. Amma bütün bunlar 32 nəfəri xilas
etməyə mane olmadı. Fövqəladə Hallar Nazirliyi əməkdaşları bu
qurumun tarixində ən təhlükəli əməliyyatı fədakarcasına başa
çatdırdılar.
ANS-in efirində "Hesabat"ın qonağı, əməliyyata birbaşa
rəhbərlik edən şəxs FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin I
müavini, general-mayor Məhərrəm Həsənov olub. "Hesabat"ın
suallarına cavab verən Məhərrəm Həsənov xilasetmə əməliyyatının
çətinliklərindən danışıb.
- Neçə dəqiqədən sonra hadisə rayonunda
idiniz?
– İlk öncə itkin düşən insanların ailələrinə, yaxınlarına
Allahdan səbr diləyirəm. Hadisə dekabrın 4-də baş verib. "Günəşli"
yatağında həmin vaxt Fövqəladə Hallar Nazirliyinin bir gəmisi
növbədə idi. Yanğından 25 dəqiqə sonra gəmi hadisə yerindəydi. Amma
gəminin hadisə yerinə çatmasına baxmayaraq, hava şəraitinin
əlverişsiz olması səbəbindən platformaya yaxınlaşa bilmirdi.
Nazirliyə bununla bağlı məlumat daxil olandan sonra müvafiq
xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirildi. Biz mövcud
vəziyyəti, yəni hadisə yerindəki hava şəraitini və riskli
əməliyyatın olmasını qiymətləndirərək işlərə səhər saatlarında
başlamağa qərar verdik. Səhər saat 8:05 radələrində Fövqəladə
Hallar Nazirliyinin 4 ədəd helikopteri mən daxil 15 xilasedici ilə
birlikdə hadisə yerinə yollandıq.
– Siz orda rəhbərlik edirdiniz?
– Bəli. Mən orda rəhbərlik edirdim. Xilasediciləri iki qrupa
ayırdıq və qrupları iki ayrı helikopterə yerləşdirdik. İkinci
xilasetmə qrupuna rəhbərliyi özüm edirdim. Hadisə yerinə 25-30
dəqiqəyə getdik. İlk olaraq ərazi üzrə kəşfiyyat aparıldı. Ona görə
ki, hadisənin baş verdiyi yerdə alov çox yüksəklərə qalxırdı. Mənim
olduğum helikopter iki dəfə ora yaxınlaşmağa cəhd etdi. Amma buna
nail olmadı. Nəticədə helikopterin biri 5 saylı, ikincisi isə 3
saylı blokun üzərinə oturdu. Ordan bəzi məsləhətlər, göstərişlər
aldıq. Bizə bildirdilər ki, "AZAL"a məxsus bir ədəd sərnişin
helikopteri gələcək. Onunla siz havaya qalxırsız. Helikopter gəldi
və biz o hekopterə mindik. Helikopter bizi birbaşa yanan bloka
apardı. Qeyd edim ki, bizə bildirilmişdi ki, helikopter yalnız
orada 5-6 saniyə qalacaq və bu müddət ərzində helikopterdən
enməlisiniz. Çünki helikopterin orda dayanması çox təlükəli idi.
Sonda mən daxil helikopterdə olan bütün xilasedicilər
avadanlıqlarla bərabər aşağı tullandıq. Tullandıqdan sonra
helikopter ərazini tərk etdi. Digər qrup xilasedicilər isə "Müslüm
Maqomayev" adlı gəmilə yanan platformaya gətirildi. Ümumilikdə 15
nəfər xilasedici ilə birlikdə əməliyyata başladıq. O zaman başa
düşdüm ki, biz çox təhlükəli bir ərazidəyik. Bizi orda ilk olaraq
üç insan qarşıladı, hansı ki, platformanın üstündə qalmışdılar.
Onlar xilasedici qayıqlara minməmişdirlər. O üç nəfər platformada
qalırdı. Onlar orda idilər.