Telekanallarımızda teleserialların çəkilişi Milli
Televiziya və Radio Şurasının xarici teleserialların Azərbaycanda
yayımının dayandırması ilə başladı. Bir boşluq yarandı və biz bu
boşluğu doldurmaq üçün teleserialların çəkilişinə dəstəklə bağlı
Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdik, dövlət başçısı
da müraciətimizə müsbət cavab verdi.
Bunu APA-ya
açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmli deyib ki, ilk dövrdə bu məsələ ölkədə teleserial
çəkilişi ilə bağlı müəyyən bir canlanma yaradıb: "Çoxlu sayda insan
teleserialların çəkilişinə cəlb olundu və bu sahə bir struktur kimi
inkişaf etməyə başladı. Müəyyən müsbət irəliləyişlər oldu. Təbii
ki, nöqsanlar da çox idi. Düzdür, hər bir seriya üçün ayrılan 3,5,
10 min manat vəsait az idi, amma buna baxmayaraq müəyyən
irəliləyişlər var idi. Keyfiyyət baxımından problemlər olsa da,
kəmiyyət baxımından teleməkanda teleseriallarla bağlı problem
aradan qalxmışdı. Amma buna baxmayaraq, təəssüf ki, telekanallara
bu məqsədlə verilən vəsait telekanallarda lazımınca, hətta bəzən
təyinatı üzrə istifadə olunmadı. Biz bunu gördük, hiss etdik və
buna qarşı da tədbirlərimizi artırdıq. Hesab edirəm ki,
telekanallar bu məsələyə laqeydliklə, biganəliklə yanaşdılar və
həmin vəsaitlər səmərəli, tam düzgün istifadə olunmadı".
N. Məhərrəmli qeyd edib ki, telekanallarımızda teleseriallarla
bağlı mövcud vəziyyət MTRŞ-i teleserialların çəkilişi ilə bağlı
Azərbaycan prezidentinə yenidən müraciət etməyə məcbur edir: "Son
zamanlar Azərbaycan teleməkanında teleserialların azlığı görünür,
hiss olunur. Həm də bu sahəyə, teleserialların çəkilişinə cəlb
olunmuş insanlar bir növ iş yerlərini itirmiş sayılırlar. Çoxsaylı
ssenari müəllifləri, rejissorlar, operatorlar bir növ işsiz
qalıblar. Hesab edirəm kim, bu sahə ilə bağlı dövlət lazımi
addımları atmalıdır. Milli Televiziya və Radio Şurası bu sahədə
müəyyən işlər görəcək".
MTRŞ sədri cizgi filmlərinin çəkilişinin də ciddi bir məsələ
olduğunu vurğulayıb: "Milli Televiziya və Radio Şurası çoxdandır
ki, bu məsələni ortaya qoyur, amma çox təəssüf ki, hələ də bu
məsələ həllini tapmayıb. Milli Televiziya və Radio Şurası yenidən
Azərbaycan prezidentinə cizgi filmlərinin çəkilişinə dəstəklə bağlı
müraciət etməyi düşünürük".