Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində
yaradılmış ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron
Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı
olub.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, tədbirdə naziri
Səlim Müslümov çıxış edərək, "Elektron hökumət" portalı üzərindən
qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün
müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin
olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət
edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış
şəraitdə həyata keçirilməsinə imkan verdiyini vurğulayıb.
Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı
dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil
telefonlar və s., habelə bu məqsədlər üçün xüsusi olaraq poçt
şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə "Elektron
hökumət" və ya Nazirliyin "Elektron xidmətlər" portallarındakı
"Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti
vasitəsilə müraciət edə bilərlər:
"Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü
müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin
ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması
üçün lazım gələn arayış və məlumatlar aidiyyəti qurumların
informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial
yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam
məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı
elektron qaydada "Ərizə-bəyannamə"də qeyd etdikləri məlumatlar
sistem tərəfindən avtomatlaşdırılmış şəkildə yoxlanılacaq. Əgər
uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması
barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin
olunmasından imtina ediləcək".
S.Müslümov diqqətə çatdırıb ki, sosial yardımın təyin olunması
barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə
müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan
alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə
qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə
qərarın çıxarıldığı gün təmsilçinin "Ərizə-bəyannamə"də qeyd etdiyi
əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək.