Prezident Administrasiyasının hüquq-mühafizə orqanları
ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Masallıda rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Axar.az xəbər verir ki, Masallı Rayon Mədəniyyət Mərkəzində
keçirilən görüşdə çıxış edən PA rəsmisi bildirib ki, Prezident
İlham Əliyevin tapşırığına əsasən hakimiyyət nümayəndələrinin
regionlarda vətəndaşlarla birbaşa təmasları yaxşı ənənə halını
alıb. Bu, dövlət məmurlarına bölgələrdəki vəziyyətlə, yerli
sakinlərin üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq,
onlarla canlı ünsiyyət qurmaq və mövcud problemlərinin həllində
insanlara yardımçı olmaq baxımından mühüm əhəmiyyət kəsb edir:
"2015-ci il Azərbaycan üçün bütün sahələrdə çox əlamətdar bir il
olub. Ölkəmizin Avropanın qaz təchizatında mühüm rolunu təmin
edəcək "Cənub" qaz dəhlizinin icrası istiqamətində atılan addımlar,
Azərbaycanın özünü Şimal-Cənub və Şərq-Qərb marşrutu üzrə çox güclü
tranzit ölkə kimi təqdim etməsi nəticəsində respublikamız
əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib.
2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1 faizdən çox,
sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd
təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara
yaxın sərmayə qoyulub. Keçən il üçün nəzərdə tutulmuş bütün sosial
proqramlar icra edilib, insanlara verilən ünvanlı dövlət sosial
yardımı 7 faiz artırılıb. Ümumiyyətlə, sosial proqramların həyata
keçirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Son 12 ildə
ölkəmizdə 1 milyon 500 min iş yeri yaradılıb və bunların 1 milyonu
daimi iş yeridir. Bu dövr ərzində ölkəmizdə maaşlar 5 dəfə,
pensiyalar 7 dəfə artıb".
Prezident Administrasiyasının rəsmisi görüş iştirakçılarını
ictimai-siyasi sabitliyin, ictimai təhlükəsizliyin qorunması
istiqamətində əldə olunan nəticələrlə bağlı da məlumatlandırıb.
Diqqətə çatdırıb ki, ötən il əhalinin hər 100 min nəfərinə 277
cinayət hadisəsi düşüb. Bu göstəriciyə görə də Azərbaycan MDB və
Avropa ölkələri arasında öncül mövqelərdən birini tutur. Digər
mühüm göstərici ölkə ərazisində törədilmiş 23545 cinayətin 82,4
faizinin açılması olub. 2015-ci ildə daxili qoşunların
maddi-texniki hazırlığının artırılması, onun üçün müasir texnikanın
əldə edilməsi, daxili qoşunlarda intizamın və döyüş hazırlığının
gücləndirilməsinə böyük diqqət yetirilib:
"2015-ci ildə Masallı rayonunda da cinayətkarlıqla effektiv
mübarizə aparılıb. Rayon ərazisində törədilmiş 334 cinayətin 93,2
faizi açılıb ki, bu da çox yaxşı göstəricidir".
Dövlət proqramları çərçivəsində Masallı rayonunun inkişafı üçün
də önəmli işlər görüldüyünü diqqətə çatdıran Prezident
Administrasiyasının rəsmisi deyib:
"Son 12 il ərzində Masallıda 47 məktəb binası, 3 uşaq bağçası,
22 həkim və tibb məntəqəsi, Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin Masallı rayon filialı, 2 sahə xəstəxanası,
15 kitabxana, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Evi, Gənclər
Mərkəzi və bir sıra idman kompleksləri tikilmiş və ya əsaslı təmir
olunaraq istifadəyə verilib. Tezliklə Tarix Diyarşünaslıq Muzeyi və
Uşaq İncəsənət Məktəbinin də inşası başa çatdırılacaq. Rayonda
qazlaşma 90 faizə çatdırılıb, 70 km uzunluğunda kəndlərarası yollar
asfaltlaşdırılıb, 11 hektar istixana təsərrüfatı və 50 hektar
çayçılıq plantasiyası salınıb. Hazırda rayonda su-kanalizasiya
sisteminin çəkilişi başa çatmaq üzrədir. Masallı rayonunda bu günə
qədər mərkəzləşdirilmiş su-kanalizasiya sisteminin olmadığını
nəzərə alsaq, bu olduqca mühüm hadisədir.
