"Sənə bu qədər təşkilata
rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi
bacarmalısan. Hərdən o
qədər də xoş olmayan qərarları da. Yazıçılar Birliyində də,
"Pen-klub"da da, "Neftçi"də də, Beynəlxalq Qara dəniz və Xəzər
dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda da..."
Möhtəşəm yazıçımız Çingiz Abdullayevin yuxarıdakı təsirli
yanğısını son dövr Azərbaycan sosial reallığına verilən adekvat
qiymət saymaqda səhv etdiyini düşünmürük. İş yeri itkisi gerçəkdən
də bütün formasiyalarda ölüm hökmünə yaxın tutulub. Məgər yoxsulluq
məngəsinə atılan insanların mənəvi və fiziki məşəqqətləri təkcə
yazıçılarınmı baş qayğısıdır?
Viktor Hüqonun qəhrəmanlarını hərdən çevrəmizdə gördükcə heç bir
ədəbi keyfiyyəti daşımadan onların psixoloji halına və öləziyən
ruhuna yanmaya bilmirsən. Kapitalist cəmiyyəti üçün Marksın təsvir
etdiklərini indi solçular hər addımda liberal iqtisadiyyatı
tərənnüm edənlərin gözünə pərçim etməyə çalışır. Lenin həmin
ümidsiz və qollarında yoxsulluq zənciri gəzdirənlərlə çarizmi
taxtdan salmışdı.
Hər halda fəhlə-kəndli sinfinin balası olan görkəmli bir qələm
adamımızın lümpenlərə rəhm və himayəçilik göstərməsi az qala
"Çingizin siyahısı" adlana bilərdi. Axı adam vaxtilə Polşada
gettolarda aclıqdan və səfalətdən kütləvi məhv edilən yəhudilərin
bir qismini xilas edən Oskar Şindler qədər öz xalqını müxtəlif
çətinliklərdən qorumağa çalışırdı. Sovet yaddaşımızda dərin izlər
buraxan bir qəhrəmanın indiki davamçısı faşizm təhlükəsi olmasa da,
kapitalizm adlı canavarın sərt caynaqlarından öz soydaşlarını ala
bilirsə, bunu yalnız alqışlamaq lazımdır.
Amma deyəsən, bütün siyasi detektivləri kimi, yazıçı öz
personajlarını konkret sadaladığı qurumlardan deyil, içərisində
yaşadığı cəmiyyətdən götürüb. Gəlin razılaşaq ki, hörmətli qələm
adamımız axırıncı hayqırtısı ilə başqa vəzifə sahiblərini insan
taleləri ilə ehtiyatla davranmağa çağırarkən sadəcə ədəbi priyom
işlədib. Çünki elə olmasaydı, "Neftçi"dən verilən bəyanatda
deyildiyi kimi, orada kimisə ixtisara salmağa səlahyyəti
çatmadığından, Yazıçılar Birlyində hörmətli Anar müəllimin öz
müdrik və tarazlayıcı rəhbərliyini uğurla davam etdirməsindən,
Pen-klubdakı tənhalıq vəziyyətindən və digər ictimai vəzifələrdən
məmurlara görk edəcək heç bir imkanı olmayıb. Daha sadə dillə
desək, sən demə, Çingiz müəllimin özü də "işsiz imiş".
Bütün bunlara rəğmən ona sevgimizi izhar edən bir çıxışla siyasi
məclisimizdə çağırışda bulunmuşduq: qoy məmurlar və xalq
təmsilçiləri də prezidentin dövlət və özəl şirkətlərə müraciətinə
qoşularaq iş yerlərini ixtisara salmaqdan daşınsınlar, yaxud yeni
fürsətləri tanıyaraq əlavə zəbt etdikləri ştatları boşaltmaqda
tərəddüd göstərməsinlər.
Stalinli müharibə keçmişimizin nümunəvi tarixçəsini indi
xatırlamaqda pis nə ola bilərdi ki! Məsələn, birinizin iki geyimi
varsa, gəlin onu ehtiyacı olan başqası ilə bölüşək. "Şərikli çörək"
şirin olmazmı?
