Gürcüstan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonenin Tiflisdə keçirilən hökumət əleyhinə aksiyada iştirakı ilə bağlı ATƏT Katibliyinə etiraz notası göndərib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatında deyilir.
Bildirilib ki, Elina Valtonen oktyabrın 14-də rəsmi səfərinin proqramından kənara çıxaraq azsaylı etirazçılara qoşulub və Tiflisin əsas prospektini qanunsuz şəkildə bağlayan qrupla birlikdə reallığı əks etdirməyən açıqlama verib.
Gürcüstan XİN bu addımı beynəlxalq ictimaiyyəti ölkədəki vəziyyət barədə çaşdırmaq cəhdi kimi qiymətləndirib. Qurumun bəyanatında qeyd olunub ki, bu davranış ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və sədrin mandatından sui-istifadə kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, hadisədən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.