Dünyada baş verən iqtisadi böhran ölkəmizə də təsirsiz
ötüşməyib, ölkənin gəlirlərinə mənfi təsir göstərib, manatın
dəyərdən düşməsinə səbəb olub. Bu prosesə baxmayaraq, dünyada
böhranın başlandığı ilk günlərdən Prezident İlham Əliyev böhranın
Azərbaycan vətəndaşlarına təsirinin minimuma endirilməsi üçün bütün
zəruri addımları atıb. İlk növbədə istehlak məhsullarının
qiymətlərinə ciddi nəzarət etmək, süni qiymət artımı hallarının
qarşısını almaq barədə tapşırıqlar verib.
Ölkəyə gətirilən buğdaya, un və çörək istehsalına görə tətbiq
olunan əlavə dəyər vergisi Prezidentin göstərişi ilə ləğv edilib və
bunun nəticəsində çörəyin qiymətində artımın qarşısı alınıb. Eyni
zamanda, dövlətimizin başçısının imzaladığı sərəncamlarla büdcədən
maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar,
müavinətlər, təqaüdlər artırılıb. 2016-cı ilin yalnız yanvar ayında
əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 20-dən çox
fərman və sərəncam imzalanıb. Bununla da Prezident İlham Əliyev
vətəndaşların sosial rifah halının onun üçün hər şeydən üstün
olduğunu əyani şəkildə göstərib.
2016-cı ildə Masallı rayonunda da yerli istehsalın, turizmin
inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm işlərin
görülməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat Nazirliyi
tərəfindən Masallı rayonunda 10 hektar ərazidə sənaye məhəlləsinin
salınması ilə bağlı təkliflər hazırlanır. Müxtəlif çeşiddə
məhsulların istehsalı üçün zəruri infrastrukturun inşa ediləcəyi bu
məhəllədə 300 nəfərə yaxın sakin işlə təmin ediləcək. Rayonda daha
50 hektar çayçılıq plantasiyasının salınması planlaşdırılır.
Bununla çayçılıq plantasiyalarında çalışanların sayı 500 nəfərdən
artıq olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün
"Azərsun" şirkətinə əlavə torpaqların ayrılması nəzərdə tutulub ki,
bununla da istehsalın daha da genişləndirilməsi və yeni iş
yerlərinin açılması təmin ediləcək. Masallı rayonunda "Nur-M"
konserv zavodunun fəaliyyətinin bərpası üçün işlər görülür. Zavodun
fəaliyyətinin bərpası ilə ilkin olaraq 1000 nəfərin işlə təmin
edilməsi, sonradan isə bu rəqəmin daha da artırılması mümkün
olacaq. Hazırda Masallı rayonunda turizm sektorunun inkişafı üçün
layihələr nəzərdən keçirilir. Vaxtilə rayonda yerləşən "İstisu"
sanatoriyası ümumittifaq əhəmiyyətinə malik idi. Bu sanatoriyanın
dirçəldilməsi, ümumiyyətlə Masallı rayonunda turizmin inkişafı
yerli əhalinin işlə təmin edilməsi, rayona daha çox turistin cəlb
edilməsi, beləliklə də insanların gəlirlərinin artması baxımından
çox əhəmiyyətlidir. 2016-cı ildə Masallıda Bayraq meydanının, 100
nəfərlik uşaq bağçasının və digər sosial obyektlərin açılması da
planlaşdırılıb. Bununla yanaşı, Masallı Olimpiya Kompleksindən
başlayaraq şəhərə yeni giriş – eni 14 metr, uzunluğu 3,3 km olan
müasir Nizami prospekti də inşa edilir".
F.Ələsgərov çıxışını bu sözlərlə tamamlayıb: "Hazırkı dövrdə hər
bir hakimiyyət nümayəndəsi öz məsuliyyətini dərk etməli, xalqın
problemlərinin həll olunması üçün xüsusi həssaslıq nümayiş
etdirməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət
məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə
olmalıdırlar. Bununla biz xalq-iqtidar birliyini daha da
gücləndirərək dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan
vəzifələrin icrasına nail olacağıq".