İndi sizə çıxışımın videostenoqramını təqdim edirəm. Orada əsas
ağırlıq mərkəzinin məhz həmkarlarıma və məmurlara yönəldiyini
görməmək mümkün deyil. Çingiz Abdullayevi "ünlü simamı"mız
adlandıraraq onun əsərlərinin külliyatı üzərində bir millətin neft
və qazdan savayı dünyaya həqiqi ədəbiyyat çıxardığını deməkdə
cinayətmi etmişik? Yaxud da qazandığı oxucu rəğbətini vurğulayarkən
hansı məkrli planı cızmağa çalışmışıq?
Tanınmış yazıçımızı ictimai hərəkatın önünə çıxarmaq istəyərkən
bir penniyə dəyməyən klubun qəzəbli açıqlaması qəzəb saçan çinovnik
naturası ilə qarşımıza çıxdı. Əfqanıstandan BMT-nin Baş Məclsinə
qədər geniş bir coğrafiyada yol qət edən adamın - Çingiz
Abdullayevin içərisində ədəbi dünyadan daha çox kütlələrə inzibati
rəhbərlik etmək istəyi də yetərincə çox imiş. Sən demə, "məmurlar
və deputatlar 2-3-cü vəzifələrindən kənarlaşıb parlamenti
peşəkarlar məclisinə çevirsinlər" çağırışı cəmiyyət tərəfindən də
müdafiə olunmurmuş. Elə isə rektorlarımızı yerlərindən niyə
tərpədirdik ki? Böyük Heydər Əliyevin ensiklopedik şəxsiyyətimiz
Azad Mirzəcanzadəni yanına çağırıb vəzifə adamlarının elmi adlara
doğru başlayan yarışını durdurmağı tapşırması indi bir daha əsil
uzaqgörənlik nümunəsi qənaətini möhkəmləndirir. Halbuki bir nazirin
və ya millət vəkilinin əlində saxladığı əlavə kafedra müdirliyi
yerini tutmağa layiq olan o qədər gənclərimiz təhsil
müəssisələrində növbələrini gözləməkdən yorulublar ki!
Hər halda Sezar Romasının senatorları bir neçə kreslo tutmaları
ilə öyünmürdülər. Bəs yazıçılarımız necə, titullar üçün çoxmu
"ictimai vəzifələr"lə yüklənmək istəyəcəklər?
"Komissar Katani"liyə iddialı olan bir vəkil prokuror üslubu ilə
məni dövlətin məkrli planını yazıçımıza qarşı həyata keçirməkdə
qınamışdı. Sən demə, "məmurlara üsyan qaldıran inqilabçı yazarı"
susdurmaq üçün belə bir plan hazırlanıb. Onun virtual divarında -
sosial mediada ünvanıma hər cür təhqiri yağdırmışdılar. Lakin
oradakı çamur şparqalkaları bizdən daha çox asıldığı divarı gözdən
salırdı. Çingiz Abdullayevin əsərlərini oxuyanların niyə elə
söyüşcül və kor nifrətə büründüklərini təyin eləmək çox çətin idi.
Axı ədəbiiyyatın funksiyası həm də insanları tərbiyə etməkdir.
Çingiz Abdullayevin işığının cazibəsinə toplaşanların belə kobud
üslubu kimin nüfuzuna daha çox zərbə vurur?
İndi müstəvinin belə ustalıqla dəyişdiyi şəraitdə - yəni bizim
xoş məramımızla hökumətə müraciət edib min iş yeri yaratmaq üçün
olan gözəl fürsəti qaçırdıq və istəmədən Çingiz müəllimlə üz-üzə
qaldıq. Halbuki yazıçı özünü bəşəri və milli ideyalar naminə qurban
verərək ilk cığıraçan rolunda tərəddüd göstərməməliydi. Onsuz da
keçmiş prezident İlion İliyesko kimi hakimiyyət iddiasına malik
olmayan bir adamın ən azı 4 vəzifəsi onun dünyəvi şöhrəti və
kütləvi sevgi ünvanı olmasının yanında heç nədir. Bəs onda başqa
bir ÇA-nın - türk dünyasının nəhəngi Çingiz Aytmatovun döş
nişanları və titullarının həsrətini çəkmək kimə gərəkdir?
Görkəmli qırğız yazıçısının 5 dəfə SSRİ Millətlər Sovetinin üzvü
seçilməsi, 9 dəfə eyni uğuru Frunze-Bir may seçki dairəsində
yaşaması, Kompartiyanın üzvü olması, Prezident Şurasında
təmsilçiliyi, İssıq-kul hərəkatının təşəbbüskarına çevrilməsi,
"Xarici ədəbiyyat" jurnalına baş redaktorluğu və daha onlarla
ictimai missiyası bir "Köşək gözü"nün (əsərin adı - Z.O) ədəbi yükü
ilə eyni çəkiyə gəlməz. Hər halda Tolstoy həyatının sonunu Yasnaya
Polyanada keçirəndə və bütün varını kəndlilərə paylayanda
əsərlərinin fikir dəyəri dünyəvi ölçüdə hesablanırdı və qoca yazıçı
akademiyaları, yaxud nobelləri düşünmürdü. Yaxud Qabriel Qarsianın
həyatı boyu bir qəzetin köşə yazarlığına sığınması onu ədəbi
patriarxa çevrilməyə mane olmadı və yüz ilin tənhalığından
qorudu.
Lakin biz yazıçını yoxsul deyil, varlı görmək istəyirik. Ona
görə də hörmətli Çingiz müəllim, sizi ideallaşdırarkən öz
yaratdığınız qəhrmanlara bənzəməyinizi arzulayanda heç bir günah
işlətmədiyimizi düşünmüşdük. Məgər Dronqo da sizi kimi "mətbuat
xidməti" vasitəsilə danışardı?
Hər halda siz "Qorbaçovu xilas edərkən, Rusiyada itən nüvə
silahlarını ələ keçirməyə yardımçı olarkən, yaxud Sicilya
mafiyasına öldürücü zərbələr vurarkən" oxucunun qəlbində qoyduğunuz
dərin izləri belə asanlıqla silə bilməzsiniz. Dronqo cəsur,
tədbirli bir xəfiyyə gücü ilə hətta ən məxfi əməliyyatları açarkən
xeyirxahlığından da bir an geri çəkilmirdi. Elə isə öz qəhrəmanına
bənzəməyən yazıçını görməkdən acı heç nə yoxdur.
Biz ki siyasi detektivlik edib neft pullarından Müşahidə
Şurasına düşən qəlpələrin son ünvanına necə getdiyini
aydınlaşdırmağa və oradakı ikili müsahibatlğa baş vurmağa cəhd
göstərməmişdik! Yaxud, Yazıçılar Birlyində iki sürücü və iki
katibəyə malik olan adamların da peşində deyildik. Bunlar yalnız
sizin növbəti gözəl romanlarınızın süjeti kimi maraqlıdır. Ona görə
Dronqo Çingiz Abdullayevə qalib gəldi və mənim gözümdə bir daha
yüksəldi. Sizin qəhrəmanınız mənim çıxışımın orijinalına baxmadan
sarkastik ruhda hərəkət etməzdi.
"Detektiv krallığı" çox yaxşı vəzifədir və bütün rütbələrdən
yuxarıdadır. Dronqo hər halda Züqanov kimi danışıb, Abramoviç kimi
yaşamaq istəməzdi. Məgər Nizami Gəncəvi Neftçinin Müşahidə Şurasına
can atardı? Əlbəttə, brend olan bir ismin hətta idman simamızın
üstündə olmasından yalnız fəxarət hissi keçiririk. Lakin Məhəmməd
Fizuli siyasi detektivlik edib, gedib hörmətli Artur müəllimdən 200
min manatlıq layihə istəməzdi.
Ona görə sizə olan böyük sevgimizə qəzəblə və ironiya ilə cavab
vermək şəxsinizə yaraşmadı. Çevrənizə əsil xalq adamlarının
yığıldığını onda biləcəksiz ki, onlar peyğmbərlərin həvariləri kimi
hər kəsi hörmət və ehtiramla cavablandırmaq istəsinlər. Yoxsa
kitablarınızla adamları döyməyə qalxanda, əsərlərinizin çəkisini
vətəndaşın fakturasından yuxarıda tutanda ədəbiyyat müqəddəsliyini
itirir.
Məgər daşıdığınız 18 vəzifənin şöhrətindən və cazibəsindən bir
ilahinin verdiyi qələmin mükafatı böyük deyilmi? Sizə ehtiramımız
gerçəkdən də böyükdür.
Lakin unutmayın, Allahın təkcə bir vəzifəsi var - o da
bəşəriyyətin və ya insanlığın qorunması!
Hə, doğrudur, Tanrı da ictimai əsaslarla işləyir!